Onlayn ictimai-siyasi qəzet
"Ürəyimdə qalan obrazlar var. Səhvlər etmişəm. Baxmayaraq ki, mənə qadağalar qoyublar. Məni nəinki filmə çəkilməyə, heç dublyaj etməyə də qoymadılar ki, 5 qəpik pul qazanım. Adını çəkmək istəmirəm. Çünki həmin filmə başqa adam çəkilib. Çağırdılar ki, "Mələk" (aktrisanın "Dəli Kür" filmində canlandırdığı obrazın adı - red.) kimi bir obrazdır. Mən də Yusiflə ailə qurmuşdum. Getdiyim adamın da ailəsi var idi. Deyəcəkdilər, obrazında da bu cür etdi. Ona görə də dedim bu rol da olsa, nəsə deyərlər, çəkilmədim. Amma çox böyük səhv etmişəm".
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Zemfira Sadıqova "Onunla açıq söhbət" verilişində qonaq olarkən deyib. O, hazırda film sektorunda olan problemlərdən danışıb:
"Həmidə Ömərovanın yaradıcılıq gecəsində dedim, səhnəyə çıxmayacağam. İçim o qədər dolu idi. Həmidəyə dedim ki, məni bağışla, səhnəyə çıxmayacağam, özümü pis hiss edirəm. Sənin xətrinə gələcəyəm. Hamı çıxdı danışdı, gördüm otura bilmirəm. Dedim, mən də gəlirəm danışmağa. Səhnəyə çıxıb dedim ki, Azərbaycan kinosu rəhmətə gedib, heç başsağlığı verən də yoxdur.
Film yoxdur, çəkmirlər. Niyə kinostudiya yoxdur? Elə vaxtları var idi ki, ora qaynayırdı. Bir-birinin ardınca cürbəcür filmlər çəkilir, dublyajlar edilirdi. Amma indi gedib kinostudiyaya baxsanız, görəcəksiniz ki, xarabalıqdır, iş yoxdur. Film çəkən yoxdur.
O qədər istedadlı insanlar var ki, kinostudiyanı Hollivud səviyyəsinə gətirə bilərlər. Ona da çoxlu pul və kömək lazımdır. Elə bir kişi olmalıdır ki, yatmış ölünü İsa peyğəmbər kimi diriltsin".
Aktrisa televiziya verilişlərindən narazı olduğunu bildirib:
"Mənim televizorum yoxdur. Çünki o qədər səviyyəsiz verilişlər olur ki, baxmıram. İnsanda ikrah hissi yaradır. Düzdür, deyirlər yaxşı verilişlər var, olur, şəxsən mən rast gəlməmişəm".
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ