Onlayn ictimai-siyasi qəzet
Bu həftəsonu onun prezidentlik yarışından çəkiləcəyi gözlənilr
Xəbər verildiyi kimi, ABŞ Prezidenti Co Bayden seçki kampaniyasının ən qızğın vaxtında koronavirusa yoluxub. Amerika lideri bu məlumatı X sosial şəbəkəsində təsdiqləyib və qeyd edib ki, tam sağalana qədər “evdən işləyəcək”: “Amma özümü yaxşı hiss edirəm və bu müddət ərzində mən Amerika xalqı üçün işləməyə davam edəcəyəm”.
“Bir neçə yüksək səviyyəli demokratlar özəl olaraq deyirlər ki, partiya liderlərinin və yaxın dostlarının artan təzyiqləri ABŞ prezidenti Co Baydeni bu həftəsonu prezidentlik yarışından çəkilməyə inandıracaq”. Bu barədə “Axios” nəşri yazır.
Qeyd olunur ki, hazırda koronavirusa görə özünü təcrid edən 81 yaşlı prezident iş başında qalır. Demokratlar nəşrə bildiriblər ki, Baydenə artan təzyiq onun seçki kampaniyasını davam etdirməsini qeyri-mümkün edir.
Onlar deyirlər ki, partiyanın yüksək səviyyəli liderləri, dostları və əsas donorları Baydenin qalib gələ bilməyəcəyinə, onun yaşı və əqli qabiliyyətinə dair ictimai təsəvvürləri dəyişdirə bilməyəcəyinə və Konqresdə çoxluğu təmin edə bilməyəcəyinə inanırlar. Partiyada Baydenin yerini kimin tutacağı sualının cavabı açıq qalır.
Bəs, COVİD-19 məsələsinin indiki gərgin məqamda, özü də Baydenin “həkimlər desə, çəkilə bilərəm” açıqlamasından dərhal sonra meydana çıxması təsadüf ola bilərmi? Məsələ ondadır ki, son günlər, xüsusilə də Trampa qarşı uğursuz sui-qəsddən sonra Baydenə seçkidən çəkilməsi ilə bağlı təzyiqlər görünməmiş dərəcədə artıb. Çünki bu mənzərə fonunda onun seçilmə şansları getdikcə azalır və Demokratlar Partiyasının nəinki Ağ Evdən, hətta Konqresdən və Senatdan da məhrum olması təhlükəsi yaranır.
Mətin Məmmədli
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, artıq ABŞ-də seçkilər yeni mərhələyə daxil olub: “Məlum olduğu kimi, respublikaçılar öz qurultaylarını keçiriblər. Milli qurultayda Donald Trampın prezidentliyə namizədliyi təsdiq olunub. Eyni zamanda avqustun ortalarında, daha dəqiq desək, avqustun 15-18-də Demokratlar Partiyasının milli qurultayının keçirilməsi gözlənilir. Bu qurultayda da hazırkı prezident Co Baydenin namizədliyi təsdiq olunmalıdır. ABŞ seçki sisteminə görə ilk növbədə partiya daxilində praymerz keçirilir və milli qurultayda praymerzin qalibi təsdiqlənir, rəsmi olaraq namizəd kimi irəli sürülür. Həm respublikaçıların, həm də demokratların keçirdiyi praymerzlər başa çatıb. Demokratlardan Co Bayden, respublikaçılardan isə Donald Tramp böyük üstünlüklə qalib gələrək namizəd olma imkanı əldə ediblər. Bütün bunlarla bərabər, demokratlar, xüsusilə hazırkı prezident Co Bayden üçün vəziyyət o qədər də yaxşı deyil. İlk növbədə iyunun 27-də iki lider arasında keçirilən ilk debat Bayden üçün çox pis nəticələndi. Onun zəif görünməsi səhhətində ciddi problemlər olduğunu təsdiq etmiş oldu. Bununla da Baydenin tərəfdarları, demokratlar elitası arasında onun yenidən prezident seçilməsinin, seçki kampaniyasında Donald Trampa qalib gəlməsinin xeyli çətin olduğu aydın başa düşülür. Artıq Baydenin səhhətinə görə seçki kampaniyasını uğurla apara biləcəyi ilə bağlı ciddi şübhələr yaranıb. Bu səbəbdən xüsusilə iyunun 27-dən sonra demokratlar sırasında Baydenin seçkidən çəkilməsi ilə bağlı çağırışlar xeyli artıb. Demokratlar elitası-tanınmış liderlər, konqresmenlər açıq çağırışlar edirlər ki, Bayden seçkidən çəkilməlidir və demokratlar seçki kampaniyasında yeni namizədlə çıxış etməlidirlər. Maraqlıdır ki, Baydenin reaksiyası prezident seçkisində iştirak etmək istədiyini göstərir. Hər halda bu məsələdə israrlı mövqe nümayiş etdirir”.
M.Məmmədlinin fikrincə, demokratların Baydenə təzyiqinin artması onun seçkidən çəkilməklə bağlı fikirlərinin yaranmasına səbəb ola bilər: “Son zamanlar Bayden seçkidə iştirakı ilə bağlı ikimənalı fikirlər səsləndirir. Hesab edirəm ki, Baydenin seçkidən çəkilmə ehtimalı böyükdür. Ola bilər ki, Demokratlar növbəti milli qurultayda yeni namizədlə iştirak edə bilərlər. O ki qaldı Baydenin koronavirusa yoluxmasını əsas gətirərək seçki kampaniyasında iştirak edə bilməməsi, düşünürəm ki, bu, tamamilə mümkün ehtimaldır. Belə olanda halda, yəni Bayden seçkilərdən çəkilərsə, demokratlar əsas 3 namizədi irəli sürə bilərlər: Vitse-prezident Kamala Harris, Miçiqan ştatının qubernatoru Qretçen Vitmer və Kaliforniya ştatının qubernatoru Gevin Nyusom. Sözügedən üç siyasətçidən Kamala Harrisin şansı daha çoxdur. Vitse-prezident ABŞ siyasi sistemində böyük statusdur, prezidenti əvəz edəcək fiqurdur. İyulun əvvəlində keçirilmiş rəy sorğularına görə, Kamala Harris Co Baydenlə müqayisədə Donald Trampa qarşı mübarizə apara bilər. Bu baxımdan düşünürəm ki, Harrisin şansı digərlərindən daha çoxdur. Digər namizədlər də qubernator kimi uğurlu fəaliyyət göstərdikləri üçün demokratların namizədi ola bilərlər. Fikrimcə, demokratları narahat edən təkcə, prezident seçkiləri deyil. Məlumdur ki, ABŞ-də paralel olaraq konqresə də seçkilər keçirilir. Demokratlar ehtiyat edirlər ki, prezident seçkilərini uduzacaqları təqdirdə onlar konqres seçkilərində də uduza bilərlər. Beləliklə, həm icraedici, həm də qanunverici hakimiyyət üzərində nəzarəti itirə bilərlər. Adətən ABŞ-də bir partiyanın namizədi prezident seçkisində qalib gəlirsə, konqresdə digər partiyanın nümayəndələri üstünlük əldə edir. Bu müəyyən mənada ABŞ siyasi sistemində tarazlığı qoruyub saxlayır. Demokratlarda belə bir narazılıq var ki, Baydenin zəif performansı demokratların həm prezident, həm də konqres seçkilərində uduzmasına səbəb ola bilər. Seçki prosesinə başqa bir sıra amillər də təsir edir: qarşıdakı aylarda ABŞ xarici siyasətində nələr baş verəcək, sosial-iqtisadi dinamika necə inkişaf edəcək və s. Hazırda respublikaçıların namizədi Donal Trampın reytinqi xeyli öndədir. Amma Demokratlar alternativ namizədlə çıxış etsələr, namizəd seçki kampaniyasını uğurla aparsa, daxili və xarici siyasətdə pozitiv dəyişikliklər baş versə, bu, seçkinin nəticələrinə təsir göstərə bilər”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ