Onlayn ictimai-siyasi qəzet
Ermənistanın sabiq prezidenti Robert Köçəryanın İrəvanda mətbuat konfransı keçirərək baş nazir Nikol Paşinyanın xarici və daxili siyasətini sərt tənqid etməsi həm İrəvanda, həm də onun sərhədlərindən kənarda diqqət çəkib. Xüsusilə Ermənistan hakimiyyəti Köçəryanın fikirlərini Rusiya köləliyinə çağırış kimi qiymətləndiriblər. Ermənistan parlamentinin sədri Alen Simonyan sabiq prezidenti çıxışındakı yaltaq notlara görə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya bənzədib.
Erməni analitik Tevos Arşakyanın isə fikrincə, İrəvanın Qərblə münasibətləri möhkəmləndikcə, Rusiyanın “beşinci kolon”u əsəbiləşir: “Sabiqlər - Robert Köçəryan və Serj Sərkisyan aktivləşirlər, bir növ, xortlayırlar. Sərkisyanın parlamentdəki "Mənim şərəfim var" fraksiyası Ermənistanın Aİ-yə üzvlük prosesinə başlamaq təşəbbüsü barədə qanunun əleyhinə səs verdi. Elə Köçəryanın “Ermənistan” bloku da analoji addım atdı. Köçəryan hətta mətbuat konfransı keçirib yenidən cəfəngiyyatlarını səsləndirdi. Moskvanı və onun Ermənistan daxilindəki “mələklərini” hər cür şəkildə ölkə hakimiyyətinin sükanı arxasına keçirməyə çalışanları qorxudan Paşinyan hakimiyyətinin Qərbə inteqrasiya yolunu tutmasıdır. Onlar Rusiyanın İrəvanın avropayönümlü istəklərinə respublikanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi baxdığını söyləməklə erməni cəmiyyətini qorxuya salırlar".
Yada salaq ki, Putinin bu il Yeni il təbriki göndərdikləri sırasında yenə də Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sərkisyanın adları vardı. Rusiya prezidentinin Ermənistanın keçmiş liderlərinə bu cür diqqəti yeni deyil, xüsusilə Robert Köçəryanı ad günündə (avqustun 31-i) yaddan çıxarmaması bəlli faktdır. Amma Xankəndi doğumlu sabiq Ermənistan prezidentləri Kreml rəhbəri üçün niyə belə mühüm persona olsunlar ki? Onları öz ölkələrində belə uğurlu siyasətçi hesab etmirlərsə, Nikol Paşinyan kimi naşı, “siyasi axsaq” belə Köçəryan və Serj Sərkisyanı “siyasi meyit” adlandırırsa, Rusiya prezidenti üçün onlar niyə belə önəmlidir? Köçəryan müsahibələrinin birində deyib ki, 8 illik prezidentliyi müddətində heç vaxt Putinlə bir-birilərinə yalan danışmayıblar. “Deyə bilmərəm ki, ilk təmasdan dostluq qurduq. Ciddi insanlar bir-iki əlaqə, iki-üç görüşlə dostluğa başlaya bilməz. Bu belə olmur. Dost anlayışına çox ciddi yanaşıram ki, kiminləsə bir, iki və ya üç dəfə görüşəndən sonra o mənim dostumdur deməyə dilim dönməz”, - Köçəryan deyib.
“Siyasi meyit” hesab olunan Köçəryanın və ətrafının son günlər hərəkətə gəlməsi Moskvanın sifarişidir, yoxsa özfəaliyyətdir? Əgər birinci variantdırsa, Moskva Ermənistanda xalqın qəbul etmədiyi nüfuzdan düşmüş bu “Siyasi ölü”nü niyə indi önə çıxardı?
Qabil Hüseynli
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Donald Trampın ABŞ-da prezident vəzifəsinin icrasına başlayandan bəri Rusiyanın mövqelərinin güclənməsinə gətirib çıxaran addımlar atması postsovet məkanındakı ölkələrdə, xüsusilə də Ermənistanda Rusiyanın əlaltısı kimi tanınan qüvvələri, siyasətçiləri ruhlandırıb: “Qeyd etdiyimiz proseslər həmin qüvvələrdə, siyasətçilərdə artıq hər şeyin Moskvanın istəyinə uyğun cərəyan edəcəyini, Rusiyanın qarşıdakı yaxın zamanlarda postsovet məkanı ölkələrində, xüsusən də Ermənistanda mövcud olan Qərbə bağlı hakimiyyətlərlə haqq-hesab çəkəcəyi düşüncəsi yaradıb. Ermənistanın sabiq prezidenti, Xocalı canisi Robert Köçəryan da bu düşüncəyə qapılan və fürsət gözləyənlərdəndir. Ermənistan cəmiyyətində nifrətlə qarşılanan, "siyasi meyit" hesab olunan bu qatil yenə də özünün mövcudluğunu, Ermənistanda hakimiyyətə guya yeganə əsas alternativ olduğunu nümayiş etdirməyə çalışır. Rusiyanın yenə də qucağında oturmağa, Ermənistanı da özü ilə sürükləməyə hazır olduğunun mesajını verir. Eyni zamanda Köçəryanın düyməsinin Moskvadan basıldığı da istisna deyil. Moskva ola bilsin ki, öz ənənəvi “tulası”ına aktivləşmək göstərişi verib. Məqsəd indiki dövrdə onun timsalında Rusiyaya bağlı qüvvələrə erməni cəmiyyətinin münasibətinin dəyişib-dəyişmədiyini test etmək ola bilər. 2020-ci ildə Ermənistanın müharibədə məğlubiyyətindən sonra dəfələrlə bu cür cəhdlər edildi, Robert Köçəryan, keşiş Baqrat Qalstyan, Daşnasütyun vasitəsilə xalqı ayağa qaldırmaq və çevriliş etmək cəhdləri edildi. Ancaq bu cəhdlər iflasa uğradı. Çünki həmin qüvvələrə, əsasən Köçəryana xalq o qədər nifrət edir ki, hətta müharibədə məğlub olmuş Nikol Paşinyana qarşı xalq bu caninin çağırışlarına qoşulmadı. 2021-ci ildə Rusiyanın hakim Vahid Rusiya Partiyası Ermənistanın Robert Köçəryanı Moskvaya dəvət də etdi ki, Ermənistanda nüfuzu bəlkə bir qədər yüksəlsin. Yenə də “siyasi meyit”i diriltmək mümkün olmadı. İndi də istisna deyil ki, qarşıdakı zamanlarda Köçəryan hətta Moskvaya dəvət edilsin. Ancaq onun ermən xalqı arasında nüfuzu müsbətə dəyişəsi deyil. Belə bir siyasətçini seçkidə xalqın səsi ilə hakimiyyətə gətirmək mümkün deyil. Yalnız çevriliş və güc yolu ilə hakimiyyətdə oturtmaq cəhdi edilə bilər".
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu isə bildirdi ki, Robert Köçəryanın aktivləşməsi daha çox özfəaliyyətə bənzəyir. Moskva başa düşür ki, Köçəryanın, Serj Sərkisyanın Ermənistanda reytinqi yoxdur. Nüfuzları yüksək olsaydı, Moskva onları daha çox hərəkətə gətirərdi: “Amma korrupsiyaya bulaşmaları, ən əsası da Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsi Köçəryan-Sərkisyan cütlüyünün nüfuzuna daha böyük zərbə vurub. Sadəcə, Köçəryan və Sərkisyan ara-sıra mətbuat konfransı keçirirlər ki, var olduqlarını bu şəkildə ifadə etsinlər. Xüsusilə Ermənistanın keçmiş prezidenti Robert Köçəryan ildə bir və ya iki dəfə qış yuxusundan ayılaraq mətbuat konfransı keçirir və baş nazir Nikol Paşinyanın mövqelərinə zərbə vurmaq məqsədilə onun siyasətini tənqid edir. O, bu zaman Paşinyanın zəif bəndlərini müəyyənləşdirməyə çalışır. Köçəryanın mətbuat konfransında söylədikləri Nikol Paşinyanı narahat etmir. Çünki Köçəryanın erməni cəmiyyətində nüfuzu yoxdur. Ermənistanın İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti Köçəryanın və "silahdaşı" Serj Sərkisyanın olan-qalan reytinqini aşağı salıb. Paşinyanın səsləndirmədiyi, eyni zamanda ermənilərin beynində dolaşan arqument təxminən belədir: “Belə güclü siyasətçi olduğunuzu iddia edirsinizsə, erməniləri Azərbaycana qarşı üsyana sövq etdiyiniz və siyasi karyeranıza başladığınız Qarabağı qoruyardınız”. Köçəryan və Sərkisyan kimilər on minlərlə insanın ölümünə rəvac verdilər, cinayətlər törətdilər, məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi, tam tərsi baş verdi, arada iki müharibə baş verdi və nəticə Azərbaycanın xeyrinədir. Köçəryan son mətbuat konfransında etiraf edib ki, bundan sonra ermənilərin Qarabağa qayıdışı çətindir. Köçəryan və Sərkisyan Nikol Paşinyana müxalifəti gücləndirə bilmirlər, ümidləri yoldan keçən keşişlərə qalmışdı. Ancaq keşişdən də bir şey alınmadı. Köçəryan özü də anlayır ki, Ermənistanda hakimiyyətə gəlmək üçün seçilmək imkanları yoxdur. Hətta son mətbuat konfransında müxalifətin gücünün elə də böyük olmadığını etiraf edib. Moskva prosesləri diqqətlə izləyir. Əgər Moskva görsəydi ki, Paşinyana real alternativ var, həmin alternativi hakimiyyətə gətirmək üçün ciddi addımlar atardı. Amma Moskva da hesablayır ki, Paşinyandan xoşu gəlməsə də onu hazırda əvəz edəcək adam yoxdur, erməni cəmiyyəti hələ ki Paşinyana dəstək verir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
22 Fevral 2025
21 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ