İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəndə təzə dəllək gəlib...

ABŞ prezidenti Donald Tramp yarımkeçiricilər istehsalını Tayvanın, Sinqapurun və sairənin əlindən alacağını bəyan edib. Bunlar çağdaş elektronika sənayesi üçün çox önəmli mikrosxemlərin, plataların hazırlanmasında vacib elementlərdir. Tramp deyir ki, vaxtilə biz özümüz bu şeyləri buraxırdıq, indi isə dünyanın əlinə baxmağa məcburuq.

Haqlıdırmı? Bir tərəfdən baxanda, hə. Doğrudan da ABŞ-ın bir çox sənaye sahələri əvvəlki şöhrətini itirib. Çikaqonun, Detroytun, Miçiqanın ətraflarında nəhəng zavodlar var ki, indi içində it ulayır. Amerikanın maşınqayırma, kompüter, mobil telefon texnologiyaları üzrə şirkətləri istehsalı daha ucuz Çin, Malayziya, Vyetnam tipli ərazilərə köçürmüşlər. Nəticədə ali təhsili olmayan fəhlə sinfində işsizlik yaranıb.

Ancaq Trampın həmin istehsalatı təzədən Amerikaya qaytarmaq arzuları həm xəyalətdir, reallıqdan çox uzaqdır, həm də öz oturduğu budağa balta çalmaqdır. Çünki Trampa səs verənlərin arasında üstünlüyü elə həmin işsiz fəhlə sinfi təşkil edirdi. İşi-gücü olan, babat dolanışığını təmin edən ali təhsilli orta təbəqə niyə feyk-nyus ustası olan populistin arxasıyca düşüb, onun yalan vədlərinə inanmalı idi?

Başqa tərəfdən, içində həmin yarımkeçiricilər fizikası da olmaqla, dəqiq elmlər üzrə ABŞ-da uğur qazanan, Nobel alan alimlərin bir çoxu ikinci-üçüncü dünya ölkələrinin kasıb, yetim alimləri olmuşdur. Biri faşizmdən, o biri pulsuzluqdan, üçüncü azadlıq xəyalı ilə qaçaraq ABŞ-a sığınmış, onun dünya gücünə çevrilməsinin əsasını qoymuşlar. Amerika “atom bombasının atası” adlandırılan Oppengeymer Almaniyadan qaçmış yəhudi ailəsində doğulmuşdu. Dünyada ilk nüvə reaktorunu Amerikada quran Enriko Fermi italiyalı idi. İlk nüvə sürətləndiricisini quran Lourens norveç əsilli idi. Google şirkətini quranlardan Sergey Brin sovet yəhudisi ailəsində doğulmuş, uşaqlığı SSRİ-də keçmişdi. Apple-nin bir qurucusu Stiv Cobs suriyalı və alman mühacirlərin ailəsində, o biri qurucusu Stiv Voznyak da polşalı miqrantların ailəsində böyümüşdü.

Belə faktları saymaqla qurtarmaz. Hətta bu dəqiqə Trampın əsas kadrlarından, necə deyərlər, şilləvuranı kimi birisinə çevrilmiş biznesmen İlon Mask belə Cənubi Afrika Respublikasında doğulub, uşağlığı orda keçib.

Yəni, hardan baxırsan, bax, bugünkü ABŞ-ı dünya hegemonu edən əslində üçüncü dünya ölkələrindən yığdığı, topladığı insan kapitalıdır. Harda işıqlı, ağıllı adam görüblərsə, dartıb aparıblar. Sümürücü bir ölkədir. Əvəzində də bu üçüncü dünya ölkələrinə quru kağız – dollar veriblər. Çox gözəl alverdir əslində. Sərvəti, beyinləri, faydalı qazıntıları daşı, əvəzində kağız ver. Bu fırıldağın miqyasına ispan konkistadorlar həsəd aparardı.

İndi Tramp bu dövriyyəyə (bizim kimilər üçün, Anadolu ləhcəsiylə yazsam, “kısır döngü”yə) son qoymaq istəyirsə, lap gözəl. Alqışlayırıq. Qoy hərə öz xarabasına çəkilsin. Səninki səndə, mənimki məndə. Üçüncü dünya ölkələrinin beyinləri, sərvətləri özündə qalsın, Amerika da dollarını aparıb silinməli yerlərini silsin.

Yoxsa həqiqətən əcaib vəziyyətdir. Ona minnət qoyurlar, buna minnət qoyurlar... Sanki Əfqanıstandakı sonu biabırçı bitən missiyaya qoşulmağı ABŞ-dan biz özümüz xahiş eləmişdik. Necə olur axı, işinizə yarayanda NATO gözəldir, Avropaya, Ukraynaya lazım olanda “fıs” çıxır? Bir az da bəzəyib məşhur məsəlimizdən düzəltmə eləmək olar: “11 sentyabr olanda alagözlü NATO, Ukrayna öldürüləndə kor Fatı”. Qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə.

Bax, kökünə balta çalınan USAİD – ABŞ Dövlət İnkişaf Agentliyi də elə daha çox özünüzə lazım idi. Kəşfiyyatçı, casus yetişdirməkdən tutmuş, istedadları aşkara çıxarıb cürbəcür qrant projeləri adı altında qamarlayıb ABŞ-a daşımaq üçün. Arada-bərədə yan təsir kimi demokratiyaya, söz azadlığına-filana da az-maz xeyri dəyirdi, insafən. Amma əminliklə yazıram, USAİD daha çox ABŞ dövlətinin inkişafına xidmət edirdi.

Əlbəttə, yavaş-yavaş hər şey axarına qayıdacaq. Müvəqqəti çətinlikdir. Biz senator Obamanın Bakıya gələndə “Əcəmi” metrosunun üstündəki “Makdonalds” üçün əlaqədar orqanlardan xahiş elədiyini unutmamışıq ki. Ordan nəsə yol çəkilməliydi, Barak müəllimin xahişini nəzərə aldıq, “mızdonalds” yerində qaldı. Bunlar da düzələcək. Təzə süpürgə yaxşı süpürər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR