İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryan-Sərkisyan-Ohanyan üçlüyü də həbs olunacaq - sülhün tələbi...

Nikol Paşinyan bu caniləri təhvil verməkdən boyun qaçıra bilər, amma..; politoloq: “Azərbaycan gec-tez bunu da edəcək”

Hərbi ekspert Ədalət Verdiyev “TV Müsavat”ın efiridə deyib ki, Ermənistan Azərbaycanla sülh sazişi əldə etmək üçün Azərbaycana qarşı cinayət törətmiş şəxsləri, o cümlədən Serj Sərkisyanla Robert Köçəryanı bizə verməyə məcbur qalacaq.

Qeyd edək ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu 2022-ci ildə milliyyətcə erməni olan 297 nəfərə qarşı Cinayət Məcəlləsinin 103-cü (soyqırımı), 113-cü (işgəncə), 115-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququ pozma) maddələri ilə cinayət işi açıb. Onların hamısı ilə bağlı axtarış elan edilib. Bu şəxslərin arasında Qarabağ separatçılarının keçmiş başçısı Araik Arutyunyan da var idi. Araik Arutyunyan barəsində Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi var. Aaraik Arutyunyan artıq həbs olunub və hazırda Bakıda İstintaq təcridxanasındadır.

Siyahıda adı olan cinayətkarlardan biri də Arkadi Qukasyandır. Arkadi Qukasyan 1997-ci ildən 2007-ci ilədək Qarabağ separatçılarına başçılıq edib. O, azərbaycanlılara qarşı bir sıra ağır cinayətlərdə iştirak edib. Bu cinayətkar da həbs edilib və Bakıda İstintaq təcridxanasında saxlanılır.

Qukasyandan sonra Qarabağ separatçılarının rəhbəri olmuş Bako Saakyan da açılan cinayət işinin əsasında Azərbaycan DTX-sı tərəfindən saxlanılıb. Bakıda İstintaq təcridxanasındadır.

Bunlar o şəxslərdir ki, Azərbaycanın Qarabağ bölgəsində özlərinə qondarma “dövlət” elan edib, özlərini “prezident” kimi təqdim edirdilər. Onlardan öncə Robert Köçəryan bu addımı atmışdı və həmçinin azərbaycanlılara qarşı soyqırımlara rəhbərlik etmişdi. Robert Köçəryanla yanaşı Serj Sərkisyan, Seyran Ohanyan da dinc azərbaycanlı əhaliyə qarşı amansız soyqırımlara, işgəncələrə rəhbərlik eləmiş qatillərdir. 

Azərbaycan Hərbi Prokurorluğu 2022-ci ilin fevralından Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı da beynəlxalq axtarışa verib.

Azərbaycanın axtardığı şəxslərin siyahısında 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan da var. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü - soyqırımı maddəsi ilə cinayət işi başlanıb. Təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb və Seyran Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S.Ohanyan azərbaycanlı əhaliyə qarşı cinayətlərin, xüsusən Xocalı soyqırımının törədilməsinin əsas iştirakçılarından sayılır.

Özünü qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən David Babayan, həmçinin xuntanın “keçmiş müdafiə naziri” Calal Arutunyan barəsində də axtarış elan edilib. Onlar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100, 214-2, 281.1 və 318.1-ci maddələri ilə təqsirləndirilir. Bilirsiniz ki, artıq David Babayan da həbs olunub və Bakıda İstintaq təcridxanasındadır.

Azərbaycanın axtarış siyahısında erməni iş adamları, Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan, “Taşir Group”un sahibi Samvel Karapetyan, “Royalsis” şirkətinin sahibi David Qalstyan da var. Adıçəkilən şəxslər 2001-2021-ci illərdə Ermənistana iriçaplı hərbi silahlar, döyüş sursatları, partlayıcı maddələr və qurğular aparıblar. Bu silahlar oradan Qarabağa daşınıb.

Samvel Karapetyan, David Qalstyan və Ara Abramyan Azərbaycan Cinayət Məcəlləsinin 100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü maddələri ilə ittiham edilib, barələrində həbs-qətimkan tədbiri seçilib, hamısına beynəlxalq axtarış elan edilib.

1991-ci il sentyabrın 2-də Köçəryan və Sərkisyan qondarma  “Dağlıq Qarabağ Respublikasını” elan edib, Azərbaycanın keçmiş Şaumyan rayonunu qanunsuz olaraq Dağlıq Qarabağa birləşdirib. Həmçinin o ərazilərdə Azərbaycan Konstitusiyasının, qanunlarının fəaliyyətini qeyri-qanuni dayandırıblar.

Bu cinayət işi ilə bağlı axtarışa verilmiş şəxslərin saxlanılması ilə bağlı Azərbaycan hüquqi yardım üçün  xarici tərəfdaşlara müraciət edib.

Bəs siyasi və hüquqi prosedurlar baxımından həmin şəxslərin, eləcə də Xocalı qatili Seyran Ohanyanın nə zamansa Azərbaycana təhvil verilməsi mexanizmi varmı? Azərbaycanda bu üç şəxsə cinayət işi açılıb, həmin cinayət işinin əsasında Azərbaycan onları üçüncü ölkədə yaxalaya bilərmi?

Xəyal Bəşirov: "Cəmiyyətimizdə çox sürətlə ciddi hadisələr və dəyişikliklər  baş verməkdədir" » Newscenter.az

Xəyal Bəşirov

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan könüllü şəkildə bir qarış da olsun işğaldakı torpaqlarımızı Azərbaycana qaytarmaq niyyətində olmayıb: "Azərbaycan beynəlxalq qanunlara və konstitusiyasına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq torpaqlarını güc yolu ilə azad etdi. Ermənistan Azərbaycana qarşı cinayətlər törətmiş və haqqında cinayət işi açılmış şəxsləri də xoşluqla Azərbaycana təhvil verməyəcək. Çünki Ermənistanın Azərbaycana münasibətdə yürütdüyü siyasətin mahiyyəti dəyişməyib. Azərbaycan bu günə qədərki nailiyyətləri Ermənistanı məcburetmə ilə əldə edib. Cinayətkar ünsürlərin Azərbaycan ərazisindən çıxarılmasını da Ermənistan təmin etmirdi. Azərbaycan 23 saatlıq antiterror tədbiri ilə həmin erməni silahlılarını tərk-silah etdi və ərazimizdən çıxardı. Separatçı rejimin başında dayanmış şəxsləri də Azərbaycan məhz bu əməliyyatın nəticəsi olaraq həbs etdi. Robert Köçəryan, Serj Sərkisyan və Seyran Ohanyan Qarabağda olsaydılar, şübhəsiz ki, onlar birmənalı şəkildə saxlanılacaq və Bakıya gətiriləcəkdilər. Hazırda onlar Ermənistandadır. Əslində Nikol Paşinyan özünün rəqibləri olan və ona düşmən kimi baxan bu üç şəxsin və digər revanşist qüvvələrin rəhbərlərinin həbs olunmasında, zərərsizləşdirilməsində maraqlı olmalıdır. Amma onların məhz Azərbaycana verilməsinə gəldikdə, o şəxslər Ermənistan vətəndaşıdırlar və digər ölkələrin konstitusiyasında olduğu kimi, Ermənistanın da ana qanununda yazılıb ki, ölkənin vətəndaşı cinayət törədibsə belə başqa ölkəyə verilə bilməz, törətdiyi cinayətə görə vətəndaşı olduğu ölkədə məsuliyyətə cəlb olunmalıdır. Bu baxımdan yanaşdıqda Robert Köçəryanı, Serj Sərkisyanı və Seyran Ohanyanı Ermənistan hökuməti, şəxsən Nikol Paşinyan həbs etdirə bilər, ancaq Azərbaycana təhvil verməsi inandırıcı deyil”.

Ekspertin sözlərinə görə, beynəlxalq hüquqa görə isə Azərbaycan ərazisində cinayət törətmiş və bu gün Ermənistanda gizlənən şəxslər saxlanılaraq Azərbaycana təhvil verilməlidir: “Ermənistan isə onları gizlədir. Beynəlxalq hüquq bizə imkan verir ki, istər Ermənistan ərazisində, istərsə də digər ölkələrin ərazisində Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan və digər haqqında cinayət işi açdığımız şəxsləri saxlayaq, məsuliyyətə cəlb edək. Azərbaycan gec-tez bunu da edəcək. Bizim Ermənistandan hansısa cinayətkar ermənini saxlayıb Azərbaycana təhvil verməsini gözləməyimiz sadəlövhlük olardı. Azərbaycan özü bütün imkanlarını səfərbər edib o şəxslərin məsuliyyətə cəlb olunmasına nail olmalıdır”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR