Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda ötən il ərzində 60810 nəfər vəfat edib. Vəfat edənlərin 33157 nəfərini kişilər, 27653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına, yəni pensiya yaşına çatmadan ölüb.
Məlumat üçün qeyd edək ki, 1 iyul 2020-ci tarixindən etibarən Azərbaycanda kişilər 65 yaşından sonra pensiyaya çıxır.
Azərbaycanda orta ömür 74 ildir. Belə olan halda ekspertlər təklif edirlər ki, ya pensiya yaşı azaldılmalı, ya da yığılmış kapitalın müəyyən hissəsi vətəndaşlara qaytarılmalıdır. Milli Məclisdə də bununla bağlı dəfələrlə müzakirə aparılıb. Xatırlatmaq yerinə düşər ki, bəzi vətəndaşlar yığılmış kapitalın tam hissəsinin geri çəkilməsi ilə bağlı da təkliflər irəli sürüblər.
Milli Məclisin 29 martda keçirilən növbəti plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirə edilərək qəbul olunub. Deputat Razi Nurullayev konkret təkliflə çıxış edib: “Təmsil etdiyim Milli Cəbhə Partiyasının təklifi budur ki, pensiya yaşı həm kişilər, həm də qadınlar üçün azaldılsın. Kişilər üçün 62, qadınlar üçün 60 yaş həddində müəyyənləşdirilsin. Təklifimizin səbəbi isə vətəndaşlarımıza tələb olunan səviyyədə tibbi və sosial təminat verə bilməməyimiz, son zamanlar isə vətəndaşların pensiya yaşına çatmadan vəfat etməsi hallarının çoxalmasıdır. Digər məsələ isə pensiya yaşına çatmağa bir neçə ay, bir neçə il qalmış şəxslər vəfat edəndə onlara dəfn pulunun verilməməsidir. Bu məsələni bir dəfə burada qaldırmışdım və o zaman deyildi ki, məsələ həllini tapacaq. Təklif edirəm ki, pensiya yaşına çatmağa 5 il qalmış dünyasını dəyişən şəxslərə də dəfn pulu verilsin. Bununla bağlı daha çox müraciətlər daxil olur. Çünki son illər vətəndaşlar pensiya yaşına çatmadan dünyalarını dəyişirlər”.
Musa Quliyev
Deputat Sabir Rüstəmxanlı bildirdi ki, bütün əhalinin təqaüd yaşına nəzər yetirmək lazımdır: “Veteranlar bizə məktub yazır ki, dövlət bizim təqaüd yaşımıza yenidən baxsın. Heç olmasa, onların təqaüd yaşlarını 62-yə salmaq olar. Qadınların təqaüdünə də baxmaq lazımdır. Bu yaş həddi Azərbaycan üçün çox böyük rəqəmdir. Deyirlər ki, Azərbaycan uzunömürlülər məskənidir, amma bu deyim artıq nağıllarda qalıb”.
Komitə sədri Musa Quliyev təkliflərə reaksiyasında bildirdi ki, dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır. Komitə sədrinin sözlərinə görə, bu gün dünyada uzunömürlülük artır: “Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alarsınız”.
Vüqar Bayramov
Millət vəkili Vüqar Bayramov “Yeni Müsavat”a bildirdi ki, pensiya islahatlarının dərinləşdirilməsi hər zaman aktual olan məsələlərdəndir. Millət vəkili xatırlatdı ki, 2024-cü ilin yaz sessiyasında da bu məsələ müzakirə olundu: “Daha tez pensiyaya çıxma hüququ olan vətəndaşların siyahısı genişləndirildi. Çoxuşaqlı ailələrdə yalnız xanımlar deyil, kişilərin də daha tez pensiyaya çıxma halları və hüquqları təsbit olundu. Bizim təklifimiz budur ki, differensial olaraq xanımlarla kişilərin pensiya yaşında fərq müəyyənləşdirilsin. Xanımların pensiyaya daha tez çıxmasını təklif edirik. Eyni zamanda çoxuşaqlı ailə anlayışına baxılması və dəyişdirilməsi, həm də daha tez pensiyaya çıxmaq hüququndan istifadə edən vətəndaşlarımızın siyahısının genişlənməsi və onlara daha tez pensiyaya çıxma hüququnun verilməsinə çalışırıq. Vətəndaşların güzəştli şərtlərlə pensiyaya çıxmasının təmin edilməsini təklif edirik. Eləcə də pensiya kapitalından istifadə imkanlarının şaxələndirilməsi və pensiya kapitalının bəlli hissəsindən varislərin yararlanması üçün imkanların yaradılması, pensiya kapitalına əlçatanlığın artırılması kimi məsələlər aktualdır. Milli Məclisin iclaslarında bu istiqamətdə mütəmadi təkliflər təqdim olunur”.
Natiq Cəfərli
İqtisadçı ekspert Natiq Cəfərli də hesab edir ki, pensiya yaşına çatmadan vəfat edən vətəndaşın illərlə sosial müdafiə fonduna köçürdüyü vəsaitin taleyi qaranlıq qalmamalı, qanunvericilikdə müvafiq tənzimləmə aparılmalıdır: “Vətəndaşların illərlə ödədiyi vəsaitə birbaşa çıxış imkanı olmalıdır. Vərəsəlik hüququ olan ailə üzvlərinin sözügedən vəsaitə əlçatanlığı təmin olunmalıdır. İnsanlar çalışırlar 10, 15, bəzən hətta 40 min vəsait toplanır, lakin qanunvericilikdə bu məbləğin ailə üzvlərinə çatdırılması çox qeyri-müəyyən cümlələrlə ifadə olunub. Vətəndaşların, yaxud onların varislərinin Sosial Müdafiə Fondunda qalan vəsaitə çıxışı ilə əlaqədar sərəncam vermək hüququ qanunda açıq-aşkar ifadə olunmalıdır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ