İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə üç saatlıq müzakirədən sonra: Entoni Blinkenin açıqlaması

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin aprelin 24-ü Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba, müdafiə naziri Aleksey Reznikov, daxili işlər naziri Denis Monastriyski ilə görüşüb, üç saatadək müzakirə aparıblar.

Novator.az saytı CNN kanalına istinadla bildirir ki, Amerikanın dövlət katibi və müdafiə naziri görüşün yekunları haqda mediaya Kiyevi tərk edəndən sonra, Polşanın Ukrayna sərhədinə yaxın ərazisində danışıblar.

Entoni Blinken jurnalistlərə deyib ki, onlar Kiyevə Polşanın cənub-qərbindən qatarla gediblər. Paytaxta düşən kimi Prezident sarayına yollanıb müzakirəyə başlayıblar. Ona görə sadə ukraynalılarla geniş ünsiyyət qurmaq, Kiyevi ətraflı müşahidə etmək imkanları olmayıb: “Biz, əlbəttə, Kiyevin küçələrində adamları gördük və bu, Kiyev uğrunda döyüşün qələbə ilə başa çatdığına dəlalət edir”.

Blinken qeyd edib ki, ilk baxışdan Kiyevin bir çox yerində həyat normal axarda görünür: “Amma bu vəziyyət ölkənin digər yerləri, cənub və şərqi ilə müqayisədə tam ziddiyyət təşkil edir. Həmin yerlərdə Rusiya hər gün insanlara qarşı dəhşətli əməllər törədir”.

Rusiyanın Ukraynada uduzmaqda, Ukraynanın isə əksinə – uğur qazanmaqda olduğunu bildirən Entoni Blinkenin sözlərinə görə, Kremlin hədəfi Ukraynanı suverenlik hüququndan, müstəqillikdən məhrum etmək idi: “Ancaq Rusiya məqsədinə çata bilmədi. O, ordusunun qüdrətini və iqtisadiyyatının gücünü sübut etməyə çalışırdı. Biz isə bunun əksini görürük”.

Ukraynada müharibənin sonrakı gedişinin necə olacağı haqda proqnoz verməyə çətinlik çəkən dövlət katibi vurğulayıb: “Bizim bildiyimiz odur ki, suveren, müstəqil Ukraynanın ömrü Rusiya prezidenti Vladimir Putinin siyasi ömründən uzun olacaq. Və biz Ukraynaya dəstəyimizi yekun qələbəni görənəcən davam etdirəcəyik”.

Entoni Blinken yaxın günlərdə amerikalı diplomatların Ukraynaya qayıdacaqlarını və bir neçə həftəyə ABŞ-ın Kiyevdəki səfirliyinin fəaliyyətini bərpa edəcəklərini də söyləyib.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total hərbi əməliyyatlar aparır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR