İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevin taleyini həll edən seçkilər - Trampla Harrisin kritik yarışı başladı

Kamala Harrisin prezidentliyə namizədliyi təsdiqləndi, Bayden “O da mənim kimi Putinə baş əymək niyyətində deyil” mesajı verdi - kollektiv Qərbdə Donald Trampın qələbəsi qorxusu var

ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkisi ilə bağlı həyəcan artır və namizədlərdən kimin qalib olacağı təqdirdə, dünya siyasətində hansı proseslərin başlanacağı, Ukrayna böhranının həllinin necə olacağı sualları meydana çıxmaqdadır.

Artıq Demokrat Partiyasının nümayəndələri ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harrisi prezidentliyə namizəd kimi təsdiqləyiblər. CNN-in məlumatına görə, səsvermə avqustun 20-də Çikaqoda keçirilən milli qurultayında baş tutub. Kamala Harris və onun vitse-prezidentliyə namizədi, Minnesota qubernatoru Tim Uols avqustun əvvəlində onlayn səsvermədə səslərin əksəriyyətini qazanmışdılar. Demokratların qurultayı avqustun 19-22-də Çikaqoda keçirilir. Qurultayın son günündə Kamala Harris çıxış edəcək. Harrisin seçki qərargahı prezidentlik yarışında iştirakını elan etdiyi vaxtdan bəri təxminən 500 milyon dollar toplayıb. Məlumata görə, Donald Trampın kampaniyası isə 327 milyon dollar toplayıb ki, bunun da 138,7 milyon dolları iyulda yığılıb.

ABŞ prezidenti Co Bayden Demokratlar Partiyasının Çikaqoda keçirilən qurultayında çıxış edərək, prezidentlik fəaliyyətinin nəticələrindən danışıb. Bayden prezident kimi əldə etdiyi uğurlar arasında Ukraynanın Rusiya təcavüzünə müqavimət göstərmək qabiliyyətini də qeyd edib. Prezident vurğulayıb ki, nə o, nə də onun varisi Kamala Harris Putinə baş əymək niyyətində deyil: “Tramp Putinin qarşısında diz çökəcək. Mən bunu heç vaxt etməmişəm və sizə söz verirəm ki, Kamala Harris də bunu heç vaxt etməyəcək. Putin üç günə Kiyevi ala biləcəyini düşünürdü. Üç il keçsə də, Ukrayna yenə azaddır”.

O, həmçinin administrasiyasının qlobal alyansların möhkəmləndirilməsində uğurlarını qeyd edib: “NATO-nu gücləndirmək üçün Avropadakı tərəfdaş dövlət başçıları ilə təxminən 190 saat vaxt keçirdim. Biz bunu bacardıq, İsveç və Finlandiyanı NATO-ya qataraq, illərdir edilməyəni etdik, Avropanı birləşdirdik”. Bayden həmçinin amerikalıları Harrisə səs verməyə çağırıb və onu prezidentlik yarışından çəkilməyə inandıranlara qarşı kin saxlamadığını deyib: “Amerika, mən sənə əlimdən gələnin ən yaxşısını, həyatımın ən yaxşı 50 ilini verdim”. ABŞ-ın keçmiş prezidenti Barak Obama bildirib ki, qarşıdan gələn prezident seçkiləri demokratların inandığı ölkə uğrunda mübarizə olacaq. “İndi inandığımız Amerika uğrunda mübarizədə hər şey yalnız bizdən asılıdır. Və səhv anlamayın, bu, mübarizə olacaq”, - Obama bildirib.

Almaniya kansleri Olaf Şolts isə ABŞ Demokratlar Partiyasından prezidentliyə namizəd olan Kamala Harrisin çox yaxşı prezident olacağını deyib: “Mən onu yaxşı tanıyıram. O, şübhəsiz ki, çox yaxşı prezident olardı. Kamala Harris çox yaxşı siyasətçidir, bizim üçün vacib olan dəyərlərə - ABŞ və Avropa, ABŞ və Almaniya arasında yaxşı əməkdaşlıq olmasına sadiq qalacaq”. Bununla belə, kansler Harrisin Almaniya üçün keçmiş Amerika lideri Donald Trampdan daha yaxşı variant olub-olmayacağı sualına cavab verməyib: “Əgər Donald Tramp ABŞ-dakı prezident seçkilərində qalib gəlsə və Ukraynaya hərbi yardım göstərməsə, Almaniya yenə də Kiyevə dəstəyini davam etdirəcək”. Bunu da Almaniyanın iqtisadiyyat naziri Robert Habek deyib: “Bəli, bu halda biz Ukraynanı tək qoymayacağıq. ABŞ-ın köməyi olmasa, Ukrayna həqiqətən də nəyisə çatışmayacaq, lakin bu, qalan müttəfiqləri daha da sıx əməkdaşlığa təşviq edəcək”.

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp isə özünün “Truth Social” sosial şəbəkəsində yazıb ki, Demokratların namizədi Kamala Harris seçkidə qalib gəlsə, ABŞ çökəcək. Tramp Harrisi həddən artıq solçu adlandırıb: “Yoldaş Kamala Harris ölkəmiz üçün dəhşətli perspektivdir. O, kommunistdir, həmişə kommunist olub və həmişə kommunist olacaq. Onun hakimiyyəti altında ABŞ çox tez dağılacaq. Biz buna imkan verməyəcəyik”. Yeri gəlmişkən, Harris 4 sentyabrda “Foks Nyus”da keçiriləcək debatdan imtina edib. Tramp bu qərardan təəccüblənməyib: “Debat baş tutmasa da, eyni tarixdə seçicilərin suallarını tək cavablandıracam”. Beləliklə, Trampın prezident seçiləcəyi halda, Ukraynada münaqişənin Kiyevin arzulamadığı şəkildə dayandıracağı ilə bağlı kollektiv Qərbdə narahatlıq var. Amma NATO və koalisiya qüvvələri bu strateji savaşda Rusiyanı zəiflətməyi hədəflədiyi üçün konfliktə son qoymaq istəmirlər...

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

 Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədova ABŞ seçkilərində daha bir debüt olacağını istisna etmir. Onun dediyinə görə, Harris Amerika tarixində ilk afroamerikalı və ilk qadındır. Analitik hesab edir ki, Obama kimi Demokratlar Partiyasının namizədi olan afroamerikalı bir qadın ilk dəfə ölkənin prezidenti seçilə bilər: “Qərb dövlətlərinin liderlərində də ona simpatiya müşahidə olunur. Əvvəlcədən görünür ki, Harris Kiyevi müdafiə etməyə hazırdır. Tramp isə Ukraynaya dəstəklə bağlı dilindən normal fikir çıxarmayıb. Ona görə də daha çox Ukraynanın aqibətini müəyyən edəcək bir seçkilər olacaq. Amerikalı seçici də Ukrayna üzərindən seçimini edəcək. Təbii ki, burada əhalinin rifah səviyyəsi, iqtisadi məsələlər, maaş, iş və s. kimi vacib problemlər də mövcuddur, amma qlobal mənada Harris, yoxsa Tramp seçiminin açması budur - Rusiyaya qarşı döyüşmək, yoxsa Kiyevi yarıyolda qoymaq...”

Ekspertin fikrincə, Avropa liderləri Ukrayna münaqişəsində Trampın yardımları dayandırmasından qorxurlar: “Bu halda, Qərb ölkələrinin üzərinə ağır yük düşəcək. ABŞ və Böyük Britaniya bu müharibənin aparıcı gücləridir. Onlarsız savaş Ukraynanın məğlubiyyəti deməkdir. London dəstəyini davam etdirəcək, Tramp isə Vaşinqton adından əvvəlki yardımları etməsə, o zaman birləşmiş Qərbdə parçalanma ola bilər. Güc mərkəzləri isə Harrisi üstün görürlər və onunla yola davam etmək istəyirlər. Noyabrın 5-də ABŞ seçkilərinin nəticələri geosiyasi qarşıdurmada yeni bir səhifənin açılmasına səbəb olacaq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR