Onlayn ictimai-siyasi qəzet
Musavat.com Ermənistan mediasına istinadən bir video təqdim edir. Bu videoda Tavuş vilayətinin arxiyepiskopu Baqrat Qalstanyan danışır. O, son günlər Ermənistandakı "sərhəd etirazları"nın əsas fiqurantı kimi məşhurlaşıb.
Qazax və Tovuzla həmsərhəd olan Tavuş vilayətindən başlayan və heç dayanmayan etiraz aksiyalarının drijoru, təşkilatçısı və ideoloqu məhz arxiyepiskop Baqrat Qalstanyandır.
Onun davranış və açıqlamalarından da sezilirdi ki, Paşinyana və bütövlükdə sülhə qarşı olan bu etirazların arxasında erməni kilsəsi, Paşinyan - Katalikos (Eçmiədzin) qarşıdurması dayanır. Tavuşun provokator keşişi 5 mayda verdiyi açıqlama ilə bütün kartları açır.
Sitata diqqət edin: "Ali Patriarxın xeyir-duası olmadan biz heç nə etmirik”.
Vəssəlam - hər şey ortadadır! Arxiyepiskop Baqrat Qalstanyan adi bir suala - Eçmiədzinin hərəkata qoşulub-qoşulmayacağına cavab verərkən dediyi bu ifadə prosesin arxasındakı güclərin mahiyyətini üzə çıxarmış oldu.
Musavat.com sosial medianın erməni seqmentinə istinadla xəbər verir ki, artıq 5 maydan etibarən Tavuşdakı etiraz aksiyaları böyüməkdə və kütləvilik qazanmaqdıdır. Hal-hazırda sərhəd kəndlərində başlayan etirazlara qoşulanların İrəvana yürüş ermələrinin görüntüləri yayılmaqdadır.
İrəvan-Göyçə yolu. Etirazlar genişlənir.
Ermənistanın işğal etdiyi Qazaxın kəndlərinin (7 kənddən 4-ü) Azərbaycana təhvil verilməsi anlaşmasından dərhal sonra Tavuş vilayətində başlayan etirazlar günlərdir ki, səngimir. Paşinyanın bu dalğaya tab gətirib - gətirməyəcəyini söyləmək çətindir. Lakin bir məsələ dəqiqdir - Ermənistan qarşıdakı günlərdə daha da qarışacaq.
Erməni kilsəsinə gəldikdə isə...
Erməni tarixi ilə az-çox tanışlığı olanlara məlumdur ki, erməni kilsəsi hər zaman aqressiv, müharibəyə səsləyən bir dini mərkəz olub. Bunun bir sıra səbəbləri var. Uzun illər dövləti olmayan erməniləri birləşdirən, bir arada tutan erməni kilsəsi olub. Kilsə uzun bir tarix boyu ermənilərin təkcə dini deyil, eyni zamanda elmi, ictimai-siyasi mərkəzi olub. Doğrudur, 19-cu əsrdə meydana çıxan millətçi siyasi təşkilatlar müəyyən mənada erməni kilsəsini sıxışdırsa da, bütün bu dövrdə erməni kilsəsi öz mövqeyini və təsirini qoruyub saxlayıb. Çünki erməni kilsəsi həm də “milli kilsə” hesab olunur, yəni yalnız erməniləri birləşdirir və din və millət anlayışını eyni anda daşıyır.
Hazırda Eçmiədzin (Üç kilsə) ilə yanaşı Kilikiya (Beyrut) katolikosluğu, İstanbul və Qüds Patriarxlığı fəaliyyət göstərir. Yayıldığı ərazilərin genişliyinə görə ən böyük kilsə Eçmiədzindir. Buraya Ermənistan, Rusiya, Ukrayna və bəzi Avropa ölkələrindəki erməni kilsələri tabedir. Kilikiya katolikosluğu isə Suriya və Livan erməni kilsələrinə nəzarət edir. Erməni icması üzərində əsas təsir vasitəsi olan kilsə “ondabir” vergisini topladığı üçün böyük maliyyə imkanlarına malik olub, məktəblər açır, ictimai-siyasi məsələlərlə bağlı qərarlar verir və dünyaya səpələnmiş ermənilər üçün əsas ictimai-siyasi mərkəz rolunu oynayır.
Erməni kilsəsi indi də radikal çağırışları və Paşinyan höküməti ilə sərt qarşıdurması ilə fərqlənir. Kilsə-hokumət qarşıdırması isə Azərbaycanın 44 günlük müharibədə torpaqlarını geri alması ilə başlayıb.
Musavat.com yaxın tarixdən bir faktı da oxucuların diqqətinə çatdırmaqla, erməni kilsəsinin xarakterini xatırladır. 2020-ci oktyabrın sonlarında, artıq müharibənin taleyi məlum olan ərəfədə bütün ermənilərin katolikosu II Qaregin dünya erməniliyini Qarabağda müharibəyə çağırdı...
Baxmayaraq ki, bütün dinlərin, o cümlədən səmavi dinlərin əsas çağırışı sülhdür. Erməni kilsəsi isə əksinə, hər zaman müharibə mesajı və çağırışı verib, yenə də verməkdədir. Vətən müharibəsində biz əlində avtomat müharibə çağırışı edən keşiş, yaxud da vuruşub ölən və əsir düşən erməni din xadimlərini də gördük.
İndi onlardan daha biri ortalığa düşüb və Ermənistanı qarışdırır. Özünün də dediyi kimi: "Ali Patriarxın xeyir-duası olmadan biz heç nə etmirik”...
Sabahdan İrəvanda Paşinyan üçün sınaq başlayır...
Musavat.com
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ