Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Qerçinski ölkənin daxili işlərinə qarışmağı dayandırmasa və ritorikasını dəyişməsə, Gürcüstan hakimiyyəti diplomatik tədbirlər görəcək.
Musavat.com xəbər verir ki, bu sözləri Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinqdə deyib.
Onun sözlərinə görə, Aİ səfiri uzun müddətdir müxalifətin lehinə və Gürcüstan hakimiyyətinin əleyhinə bəyanatlar verir ki, bu da Vyana Konvensiyasının pozulması deməkdir.
“Müəyyən müddət ərzində biz bütün bunlara reaksiya vermədik, amma hər şeyin öz həddi var, əgər gələcəkdə davranışda dəyişiklik görməsək, o zaman həm Avropa İttifaqı səfiri, həm də digər səfirlərlə bağlı diplomatik reaksiyalar olacaq”, - Gürcüstanın baş naziri vurğulayıb.
Qeyd edək ki, Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski bildirib ki, Gürcüstanın Aİ-yə daxil olması ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırılması gürcü cəmiyyətinin əksəriyyətinin iradəsinə ziddir.
“Bu gün biz tamamilə yeni bir reallığa oyandıq. Dünən baş verənlər (red: Aİ-yə üzvlük danışıqlarının dayandırılması qərarı) Gürcüstanın bütün əvvəlki hökumətlərinin siyasətinə və gürcülərin böyük əksəriyyətinin iradəsinə ziddir”, - Qerçinski İnterpressNews-a müsahibəsində bildirib.
Diplomat iki il əvvəl Tiflisə səfəri zamanı “Gürcüstanın yeri Avropa İttifaqındadır” deyən Avropa Komissiyasının sədri Ursula fon der Leyenin sözlərini xatırladıb.
“Burada işlədiyimiz iki il ərzində biz məhz bu sözləri rəhbər tutmuşuq”,- deyə Qerçinski vurğulayıb.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ