Son dövrlərdə paytaxtda kirayə mənzillərin qiymətləri sürətlə yüksəlməkdədir. Xüsusilə şəhər mərkəzində və metro stansiyalarına yaxın ərazilərdə qiymətlər əvvəlki aylara nisbətən xeyli artıb. Ekspertlər isə il sonuna qədər bahalaşmanın davam edəcəyini proqnozlaşdırırlar.
Kirayə axtaranlar üçün vəziyyət daha da çətinləşə bilərmi?
“Yeni Sabah”ın əməkdaşı əmlak eksperti Anar Nəsirovla kirayə mənzil bazarında ən son vəziyyəti müzakirə edib.
Ekspert mövzunu şərh edərkən növbəti aylarda durumun hansı istiqamətdə dəyişəcəyi ilə bağlı ehtimalları açıqlayıb:
“Kirayə mənzil bazarında qiymət artımının əsas səbəblərindən biri təklifin tələbi qarşılaya bilməməsidir. Bakıda işləmək və ya təhsil almaq məqsədilə paytaxta üz tutan rayon sakinlərinin, eləcə də turistlərin və əcnəbilərin sayının artması bu balanssızlığın əsas amillərindən biridir. Quru sərhədlərin açılması isə bu tendensiyanı daha da gücləndirə bilər, çünki turist axınının çoxalması kirayə mənzil bazarına əlavə təzyiq yaradacaq.
Xüsusilə şəhərin mərkəzi hissələrində ev qiymətlərinin yüksək olması, vətəndaşları kənar ərazilərə yönəldir. Yeni Günəşli, Nefçilər və Qara Qarayev metrostansiyalarının ətrafında yerləşən kirayə mənzillərin qiymətlərində yaxın aylarda artım gözlənilir. Ümumilikdə isə il sonuna qədər bazarda 30-40 faizlik bahalaşma ehtimalı var”.
A.Nəsirov qeyd edib ki, kirayə qiymətlərində ucuzlaşma yalnız təklifin tələbi üstələdiyi halda mümkündür, lakin hazırkı şəraitdə bu real görünmür, çünki tələb kifayət qədər yüksəkdir:
“İnsanlar daha çox şəhərə yaxın Xırdalan, Biləcəri, Yeni Günəşli, Nefçilər və Qara Qarayev kimi ərazilərə üz tuturlar. Bir zamanlar bu yerlərlə mərkəz arasındakı qiymət fərqi 50 faizə qədər idisə, hazırda bu fərq cəmi 10 faiz təşkil edir. Tələbin davamlı artması fonunda bu ərazilərdəki kirayə qiymətlərinin şəhərin mərkəzindəki səviyyəyə yaxınlaşması mümkündür. Xüsusilə metro stansiyalarına yaxın yerlərdə bahalaşma daha çox nəzərə çarpır”.
ŞƏRHLƏRŞƏRH YAZ