Onlayn ictimai-siyasi qəzet
“Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərini yerinə yetirməyəcəyini deməyə əsasım yoxdur. Amma hazırda vəziyyətin dinc istiqamətdə inkişaf etməsi və uzunmüddətli sülh üçün əsaslar yaradılması vacibdir və bu, hər kəsin maraqlarından irəli gəlir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya səfiri Sergey Kopırkin Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib.
“Rusiya Ermənistan qarşısında müttəfiqlik öhdəliklərindən imtina etməyib və etməyəcək”, - deyə o, vurğulayıb.
Səfir Ermənistanın Azərbaycanla Rusiya platformasında danışıqlar aparmağa istəkli yanaşmadığını etiraf edib. Lakin onun sözlərinə görə, Moskva bu sahəni tərk etmək niyyətinə deyil, “çünki regional sülh onun üçün mühüm əhəmiyyət kəsb edir”.
“Buna baxmayaraq, Rusiya rəsmilərinin bütün bəyanatları Ermənistana qarşı qınaq məntiqinə əsaslanmır. Rusiyanın Ermənistanla bağlı müsbət ifadələri, təəəssüf ki, yerli mediada kifayət qədər işıqlandırılmır", - deyə Sergey Kopırkin bildirib.
Eyni zamanda o əlavə edib ki, Ermənistan rəsmiləri də Rusiyanı ciddi tənqid edir və “faciələrin və uğursuzluqların günahını Rusiyanın üzərinə atmağa cəhd edilir”.
“Əlbəttə, Moskvanın özü regiondakı proseslərə görə məsuliyyətdən boyun qaçırmır, o, məsuliyyətini dərk edən aktordur və əsas problemlərin həlli və eskalasiyanın qarşısının alınması üçün əlindən gələni edir”-deyə o, söyləyib.
Ermənistanın xarici vektoru məsələsinə gəlincə, Kopırkin qeyd edib ki, Nikol Paşinyanın İrəvanın xarici siyasət vektorunu dəyişmədiyinə dair vədlərinə baxmayaraq, Rusiya bu sahənin ciddi şəkildə korrektə olunduğunu və hətta yenidən formalaşdırıldığını görür.
“Qərbin məqsədi istər Cənubi Qafqaz, istərsə də digər regionlar olsun, bütün cəbhələrdə Rusiya ilə mübarizə aparmaqdır. Biz Ermənistanın müstəqil dövlət olduğunu bilirik və öz siyasətini müəyyən etmək hüququna malik olduğunu anlayarıq. Buna görə, Ermənistanı hansısa xarici siyasət vektorunu dəyişməkdə suçlamırıq.Lakin Qərbin Rusiya ilə qarşıdurmasını nəzərə alsaq, onun narahatlığı normaldır.Amma Moskva Ermənistana strateji tərəfdaş və müttəfiq kimi baxmaqda davam edir”, - Rusiya səfiri vurğulayıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ