Onlayn ictimai-siyasi qəzet
GUAM-ın yaranmasını, üç post-sovet ölkəsinin – Azərbaycanın, Gürcüstanın və Ukraynanın MDB-dən əlavə bir təşkilatda da birləşməsini amerikalıların necə maraqla, hətta sevinclə qarşılamasının özümüz də şahidi olmuşuq, ona görə ki, bu, Rusiyanın geosiyasi fəzasında növbəti dərin çat idi.
Yox, burada GUAM-ın bu illər ərzindəki fəaliyyətinə qiymət vermək fikrimiz yoxdur, yalnız onu deyə bilərik ki, bu fəaliyyət daha əvvəlki illərdə olduğu kimi sıx və intensiv deyildir.
Üstəgəl, bunun yeganə səbəbi heç də təşkilat daxilində üç ölkənin – Gürcüstanın, Ukraynanın və Moldovanın daha sürətli və intensiv avro-inteqrasiya yolu tutması deyil, Bakının təşkilata marağının kəskin şəkildə azalması həm də onun nəticəsində oldu ki, GUAM üzvlərinin Azərbaycanın əsas probleminə - keçmiş Dağlıq Qarabağ probleminə adekvat münasibətini görmədik.
Bilirəm, tələskən oxucu deyəcək ki, axı nədən burada GUAM yada düşdü?
Məsələ bundadır ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri və Bakıda çox isti qarşılanması Ukraynada bəzi dairələrin xoşuna gəlməyib və onlar Azərbaycana qarşı əsl qara kampaniyaya başlayıblar.
Düzdür, biz rəsmi Kiyevin bu məsələ ilə bağlı hər hansı rəsmi açıqlamasına hələ təsadüf etməmişik. Düşünürük ki, rəsmi Ukrayna tərəfindən bizə hər hansı qınaq da ola bilməz, çünki biz Ukraynaya qarşı həmişə səmimi münasibətdə olmuşuq, Bakı nəinki daim Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib, hətta dəfələrlə bu ölkəyə gücü çatan, bacardığı humanitar yardımı və dəstəyi də göstərib.
Əlbəttə, Rusiyanın Ukraynaya qarşı apardığı ədalətsiz müharibənin heç bir bəraəti yoxdur, çünki bu, sırf işğalçılıq müharibəsidir.
Kimə lazımdır o? On milyonlarla kvadrat kilometr ərazisi olan Rusiyayamı? Bəlkə rus xalqına? Yoxsa ukraynalılara? Yox, bu müharibə heç kimə lazım deyil. Ona görə də ukraynalıların Kurska hücumundan sonra onun ruslar üçün “vətən müharibəsi”nə çevriləcəyini düşünmək gülünclükdən başqa bir deyil.
Hansı “vətən müharibəsi”dən söhbət gedə bilər? Ruslar əvvəlcə soruşmalıdırlar ki, onların qoşunları, ordusu axı Ukraynada nə gəzir?
Rəsmi Kremlin bu vaxta qədər bir açıqlaması olub: guya onlar NATO-nun Şərqə doğru irəliləməsinin – genişlənməsinin qarşısını almaq istəyirlər! Amma aldılarmı, ala bildilərmi? Ukraynaya qarşı müharibə başlayandan sonra NATO bir təşkilat kimi daha da dirçəldi, bu vaxta qədər onun perspektivlərilə bağlı tərəddüd edənlər də anladılar ki, onu dəfn etmək hələ çox tezdir. İki yeni dövlət NATO-ya üzv oldu bu müddətdə, bir neçə neytral ölkə Blokla əlaqələrini intensivləşdirmək haqqında qərar verdi! Üstəlik, dəfələrlə bəyan edildi ki, yaxın müddətdə NATO-nun Kiyevi üzvlüyə qəbul etmək planları yoxdur, onlar hətta belə dedilər ki, Moskvanın “narahatlığını” da başa düşürlər...
Sadəcə, məsələ bundadır ki, hələ amerikalı mərhum politoloq Zbiqnev Bjezinski dəfələrlə yazmışdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları tamam puç və mənasızdır.
Üstəlik, təkcə Ukrayna yox, Rusiyanı bütün keçmiş sovet məkanı bir maqnit kimi özünə çəkir. Bir daha deyirik ki, məsələ bundadır və Moskvanın Ukraynada apardığı işğalçı müharibəni heç nə ilə ört-basdır etmək mümkün deyildir – bu, sırf işğaldır və Kreml rəhbərliyi də bu qonşu ölkədə əsl işğalçı müharibə aparır...
O ki qaldı bizə, özümüzü Rusiyaya və onun rəhbərlərinə borclu bilməməliyik, biz torpaqlarımızı azad etməklə öz haqqımızı almışıq. Bəli, İkinci Qarabağ müharibəsində Rusiya nisbi neytrallıq göstərdi. Gəl, bunun da səbəbləri var. Birincisi, Rusiya bir böyük dövlət kimi özünün Cənubi Qafqazdakı siyasətini bütünlüklə Ermənistanın maraqlarına tabe edə bilməz, bu bölgədə onun üçün Azərbaycan, hətta Gürcüstan da var.
İkincisi, on illərdən sonra Kreml, nəhayət ki, Azərbaycana qarşı tələblərini bir çərçivəyə, nizama sala bildi –Moskva istəyir ki, Bakı onun geosiyasi maraqlarını nəzərə alsın, Avropa İttifaqına və NATO-ya inteqrasiya etməsin. Bakı da bununla razılaşıbdı.
Üçüncüsü, Rusiya da Türkiyə və türk faktoru ilə hesablaşmağa məcburdur. Onun nəinki çevrəsində, hətta daxilində xeyli türk xalqları və siyasi qurumları var.
Dördüncüsü, bir daha deyirik ki, Rusiya İkinci Qarabağ savaşında yalnız nisbi neytrallıq göstərdi.
Belədə isə, Moskvanın İrəvana gizli yolla silahlar, hətta raketlər göndərməsi haqqında xəbərlər dolaşırdı. Müharibə zamanı hətta döyüş bölgəsindən xeyli uzaq Gəncə şəhəri vuruldu! Bu, tək ermənilərin əməli idimi?..
Elə bu səbəbdən də bir daha deyirik ki, biz özümüzü Kremlə və ya Moskvaya borclu bilməməliyik. Hazırda ruslar üç istiqamətdə bizə ciddi yardımçı ola bilərlər. Birincisi, Minsk Qrupunun buraxılmasıdır.
Bəlli olduğu kimi, Rusiya da bu qurumda həmsədr ölkələrdən biri idi. ABŞ bu günlərdə belə bəyan etdi ki, onlar tərəflərlə istənilən formatda əməkdaşlıq etməyə hazırdırlar, yəni Minsk Qrupunun qalmasında israr etmirlər. Rusiya da buna dəstək versə, yalnız keçmiş üçüncü həmsədr – Fransa qalacaq və güman edirik ki, o, da axırda başa düşəcəkdir ki, qatar gedibdir və heç kim onun “xidmət”inə möhtac deyil.
İkincisi, daha bir mühüm məsələ Ermənistan qanunlarından Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarının çıxarılmasıdır. Düzdür, hazırda İrəvan KTMT-nin bütün tədbirlərini boykot edir və hətta onun sıralarından çıxacağını da bildirir. Amma bir üzv kimi (formal olsa da!) Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddialarında bulunması KTMT-nin nüvəsi olan Rusiya üçün də bəzi dövlətlərlə münasibətlərdə problemlər yaradır ki, bu da nə vaxtsa Kreml tərəfindən nəzərə alınmalıdır. Hər halda, buna ümid edirik...
Üçüncüsü, bizə belə gəlir ki, Moskva “Zəngəzur dəhlizi” məsələsində hələ də tam səmimi deyil (hətta XİN rəhbəri S.Lavrovun son açıqlamalarına rəğmən!). O, Azərbaycan-Ermənistan müstəvisində hələ də özü üçün yeni bir “rıçaq” axtarır. Əgər belə olmasaydı, Kreml özünün konsulluğunu Xankəndidə deyil, Azərbaycanın başqa bir, daha münasib şəhərində açmaq fikrinə düşərdi...
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ