İnsanlara hürriyət, millətlərə istiqlal!

Kənan Mahmudovdan İctimai TV rəhbərliyinə sərt ittiham: “İki il həyatımı aldınız!”

Tanınmış rejissor Kənan Mahmudov İctimai Televiziya rəhbərliyini, televiziyanın baş direktoru Balakişi Qasımovu sərt şəkildə tənqid edib.

Musavat.com xəbər verir ki, o, şəxsi “Facebook” hesabında yayımladığı statusda kanalda ayrıseçkiliyin olduğunu, bəzi rejissorların qərəzli şəkildə işdən uzaq saxlandığını bildirib.

Mahmudov statusunda yazıb:

“Balaş, ora sənin şəxsi kanalın deyil! Ürəyin istədiyi rejissoru içəri buraxıb, ancaq onunla işləyəsən. Ora dövlətdir, biz də dövlətin rejissorlarıyıq. Bu ayrıseçkilik canımızı boğazımıza yığıb. İndi kanalda rəhbərsən deyə, səndən qorxmalıyam? Ağlın ətrafında ikiqat olub əyilənlərə getməsin. Sənin borcundur ki, hamını qəbul edəsən. Bütün yaradıcı insanların əsəblərini pozmusan!”

Rejissorun iddiasına görə, iki il ərzində İctimai TV-də ona məqsədli şəkildə təzyiqlər göstərilib və bu dövr ərzində hüquqları kobud şəkildə pozulub:

“İki il məni barmağınıza doladınız, bunun hesabını sən, səni hamıdan gizlədən Yalçın və bir şey olan kimi “mənlik deyil, Balaşlıqdır” deyən Tural – üçünüz də verəcəksiniz. Həyatımdan iki il almısınız!”

Kənan Mahmudov paylaşımında onu susdurmaq istədiklərini də bildirib və bu cəhdlərin qarşısında geri çəkilməyəcəyini açıq şəkildə bəyan edib:

“Məni susdurmaq istəyirsinizsə, məni ancaq öldürə bilərsiniz, vəssalam!”

İttiham olunan şəxslər – İctimai TV rəhbərliyinin nümayəndələri – hələlik bu açıqlamalara münasibət bildirməyiblər. 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR