İnsanlara hürriyət, millətlərə istiqlal!

“Köhnə tikililərdə qiymətlər fantastik artıb, səbəb...” – Ekspertdən İLGİNC şərh

Son günlərdə paytaxt Bakıda köhnə tikililərdəki mənzillərin qiymətində kəskin artım müşahidə olunur. Xüsusən də metrostansiyalara yaxın ərazilərdə, istismar müddətini bitirmiş binalarda, eləcə də fərdi həyət evlərindən ibarət olan yaşayış massivlərində qiymətlər fantastik artıb.

Ekspertlərin bir qismi bunu Türkiyədə baş vermiş zəlzələdən sonra insanların köhnə tikililərə maraq göstərməsi ilə əlaqələndirsə də, bir qisim bu cür binaların mərhələli şəkildə sökülərək yeni tikilmiş binalarla əvəzlənməsi, yaxud mənzil sahiblərinə pul ödəyərək həmin ərazilərin satın alınması ilə izah edir.

Mövzu ilə bağlı daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Musavat.com-a danışıb.

elnur_ferzeliyev.jpg (59 KB) 

Ekspert qeyd edib ki, köhnə tikililərin, xüsusən də istismar müddətini bitirmiş binaların qiyməti artıq bir neçə ildir ki, artan xətt üzrə gedir:

“Ötən və bu il qiymət artımı kəskin surətdə müşahidə olunur. Bu qiymət artımı əsasən doqquzmərtəbəli binalarda baş verir. Bunun da səbəbi həmin binaların ipoteka kreditinə çevrilə bilməsidir. Yəni ipoteka krediti ilə mənzil alan şəxslər beşmərtəbə, dördmərtəbəli binalara deyil, doqquzmərtəbəli tikililərə maraq göstərir. Çünki qeyd olunan köhnə binalar istismar müddətini bitirdiyinə görə onlara kredit verilmir.

Yeni tikilən binalarda ümumi sahələr böyük olduğuna görə ümumi qiymət də böyük olur. Bu baxımdan həm doqquzmərtəbəli, həm də köhnə, istismar müddəti başa çatmış, xüsusən də qəzalı vəziyyətdə olan binalarda qiymət artımı var. İl yarım ərzində demək olar ki, təxminən 30-35 faiz qiymət artıb.

Həmin binalar pilot layihələr üzrə sökülür, yerində yeni tikili binalar inşa olunur. Bina söküləndən, tam tikilən qədər gündən mənzil sahibinə hər ay kirayə pulu ödənilir. Daha sonra həmin binaların yerində tikilən yeni çoxmərtəbəli binalardan otaq sayına uyğun olaraq, ümumi sahəsi daha böyük olan tam təmirli mənzil verilir. Hansı ki, verilmiş mənzilin satış qiyməti artıq köhnə mənzilin satış qiymətindən iki dəfə baha olur, alıcısı da daimi olur. Beləliklə, köhnə tikililərdə mənzil qiymətləri artmaqda davam edir”.

Ekspert bildirib ki, dünya təcrübəsində əksinə olaraq, istismar müddətini başa vurmuş binalara tələbat aşağı olur:

“Onların satış qiyməti normal bazar dəyərindən 50 faizdən də aşağı qiymətə olur. Məsələn, əgər mənzilin bazar qiyməti 60 min manatdırsa, istismar müddətini başa vurduqdan sonra qiyməti 20-30 min manat dəyərləndirilir. Çünki bu cür mənzillər öz kapitallaşmasını tamamilə itirir. Banklar onları girov götürmür, ipoteka krediti ayırmır, çünki bina artıq qəzalı vəziyyətdədir, hər an hər şey baş verə bilər”.

Ekspert yeni tikililərin bazarında da qiymət artımı olduğunu deyib:

“Yeni tikililərdə qiymətlər əsasən sabitdir, amma artım da var. Artıma səbəb isə budur ki, tikinti xərcləri artır, tikinti üçün yararlı torpaq sahələri demək olar ki, yox səviyyəsindədir, onların qiymətləri bahadır, həmçinin tikintilərlə bağlı qaydalar dəyişir, sərtləşmələr gedir. Sərtləşmə səbəbindən şirkətlər əvvəlki həcmdə tikinti inşa edə bilmirlər. Az inşa edəndə də qiyməti artırırlar ki, qazanc götürə bilsinlər”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR