İnsanlara hürriyət, millətlərə istiqlal!

Korrupsioner Şvabenin haqsız tələbi... – AŞPA niyə qaşınmayan yerdən qan çıxarır?

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində bunun əksini müşahidə etdik.

Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra ona qarşı Qərbin davamlı hücumu başladı. Özü də elə bir hücum ki, sanki Qərbin institutları bunu etmək üçün növbəyə durmuşdular. Fransanın xüsusi səyi ilə anti-Azərbaycan qərarlar qəbul olunurdu. AŞPA isə bu hücumda ön sırada dururdu.

Çünki Azərbaycanın Vətən müharibəsində qalib gəlməsi və antiterror əməliyyatı ilə ərazilərini revanşistlərdən təmizlənməsi Qərbin heç cür maraqlarına cavab vermirdi. Bunu bəzən açıq şəkildə ifadə edir, bəzən isə müxtəlif təzyiqlərlə biruzə verirdilər.

Belə fəaliyyətə təşkilatın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsini göstərmək olar. Erməni lobbisinin təsiri altında olan almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəkləndi və Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırıldı.

Bəs bunu Frank Şvabe və onun kimilər nə ilə əsaslandırdılar? Azərbaycan guya Qarabağdan erməni sakinləri zorla çıxarıb. Bəs bununla bağlı fakt, sübut hanı? Bölgəyə gedən BMT missiyasının hesabat və monitorinqlərində bununla bağlı bir cümlə də yoxdur. Hələ bu azmış kimi Azərbaycan ərazisində terror törətmiş və barələrində məhkəmə qərarı olmayan şəxslər “siyasi məhbus” adlandırıblar.

frank-svabe.jpg (67 KB)
Frank Şvabe

AŞPA-nın narazı olduğu məqamlardan biri də fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinə dəvət almaması ilə bağlı idi. İndi də bu tip narazılıqları davam etdirir. Frank Şvabe "Azadlıq Radiosu"na müsahibəsi zamanı yenidən ölkəmizi hədəf alıb, rəsmi Bakını Avropa Şurasında üzvlükdə maraqlı olmamaqda ittiham edib. O, Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq qalmamaqda günahlandırıb.
Misal olaraq Avropa Şurası Parlament Assambleyasının Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasını göstərib və bu qərarı pisləyib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib.

Azərbaycan XİN-in nümayəndəsi Ayxan Hacızadə deyib ki, AŞPA müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir:

64ed83e0390ca.jpg (82 KB)
Ayxan Hacızadə

“Azərbaycan-Rusiya münasibətlərindən narahatlıq ifadə edən Şvabenin Almaniyada və AŞ PA-da Rusiya ilə əməkdaşlıqda olan, hətta bu gün Rusiyanın "Qazprom" şirkəti ilə yaxından əməkdaşlıq edən şəxslərdən danışması yerinə düşərdi. Bununla yanaşı, Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyinin bu prosesə aidiyyəti olmayan siyasi motivlərlə şərtləndirilməsi, ölkəmizin öhdəliyi daxil olmaqla, iqlim dəyişikliyi ilə mübarizənin mahiyyətinə zidd fikirlər səsləndirilməsi Şvabenin Azərbaycana qarşı qərəzini növbəti dəfə nümayiş etdirir".

Qərbi Azərbaycan İcması Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) təmsil olunan qüvvələrdən Azərbaycana qarşı ayrı-seçkiliyə son qoymağı tələb edib.

"AŞPA-nın 24 yanvar 2024-cü il tarixində qəbul etdiyi anti-Azərbaycan qətnaməsi bu bədnam kampaniyanın pik nöqtəsidir. Müxtəlif siyasi donlara girən, əslində isə ifrat millətçi olan bir ovuc ünsürün qəbul etdiyi qətnamənin mətnindən də bu kampaniyanın əsl motivi aydın görünür – Azərbaycanofoblar ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmirlər. Azərbaycan tərəfi özünün milli maraqlarına söykənərək Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı çıxan, irqi ayrı-seçkiliyə yol verərək Avropa İnsan Hüquqları Konvensiyasını pozan məlum AŞPA üzvlərini arzuolunmaz şəxslər elan etmişdir. İrqçiləri ifşa edən bu qərar Azərbaycanın suveren haqqıdır və insan hüquqlarının təşviqinə xidmət edir".

Qeyd edilib ki, AŞPA-nın sədri, Yunanıstan parlamentinin üzvü Teodoros Rousopoulosun və Azərbaycanofob Frank Şvabenin Azərbaycanın sözügedən qərarına münasibətdə ifadə etdikləri qəbuledilməzdir.

1706635729__20240130_212614.jpg (63 KB)
Teodoros Rousopoulos

"Son 30 il ərzində Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağırmayan, 21-ci əsrdə, bir ölkənin paytaxtında “Türksüz Ermənistan” şüarı ilə keçirilən çoxminli aksiyaları pisləməyən, qayıdış hüququnun yalnız ermənilərə aid olduğunu təbliğ edən, qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı çağırış etməyən AŞPA-ya və bəzi Qərb təsisatlarına yığışmış bu “insan hüquqları aşiqləri”nin qərəzli fikirləri Azərbaycan xalqı üçün heç bir dəyər kəsb etmir".

Göründüyü kimi, təşkilat həqiqət və faktlardan uzaq, erməni təbliğatını aparan fəaliyyəti prioritet elan edib.

Professor Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, Frank Şvabe Erməni lobbisinin tapşırıqlarını yerinə yetirir.

qabil.jpg (238 KB)
Qabil Hüseynli

Nümayəndə heyətimizin səsvermə hüququna sanksiya qoyulmasına onun və digər ermənipərəst avropalı deputatların korrupsiya maraqları səbəb olub:

“İndi Şvabe hansı haqla tələb edir ki, Azərbaycan seçkilərə AŞPA-nın müşahidə qrupunu dəvət etsin?! Azərbaycanın AŞPA-da fəaliyyətinin bərpası ilə bağlı qərar qəbul edilməli və Almaniya nümayəndə heyəti bu məsələ ilə bağlı əvvəlki mövqeyindən geri çəkilməlidir. Ümumiyyətlə, Avropa təşkilatlarının, Qərb təsisatlarının bu qərəzli münasibəti onların öz dəyərlərinə qarşı çıxmasıdır. Avropa təşkilatları, xüsusilə də AŞPA Azərbaycana münasibətini dəyişməlidir. Bu gün onların sərgilədiyi bu mövqedə qətiyyən ədalət yoxdur və bu, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Azərbaycan hər zaman Avropa təsisatları ilə əməkdaşlıq etməkdə maraqlıdır. Və onların qərəzinin ucbatından bu münasibətlər belə korlanıb. Şvabenin son vaxtlar tutduğu mövqe və verdiyi açıqlamalarda heç bir həqiqət payı yoxdur. AŞPA Azərbaycanla münasibətlərə yenidən baxmağı özü üçün fürsət bilməlidir. Onsuz da AŞPA gözdən düşmüş və kifayət qədər nüfuzunu itirmiş bir qurumdur. Ancaq Azərbaycan yenə də hər bir əməkdaşlığa hazır olan təşkilatla işləməyə davam edə bilər”.

Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında dedi ki, Azərbaycan AŞPA-nın, Avropa parlamentinin qərəzli mövqelərinin, lazımsız təpkilərinin dəfələrlə şahidi olub:

2022-03-17-11-04-33r1WAdHv4sIcdg-1.jpg (72 KB)
Tofiq Ababsov

“Bu, ondan xəbər verir ki, Azərbaycan dövlətinin siyasətində özünə güvən, arxayınlıq var. Xarici qüvvələrin müdaxilələrini qəbul etmirik. Onların diktələrinə əhəmiyyət vermirik. Heç bir xarici dövlətin daxili işinə qarışmırıq. Bütün işlərimizi bildiyimiz qaydada həyata keçiririk və uğur qazanırıq. Bu isə Qərbin ürəyincə deyil, həzm edə bilmirlər. Çalışırlar ki, seçkiləri qara bir çərçivəyə oturtsunlar. Qərb mətbuatında bizə qarşı qara piar aparılır. Azərbaycan müsəlman ölkəsi olduğuna, suveren hüquqlarını məharətlə həyata keçirdiyinə görə bizi tənqid edirlər. Bu, yeni yanaşma deyil. Biz imkanlarımızı düzgün dəyərləndiririk. Yox yerdən qaşıyıb qan çıxarırlar. Azərbaycanı dünya birliyi qarşısında gözdən salmaq istəyirlər. Şvaben və digərləri əgər qeyri-sağlam niyyətlərlə bizə yaxınlaşacaqlarsa, onların Azərbaycana elə gəlməməyi yaxşıdır. Bizə düşmən münasibəti göstərənləri qəbul etmirik və evimizə buraxmırıq”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR