Onlayn ictimai-siyasi qəzet
ABŞ Nümayəndələr Palatasının 60 üzvü dövlət katibi Marko Rubioya çağırış edib. Demokrat Frenk Pallone, respublikaçı Maykl Lavlerin də daxil olduğu qrup Amerikadan Azərbaycana tətbiq edilən 907-ci düzəlişin gücləndirilməsini tələb edib.
Konqresmenlər həmçinin erməni yalan təbliğatını da təkrarlayıblar. “Azərbaycanı “etnik təmizləmə” yolu ilə 120 min erməni xristianı Qarabağdan qovmaqda, Ermənistanın suveren ərazisini işğal etməkdə, erməni əsirləri qeyri-qanuni saxlamaqda və s. suçlayıblar.
Musavat.com-a açıqlama verən hüquq müdafiəçisi Xəzər Teyyublu qeyd edib ki, konqresmenlərin etdiyi çağırışdır və heç də dövlət katibinin onlara adekvat cavab verəcəyini gözləmir.
Onun fikrincə, əsasən Demokrat konqresmenlər fəallıq edirlər və erməni lobbisi yenidən hərəkətə keçib.
Hüquq müdafiəçisi onların arasında respublikaçıların da olduğunu bildirərək, bu çağırışların nəticə verməyəcəyini söyləyib: "Bayden dövründə də çoxsaylı qanun layihələri, bəyanatlar, qətnamələri irəli sürülürdü. Amma onların heç biri keçərli olmadı. Tramp dönəmində isə bu çağırışlara məhəl qoyulmayacağını düşünürəm. Sadəcə, erməni lobbisindən gələn sifarişi yerinə yetirirlər. Axı onlar da lobbiyə hesabat verməlidirlər ki, guya nəsə iş görürlər".
Həmsöhbətimizin sözlərinə görə, Azərbaycan Tramp Amerikasından bədnam "907-ci düzəliş"in ləğvini gözlədiyi halda, bu cür çağırışlar təsadüfi deyil. Hüquq müdafiəçisi onu da əlavə edib ki, ermənilərin Qarabağdan qovulması haqda ittihamlar çox çeynənib və heç bir sübut yoxdur. O, Bakıda mühakimə edilən erməni hərbi canilərin siyasi məhbus kimi təqdim edilməsini isə çirkin kampaniya adlandırıb.
Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şura üzvü Asif Şəkərli isə saytımıza bildirib ki, ermənipərəst konqresmenlərin iftira dolu bəyanatları davam edəcək və buna hazır olmalıyıq.
Onun sözlərinə görə, Azərbaycan diaspor və lobbisi aktiv olmalıdır, xüsusən də ABŞ-da.
Partiya rəsmisi hesab edir ki, bu bəyanatlar əsassızdır və effekti olmayacaq: "Paşinyan Rubioya zəng etdikdən sonra erməni lobbisi aktivləşdi və proseslərə zərər vurmağa başladı. Ermənistan belə bu qədər ermənilərin gedişini müzakirə etmir. Deməli, burada konqresmenlərin maraqları var".
Emil SALAMOĞLU,
Musavat.com
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ