İnsanlara hürriyət, millətlərə istiqlal!

Kraldan Trampa ŞOK XƏBƏRDARLIQ - Əş-Şaraaya qarşı SUİ-QƏSD PLANI

Ötən həftə demokrat senator Cin Şahin sensasiyalı bəyanatla çıxış edib. Onun sözlərinə görə, İordaniya kralı II Abdullah may ayının əvvəlində Donald Trampla görüşü zamanı ABŞ tərəfini Suriyanın yeni lideri Əhməd Əş-Şaraaya qarşı planlaşdırılan sui-qəsd barədə xəbərdar edib.

Senator qeyd edib ki, İordaniya monarxı Trampı inandırmağa çalışıb ki, Əş-Şaraanın aradan götürülməsi Suriyada yeni zorakılıq dalğasına və növbəti vətəndaş müharibəsinə səbəb ola bilər ki, bunun nəticələri qonşu ərəb ölkələrinə də yayıla bilər.

Şahinin sözlərinə görə, ABŞ Prezident Administrasiyasında Suriyanın yeni liderinin fiziki cəhətdən aradan qaldırılması məsələsi doğrudan da müzakirə olunub.

“Administrasiyanın xarici siyasətinə cavabdeh bəzi dairələrdən eşitdiyim bəyanatlar məni narahat edir”, – deyə senator Senatda keçirilən dinləmələrdə bildirib.

Onun sözlərinə görə, müzakirə olunan variantlardan biri guya Suriyanın yeni rəhbəri Əhməd Əş-Şaraanın öldürülməsi olub.

Məhz İordaniya kralı Əş-Şaraa üzərindəki təhlükə barədə Trampı xəbərdar edib.

Bir çox ekspertlər senatorun bəyanatını Yaxın Şərq liderlərinin prezident Əş-Şaraaya siyasi şans vermək üçün Ağ Evə birbaşa lobbiçilik təzyiqinin təsdiqi kimi şərh ediblər. Ər-Riyada səfəri zamanı Tramp özü etiraf edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Suriyaya qarşı 1979-cu ildən tətbiq edilən və 2011-ci ildə sərtləşdirilən Amerika sanksiyalarının ləğvini israrla tələb ediblər. Trampın sözlərinə görə, hər iki lider ona gələcək Suriya siyasəti ilə bağlı zəmanət veriblər.

Beləliklə, artıq Suriyanın normallaşması üçün çalışan Türkiyə və Səudiyyə Ərəbistanına, görünür, birbaşa qonşu olan İordaniya da qoşulub.

Cin Şahinin bəyanatından az sonra Donald Tramp gözlənilmədən Suriyaya qarşı bütün Amerika sanksiyalarını ləğv etdiyini elan etdi. Bu qərar onun administrasiyası daxilində, o cümlədən Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və ABŞ-ın Yaxın Şərqdəki müttəfiqləri arasında şok effekti yaratdı. Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökuməti xüsusilə sərt reaksiya verib.

Ankaradakı diplomatik mənbələrin Haqqin.az-a verdiyi məlumata görə, Ərdoğan və Bin Salman Trampın planlarından əvvəlcədən xəbərdar olublar. Lakin rəsmi açıqlamadan cəmi bir neçə gün əvvəl Dövlət Departamentinin Suriya üzrə məsləhətçiləri öz Yaxın Şərq həmkarlarını, o cümlədən Türkiyədəki rəsmiləri sanksiya təzyiqi xəttinin davam etdiriləcəyi ilə bağlı məlumatlandırırdılar.

Administrasiya daxilində sabotaj?

Trampın bəyanatından sonra Türkiyənin Antalya şəhərində Türkiyənin xarici işlər naziri Hakan Fidan, ABŞ dövlət katibi Rubio və Suriya xarici işlər naziri Asaad Əş-Şibani arasında görüş keçirilib. Görüşdə münasibətlərin normallaşdırılması üçün yol xəritəsi müzakirə olunub.

Lakin Ankaradan daxil olan məlumata görə, ABŞ Milli Təhlükəsizlik Şurası daxilində gərginlik artır. İddialara görə, bəzi üzvlər prezidentin fərmanının icrasını texniki səbəblərə istinad edərək gecikdirməyə çalışırlar.

Demokrat senator Kris Mörfi bu məsələyə münasibət bildirərək, administrasiya daxilində prezidentin qərarına qarşı sabotaj olduğunu açıq şəkildə deyib. ABŞ-ın Suriyadakı keçmiş səfiri də vəziyyəti şərh edərək bildirib ki, prezident Suriyaya yeni səhifə açmaq üçün qızıl şans verib.

Məlumata görə, Ağ Evin əsas şərtlərindən biri Əş-Şaraanın Suriyadan bütün xarici döyüşçüləri çıxarması və İŞİD qalıqlarına qarşı mübarizəni gücləndirməsi olub. Ər-Riyadda Tramp həmçinin Əş-Şaraa ilə Suriya-İsrail münasibətlərinin normallaşması imkanlarını da müzakirə edib.

Görüşün yekun protokoluna əsasən, Tramp Suriyanın prezidentinə deyib: “Ümid edirəm, vəziyyət sabitləşəndən sonra İsraillə münasibətlərin yaxşılaşdırılması prosesinə qoşulacaqsan”.

Əş-Şaraa isə cavabında bildirib: “Bəli, amma qarşıda hələ çox iş var”.

Bəzi mənbələrin məlumatına görə, ABŞ-ın təşəbbüsü ilə Birləşmiş Ərəb Əmirlikləri artıq Suriya ilə İsrail arasında dolayı danışıqlara başlayıb. Xatırladaq ki, İsrail hələ də Suriyanın cənub-qərb hissəsini (xüsusən Qolan Təpələri) nəzarətdə saxlayır və hələ 2025-ci ilin əvvəlində Tramp administrasiyası Qüdsü və Ankaranı regionda gərginliyi azaltmağa inandırmağa başlayıb.

Ankaranın təkidi ilə 2024-cü ilin dekabrında Co Bayden administrasiyası əvvəllər Əş-Şaraanın ələ keçirilməsi üçün təyin etdiyi 10 milyon dollarlıq mükafatı ləğv edib. Lakin ABŞ prezidenti ilə görüş və rəsmi danışıqlara baxmayaraq, Əş-Şaraa hələ də Amerikanın “qlobal terrorçular” siyahısında qalır. Bununla belə, analitiklər hesab edir ki, sanksiyaların ləğvindən və danışıqlar prosesinin başlamasından sonra bu statusa yenidən baxılacaq.

Hazırda Əhməd Əş-Şaraanın əsas xarici siyasət müttəfiqi Türkiyədir. Lakin son aylarda o, Fars körfəzi monarxiyaları ilə əlaqələrini fəal şəkildə genişləndirir ki, bu da onu beynəlxalq təcriddən çıxarmağa və yeni Suriya üçün daha balanslı tərəfdaşlıq qurmağa yönəlib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 May 2025

BÜTÜN XƏBƏRLƏR