Onlayn ictimai-siyasi qəzet
ABŞ, Rusiya və Ukrayna arasındakı münasibətlər artıq diplomatik cümləpərdazlıq mərhələsini arxada qoyaraq, çılpaq xarakter alıb. Öz üzərinə vasitəçilik missiyası götürən Vaşinqton indi eyhamlarla danışmır, tərəflərə sözünü birbaşa, açıq şəkildə (ancaq birinə sərt, digərinə yumşaq) deyir.
Beynəlxalq mediada yayılan xəbərlərdə bildirilir ki, ABŞ Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Ukraynanın Rusiyaya güzəştə getməyə hazırlığını sınayacaq. nümayəndə heyəti Ukraynanı təmsil edənlərin, el dilində desək, ağzını arayacaq.
Qeyd olunur ki, Ər-Riyadda keçiriləcək danışıqlarda Ukrayna tərəfinin çevik olmasının vacibliyini vurğulayan amerikalı rəsmilərdən biri deyib ki, Kiyevin sülh istəməsini bildirməsi ilə yanaşı, heç bir məsələdə güzəştə getmək istəməməsi bir araya sığan iş deyil.
Başqa bir nümayəndə bildirib ki, ukraynalılar 2014 və ya 2022-ci il sərhədlərində israr edəcəkləri halda, sülh olmayacaq.
Bu da belə bir vasitəçilikdir. ABŞ Rusiyanın indiyədək işğal etdiyi bütün ərazilərin Moskvanın sərəncamında qalmasını, Ukraynanın bu işğalla barışmasını və ərazilərin Rusiya Federasiyası tərəfindən rəsmi şəkildə ilhaq edilməsi ilə razılaşmasını tələb edir.
Ukraynalılar bu varianta razılaşmadıqları təqdirdə, onlar “sülh istəməyən mürtəce tərəf”, “aqressor” durumuna qoyulacaqlar.
Ukrayna tərəfi bu təkliflə razılaşsa, Rusiya və ABŞ təntənə edəcək - Rusiya 3 il davam edən müharibədə qalib gəldiyi üçün, ABŞ isə yeni prezidentinin qısa müddətdə “sülh”ə nail olmasına görə.
Bu halda onların hər ikisinin istədiyi bir məsələ də reallaşacaq. Belə bir alçaldıcı sülhdən, daha dəqiqi, kapitulyasiyadan sonra Vladimir Zelenski də hakimiyyətdə qala bilməyəcək.
ABŞ-nin “sülh planı” bundan ibarətdir. Onun reallaşacağı təqdirdə udan Rusiya, uduzan Ukraynadır. Bu yerdə “qarşılıqlı güzəşt” deyilən bir söz birləşməsi də onu ifadə edir ki, Rusiyanın Ukraynaya güzəşti, onun yerdə qalan ərazisini işğal etməməsi olur.
Ukrayna tərəfinin belə bir sülh variantına razı olub-olmayacağını bilmək olmaz. Hər halda bu ölkəni idarə edənlər real vəziyyəti, güc və potensiallarını hamıdan daha yaxşı bilirlər və sonda özlərinə sərfəli variantı qəbul edəcəklər.
Ancaq Ukraynanın düşdüyü vəziyyət və üzləşdiyi ritorika Azərbaycan vətəndaşlarına tanış gəlməlidir.
Vaxtilə ABŞ diplomatik çərçivə daxilində eyni sözləri Azərbaycana da deyirdi, onun Ermənistan tərəfindən işğal olunmuş ərazisinin bir hissəsinin qondarma “dqr”ə ilhaq olunmasıyla barışmasını istəyirdi.
Həm də bu zaman ABŞ tək deyildi, onunla bərabər ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa və Rusiya da eyni fikirdəydilər. İldə 4 dəfə regiona səfər edən həmsədrlər növbə ilə Bakıda, İrəvanda və Xankəndidə görüşlər keçirir, cızılmış patefon valı kimi eyni cümlələri təkrarlayıb dururdular. Bu cümlələr aşağıdakı kimi idi: “Azərbaycan yaranmış status-kvo ilə barışmalıdır”; “Tərəflər münaqişəni qarşılıqlı güzəştlər əsasında, danışıqlar yolu ilə tənzimləməlidirlər”; “Bu münaqişənin hərbi yolla həlli mümkün deyil” və s.
Həmsdərlərin təklif etdiyi “sülh planları”nda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması məsələsi heç üçüncü dərəcəli məsələ də deyildi. O məsələ böyük paytaxtlarda çoxdan “həll olunmuşdu”: Ermənistan ordusunun işğalı altında olan ərazilərin böyük bir hissəsi ermənilərdə qalır, “artsax”ın ətrafında olan rayonların xarabalıqları Azərbaycana qaytarılır.
Ermənilər və vasitəçi həmsədrlər bizim öz torpağımızı özümüzə “güzəşr edir”, hələ bir minnət da qoyurdular.
Beynəlxalq vasitəçilərin “aralıq atı -keçəl Fatı” kimi fəaliyyət göstərdiyi 30 ilə yaxın dönəmdə bir dəfə də olmadı ki, onlar aqressora, işğalçıya barmaq tuşlayalar və deyələr ki, o, işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çəkilməlidir. Bir dəfə də olmadı.
Azərbaycan dövləti Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə dünyada mövcud olan ən yüksək muxtariyyat hüququ vəd etsə də, nə ermənilər buna razılaşdılar, nə də həmsədrlər bu jestə vurğu edərək, Ermənistanın onunla razılaşmasında təkid etdilər.
Əslində isə Ermənistanın dərdi təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini qoparıb özünə qatmaq deyildi, Kəlbəcər və Laçının da özündə qalmasını istəyirdi və başda ABŞ olmaqla digər həmsədrlər də bu variantla razıydılar.
Bu mənfi səciyyəli maksimalistliyin, açıq həyasızlıq və ədalətsizliyin sonu necə oldu, hamımız bilirik. 5 il əvvəl “dünyadakı ən yüksək muxtariyyat statusu”na razılaşmayan ermənilər indi ən alçaq statusla razılaşmağa hazırdırlar.
Baxaq, görək, sabah Ər-Riyadda keçiriləcək görüşdə, amerikalılar demişkən, “Ukraynanın sülh prosesinə yanaşması nə dərəcədə praktik olacaq”.
Araz Altaylı, Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ