İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kollektiv Qərb yeni müharibə hazırlayır - Yunanıstanı Türkiyə ilə savaşa məcbur edir” - iddia

Türkiyə-Yunanıstan münasibətləri kritik həddə yaxınlaşır. Artıq bir sıra ekspertlər yaxın vaxtlarda iki ölkə arasında müharibə başlaya biləcəyini deyirlər. Bu barədə Türkiyə prezidenti R.T. Ərdoğan da açıqlama verib, “ansızın gələ bilərik”, - deyə Yunanıstana xəbərdarlıq edib. İddialara görə, hazırda Ukraynada proksi-müharibə aparan Kollektiv Qərb Yunanıstanı Türkiyə ilə müharibəyə girməyə təşviq edir.

Bəzi ekspertlər bu istiqamətdə ssenarilər də ortaya qoyublar. Onların iddialarına görə, Kollektiv Qərbin təhrikləri ilə Yunanıstan elə bir dözülməz davranışlar sərgiləyəcək ki, Türkiyə buna sərt, adekvat cavab vermək məcburiyyətində qalacaq. Artıq Yunanıstanın bu yöndə addımlara başladığı da göz önündədir. İki gün öncə Yunanıstan hərbçiləri göyərtəsində azərbaycanlılar olan Türkiyə gəmisinə atəş belə açıb. Bozca adanın 11 mil cənubunda “Anatolian” adlı rolker tipli gəmiyə Yunanıstan tərəfindən atəş açılıb. Türkiyənin Sahil Mühafizə Xidmətinin katerləri hadisə yerinə gələnədək Yunanıstan heyəti tələsik ərazini tərk edib. Gəminin göyərtəsindəki 18 nəfərlik heyətin beşi Azərbaycan, üçü Türkiyə vətəndaşı olub. Gəmi heyətindən heç kim xəsarət almayıb. Müşahidələrdən ilkin formalaşan qənaət budur ki, Türkiyənin bölgədə və dünyada artan nüfuzu, həlledici söz sahiblərindən birinə çevrilməsi, ən əsası da Rusiya ilə səmimi münasibətləri böyük güclərin xoşuna gəlmir. Türkiyəni hədəflərindən yayındırmaq, zəif salmaq, başını özünə qatmaq üçün Kollektiv Qərbin, Avropanın əlində “xoxan” kimi saxladığı Yunanıstan “kart”ından növbəti dəfə istifadə etməyə qərarlı görünür. Başqa sözlə, anti-Türkiyə dairələr Yunanıstanın əli ilə qardaş ölkəyə qarşı müharibəyə başlayacaq. Bu müharibə baş verərsə, regiona, dünyaya nə vəd edir? Bu müharibədən qaçış variantı varmı? Yoxsa artıq ox yaydan çıxıb?

Azərbaycan Ramşteydəki anti-Rusiya tədbirinə dəvət edilib?

Murad Sadəddinov: “ABŞ və Fransa Türkiyə-Yunanıstan müharibəsinin Avropanı silkələyəcəyinin fərqində olmalıdır”

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Yunanıstanla Türkiyə arasında münasibətlər uzun müddətdir xoşagəlməyən istiqamətdə inkişaf edir. Artıq münasibətlər silahlı qarşıdurma təhlükəsini ortaya çıxarmaq həddinə yaxınlaşır. Türkiyə ilə Yunanıstanın istər iqtisadi, hərbi potensialını, istər insan resurslarını müqayisə etsək görəcəyik ki, əslində bu, müqayisəolunmazdır. Yəni bu iki dövlətin qeyd olunan istiqamətlərdə imkanları arasında çox böyük fərq var. Yunanıstan Türkiyənin qarşısında çox zəifdir: “Bunu rəsmi Afina da yaxşı bilir. Bunu bildiyi halda Türkiyəyə qarşı hədələrin, hücumların nədən edildiyi ortaya suallar çıxarır. Deməli, Yunanıstanın özündən qat-qat güclü olan Türkiyəyə qarşı davranışlarının arxasında kənar güclər dayanır. Bu güclərdən əsasən Fransa və ABŞ-ın adını çəkə bilərik. Bayden administrasiyasında Türkiyəfobiya əhvalı aşırı dərəcədədir. ABŞ tarixində hələ heç bir administrasiya Türkiyəyə qarşı bu dərəcədə mənfi münasibətdə olmayıb. Həm Fransada, həm də ABŞ-da anti-Türkiyə mövqeyində olan hakimiyyətdəki insanlar Yunanıstan vasitəsilə Türkiyəni təxribatlara mümkün qədər cəlb etməyə çalışırlar. Hətta mümkün olarsa hərbi toqquşmaya cəlb eləmək istəyirlər”.

Politoloq qeyd etdi ki, Fransa və ABŞ hakimiyyətləri Türkiyənin dünyada, xüsusən də regionda nüfuzunun həddən artıq artmasını qəbul edə bilmirlər. Düşünürlər ki, Türkiyənin nüfuzunun bu qədər artması, müstəqil siyasət yürütməsi onların mövqelərinə zərbə vurur. İkinci bir səbəb Türkiyənin dünyadakı türk dövlətləri ilə sıx əlaqələr qurub onlarla birlikdə addımlamasıdır: “ABŞ və Fransa, eləcə də bir sıra başqa dövlətlər türk dövlətlərinin birliyini, inkişafını qəbul edə bilmirlər. Qeyd etdiyimiz səbəblər və digər bir sıra faktorlar Amerika, Fransa və digər bəzi dövlətlərdə Türkiyəni zəiflətmək, onun başını qonşuluqdakı Yunanıstanla müharibəyə qatmaq düşüncəsini yaradıb. Bu düşüncələrini reallığa çevirmək üçün Afinanı qızışdırırlar. Yunanıstanda Amerikanın hərbi bazalarının yenilənməsi və möhkəmləndirilməsi siyasətinin xeyli vaxtdır həyata keçirilməsi də bununla bağlıdır.

Gələn il Türkiyədə prezident seçkiləridir. Türkiyəyə düşmən kəsilən güclər seçki öncəsi bu ölkəni müharibəyə cəlb etmək istəyirlər. Bununla həm də Ərdoğanın yenidən prezident seçilməsinin qarşısını almağa çalışırlar. İstər Türkiyənin Qərb tərəfindən, istər şərq tərəfindən - Suriyadan Türkiyəyə qarşı planlar qurulur və həyata keçirilir. ABŞ nə zaman Türkiyədə onun maraqlarına tabe olmayan hakimiyyət olubsa, həmin hakimiyyətləri hərbi çevrilişlər yolu ilə devirib və istəyinə nail olurdu. Belə bir planı 2016-cı ildə Ərdoğana qarşı da tətbiq etmək cəhdi edildi, lakin iflasa uğradı. Ondan sonra Amerika Türkiyəni ram etməyin digər yollarını aramağa başladı. İndi hesab edirlər ki, Yunanıstanı Türkiyəyə qarşı müharibəyə qaldırmaqla buna nail ola bilərlər. Ancaq yenə də planları iflasa uğrayacaq. Əvvəla, mən inanmıram ki, iki NATO üzvü olan ölkə arasında böyük bir müharibə olsun. Kiçik toqquşmalar isə ola bilər. İkincisi, hətta əgər böyük müharibə olsa belə, ABŞ və Fransa Türkiyə-Yunanıstan müharibəsinin Avropanı silkələyəcəyinin, Avropa İttifaqı dövlətlərinə çox ciddi problemlər gətirəcəyinin fərqində olmalıdır".

Nə qədər ki, Ermənistan işğalçılıq siyasətini davam etdirir… – Məhəmməd  Əsədullazadə « ONN İnformasiya Agentliyi

Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Yunanıstanın Egey dənizində Türkiyəyə qarşı təxribatları ilk növbədə gələn il keçiriləcək seçkilərdə Ərdoğana Qərbin təzyiqidir. Çünki Türkiyə müstəqil siyasət aparır və regionda yeni bir nizamın qurulmasında çıxış edir: “Həmçinin Şərqi  Aralıq dənizində Ankaranın geoloji kəşfiyyat işləri aparması, yeni qaz yataqlarının kəşfi Türkiyənin geosiyasi mövqeyini daha da gücləndirir. Yunanıstanın təxribatları Türkiyəni lokal döyüşlərə cəlb etməklə, sanksiyalara məruz qoyaraq ölkə daxilində hakim partiyanın reytinqini zəiflətməklə növbəti seçkilərdə Ərdoğanın hakimiyyətdə qalmasının qarşısını almaqdır. Yunanıstan-Türkiyə hərbi qarşıdurması geosiyasi bir böhrana gətirib çıxarar. İlk növbədə NATO parçalanar və ya təşkilatın zəifləməsinə gətirib çıxarar, ardınca isə Türkiyə, İran, Çin və Rusiya birliyi yarana bilər. Düşünürəm ki, kollektiv Qərb üçün ən arzuolunmaz gedişat olar. Ona görə də, məncə, indi ABŞ, sadəcə, Türkiyəni sözəbaxan bir ölkə etmək məqsədini qarşıya qoyub. Amma Türkiyə buna getməyəcək. Əgər müharibə başlayarsa, Ankaraya qalib gəlmək mümkün olmayacaq. Geosiyasi və beynəlxalq vəziyyət dəyişəcək və burada Qərb itirəcək. Hesab edirəm ki, proseslər xüsusilə Türkiyəyə qarşı plan Qərbin siyasi böhranı olacaq.  Türkiyə Qərbin müttəfiqidir və müttəfiqə qarşı gəlmək birlik daxilində çat yaradacaq. Türkiyə Türk Dövlətləri Birliyinin formalaşması istiqamətində də ciddi addımlar atır. Yeni bir dünya nizamında Ankara daha da güclənəcək. Ona görə də qarşısını Yunanıstanın vasitəsilə almağa çalışırlar. Amma proseslərin əksi olacaq. Türkiyə daha da güclənəcək”.

Etibar SEYYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR