Onlayn ictimai-siyasi qəzet
"Kibercinayət baş veribsə, onda bu prosesdə bank kartını başqasına icarəyə verən də məsuliyyət daşıyır".
Musavat.com bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial media hesabında paylaşımında qeyd edib.
Ekspertin fikrincə, bu tip məqamlar qanunvericiliklə sərtləşdirilməlidir:
"Bizim kiber polislər bank kartları ilə əlaqəli kütləvi cinayətlər törədən bir neçə kibercinayətkarı yaxalaya bilib. Hiss olunur ki böyük əməliyyatdır.
Bu dəstə ən qədim kiber dələduzluq növü ilə, fişinq yolu ilə bank kartların məlumatlarını ələ keçirməklə kartlardakı vəsaitləri talayıblar. Yəni kiber dələduzlar vətəndaşı şirnikləndirilərək, onun inamını qazanaraq bunu reallaşdıra biliblər. Problem yenə də daha çox vətəndaşın nə dərəcədə rəqəmsal savadlı olması, nə dərəcədə məlumatlı olması ilə əlaqəlidir. Kiber dələduzlar ümumilikdə 0.5 milyon ələ keçirə biliblərmiş.
Maraqlıdır ki, cinayətin ən çətin mərhələsini, yəni oğurlanan pulun özününküləşdirilməsi üçün kimdənsə icarəyə götürülən kartlardan istifadə ediblər. Bu kartlara köçürülən vəsaiti də kiberbirjalara yönəldiblər.
Görəsən kartını icarəyə verən də məsuliyyət daşıyırmı?
Kibercinatəkarlıqla Mübarizə Baş İdarəsi bildirib ki, kartını kibercinayətkarlara maddi maraq qarşılığında istifadəyə verən şəxs də həmin cinayətkar dəstələrin üzvü hesab edilir və qanun qarşısında məsuliyyət daşıyır.
Düşünürəm ki, bu tip məqamları qanunvericiliklə sərtləşdirmək doğru olardı".
Xalidə Gəray,
Musavat.com
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ