İnsanlara hürriyət, millətlərə istiqlal!

Kəlbəcər muzeyində Şəhid Yalçın Mustafayevin yubileyi keçirilib-FOTO

Mayın 30-da 1-ci Qarabağ müharibəsi şəhidi, məşhur tankçı Yalçın Mustafayevin anadan olmasından 50 il keçdi. Bu münasibətlə Mehdiabad qəsəbəsində yerləşən Kəlbəcər Muzeyində Vətən müharibəsi şəhidi Yalçın Mustafayevin xatirəsinə həsr olunmuş tədbir keçirildi.

Musavat.com xəbər verir ki, tədbir çərçivəsində şəhidin şəxsi əşyaları-hərbi geyimi, fotoşəkilləri, sazı və digər yaddaş nümunələri muzeyin xüsusi guşəsində sərgilənib.

Tədbirdə şəhidin anası Rəhimə Mustafayeva, ailə üzvləri, Müdafiə Nazirliyinin zabitləri, döyüş yoldaşları, Kəlbəcər Muzeyinin direktoru Bərzani Əsgərov, Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Qaçqınların və Məcbur Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri, SAVAD İdman Federasiyasının rəhbəri Rafiq Əliyev, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri Xalid Kazımov, Başlıeblin İnkişafına Dəstək İctimai Birliyinin sədr müavini Etibar Ağayev, Kəlbəcər rayonunun 108 saylı, 13 saylı, 18 saylı, 21 saylı tam orta məktəblərinin rəhbərliyi, müəllimləri və bir qrup şagirdi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər Yalçın Mustafayevin göstərdiyi qəhrəmanlıqdan, onun vətənə sədaqətindən və fədakarlığından bəhs etdilər. Muzeydə yaradılan guşənin yaradılmasının şəhidimizin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Bildirilib ki, bu kimi tədbirlər təkcə xatirəni yad etmək deyil, eyni zamanda gənc nəsildə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfə verir.

Çıxışlarda Yalçın Mustafayev kimi qəhrəman şəhidlərimizin qanının yerdə qalmadığı, ikinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı ordumuzun düşməni diz çökdürdüyü, torpaqlarımızı azad etdiyi və bununla bütün şəhidlərimizin ruhunun rahatlıq tapdığı qeyd olunub.

Şəhid Yalçın Mustafayevin və bütün şəhidlərimizin adının daim qürurla çəkiləcəyi və onların əziz xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı vurğulanıb. Sonra adıçəkilən məktəblərin şagirdləri Yalçın Mustafayev və digər şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.  

Yeni Azərbaycan Partiyasının Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov təmsil etdiyi təşkilat adından şəhidin anası Rəhimə Mustafayevaya Fəxri Fərman təqdim edib.

Yalçın Mustafayevin anası Rəhimə Mustafayeva və qardaşı Mobil Mustafayev Yalçının 50 illiyinin xüsusi qeyd olunmasına görə təşəkkürlərini bildiriblər. Bu cür tədbirlərin şəhid ailələri üçün mənəvi təskinlin olduğunu deyiblər.

Qeyd edək ki, Yalçın Mustafayev 30 may 1975-ci ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olub. 1993-cü ilin aprelində Kəlbəcərin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində ailəsi ilə birlikdə məcburi köçkün kimi Bərdə rayonunda məskunlaşıb. Yalçın Mustafayev 1994-cü ilin yanvarında könüllü olaraq milli ordu sıralarına yazılıb və tankçı kimi hərbi qüvvələrimiz sıralarında xüsusi seçilib. İlk döyüşü doğma Kəlbəcərinin azad olunması üçün Murovdağı istiqamətində olub. Bir müddət sonra tankçı olduğu üçün ağır döyüşlərin getdiyi Füzuli rayonuna, sonra isə Ağdam rayonunun Tərtər rayonuna yaxın ərazisinə göndərilib. Düşmənin ən güclü və aktiv olduğu bu bölgədə Yalçın Mustafayev düşmənlə ən yaxın məsafədə döyüşlərə girib. Tankı ilə dəfələrlə düşmən tərəfin güclü nöqtələrini darmadağın edib, itkilərə məruz qoyub. Bu şücaətlərinə görə Yalçın Mustafayev qısa müddətdə bütün döyüşçülər arasında hörmət və cəsur döyüşçü kimi ad-san qazanıb. Döyüş yolunu Tərtər-Ağdam cəbhəsində davam etdirib. 1994-cü ilin mayın 5-də erməni silahlı birləşmələri Tərtər rayonunun Çaylı kəndi ərazisində Yalçının əsgər yoldaşlarının bir qrupunu mühasirəyə alıb. Yalçın Mustafayev həmin əraziyə girib atəş altında döyüşçü yoldaşlarının bir hissəsini mühasirədən çıxarıb.

Qalan əsgərləri xilas etmək üçün ikinci dəfə geri qayıdıb mühasirəni yarmaq istəyərkən düşmənin son dərəcə güclü müqaviməti ilə üz-üzə qalıb. Sonuncu gülləyə qədər düşmənlə döyüşən qəhrəman əsgər Yalçın Mustafayev baş nahiyəsindən güllə yarası alıb. Köməyə gələn Azərbaycan əsgərləri onu atəş altından çətinliklə yaralı halda çıxara biliblər. Yalçın Mustafayev xüsusi hərbi helikopterlə Bakıya xəstəxanaya gətirilib. 4 gün xəstəxanada yaralı vəziyyətdə qalıb, lakin həkimlərin bütün səylərinə baxmayaraq Yalçın Mustafayevin həyatını xilas etmək mümkün olmayıb. 1994-cü il mayın 9-da Yalçın Mustafayev əbədiyaşarlığa-şəhidlik zirvəsinə ucalıb. Məzarı Bərdə şəhərindəki Şəhidlər Xiyabanındadır. Bütün şəhidlərimiz kimi şübhəsiz ki, Yalçın Mustafayevin də ruhu şaddır. Uğrunda canlarını fəda etdikləri torpaqlarımız artıq işğaldan azad edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Iyun 2025

31 May 2025

BÜTÜN XƏBƏRLƏR