Onlayn ictimai-siyasi qəzet
Bu ölkənin baş diplomatı münaqişənin həllində Ermənistana dəstək üçün Azərbaycana təzyiq göstərməyə davam edəcəyini açıqlayıb - halbuki bir ay qabaq Kanadanın elçisi Bakıda demişdi ki...
Fransa ilə yanaşı, "ermənidən artıq erməni olan” dövlətlərin sırasında Kanada da var". Kanadanın xarici işlər naziri Melani Coli isə anti-Azərbaycan isterikanın başında durur. “Kanada Ermənistanla münaqişənin danışıqlar yolu ilə həllində vicdanla iştirak etmək üçün Azərbaycana təzyiq göstərməyə davam edəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Melani Coli erməni diasporunun ən böyük təşkilatı sayılan “Ay Data”nın nümayəndələri ilə görüşündə deyib. Melani Coli “Ermənistanla münaqişənin danışıqlar yolu ilə, dinc və siyasi yolla həllində, saxlanılan erməni məhbusların azad edilməsində, ərazi bütövlüyünə hörmətlə yanaşmaq üçün Azərbaycana təzyiq göstərməyə davam edəcək”, - o qeyd edib.
Melani Coli anti-Azərbaycan mövqeyi ilə seçilən şəxsdir. Azərbaycanın öz torpaqlarını azad etməsindən sonra ölkəmizlə bağlı təxribatçı çıxışlar etməyə başlayan nazir ötən il dəstək nümayişi kimi Ermənistana səfər eləmişdi. Maraqlı məqam isə odur ki, dünyada baş verən ciddi münaqişələrə reaksiya verməyən, əsasən neytral qalmağı üstün tutan Kanada hökuməti Azərbaycana münasibətdə “prinsipiallığı” ilə seçilir. Tarixən müstəmləkə olan bir dövlətin indi fransızların neokolonialist siyasətinə qarşı qətiyyətli mövqe tutan Azərbaycan əleyhinə davamlı qərəzli münasibəti diqqət çəkir. Ehtimallara görə, Fransa neçə müddətdir ki, Kanadanı fransızdilli Kvebek əyalətində separatizmə dəstək vermək hədəsi ilə şantaj edir. Bu səbəbdən Kanada Fransanın əlində oyuncaq dövlətə çevrilir və Kvebekdə fransız separatizmi qızışmasın deyə onun sifarişlərini fransız qarışığı olan Melani Coli vasitəsilə yerinə yetir.
Yeri gəlmişkən, Prezident İlham Əliyev ötən ay - iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib. Səfir Kanadanın həmişə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirərək, ədalətli, əhatəli və daimi sülh müqaviləsi üzərində fəal iş aparıldığından məlumatlı olduğunu deyib. Prezident İlham Əliyev sülh müqaviləsindən danışarkən deyib ki, Azərbaycanın başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq”.
Qayıdış hüququ ilə əlaqədar səfirin şərhinə cavabında Azərbaycan Prezidenti bildirib ki, qayıdış hüququ qarşılıqlı şəkildə təmin olunmalı, o cümlədən də Qərbi Azərbaycan İcmasının nümayəndələrinə şamil edilməlidir. Bu xüsusda dövlət başçısı keçən yüzillikdə, sonuncusu 1988-ci ildə olmaqla müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını qeyd edib. Görünür, kanadalı nazir Azərbaycan Prezidentinin onun kurasiyasında olan diplomata ətraflı şərhinə rəğmən hələ də birtərəfli və ermənipərəst mövqeyindən əl çəkmək istəmir. Üstəlik, onu saymır da...
Azad Məsiyev
Siyasi ekspert Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Cənubi Qafqazda ABŞ və Rusiya savaşı gedir. Onun təhlili ondan ibarətdir ki, Vaşinqton öz oyunçularını bu regionda dövriyyəyə buraxmaqdadır: “İstərsə Fransa, istərsə Kanada olsun, bu ölkələr ABŞ-ın oyunçularıdır. Azərbaycan isə kiminsə diktəsi ilə hərəkət edən dövlət deyil. Rəsmi Bakı Fransaya tutarlı cavab verdiyi üçün indi Kanada ortaya düşüb. Regionda aparıcı ölkə Azərbaycandır və heç bir oyunçunun əlində oyuncağa çevrilmək istəmir”. Onun fikrincə, əslində söhbət Kanadanın deyil, onun vasitəsi ilə ABŞ-ın Azərbaycana təzyiqindən gedir. Amma politoloq hesab edir ki, bu təzyiq sadəcə siyasi xarakter daşıya bilər və Kanadanın hər hansı müdaxilə imkanları yoxdur.
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədova isə Kanadanın XİN rəhbərinin açıqlamasını iki cür izah edir: “Birincisi, Türkiyə ilə yaxşı olmayan münasibətlərə cavab niyyəti daşıyır, ikincisi, ABŞ və Fransanın Ermənistan üçün istəklərini ifadə edir. Yada salım ki, bundan qabaq Kanada Ermənistanla sərhədimizə Kral Atlı Polis göndərib. Bu xidmət Avropa Birliyinin mülki missiyasının tərkibində fəaliyyət göstərir. Hərgah Kanada Avropa Birliyinin üzvü deyil və həmin müşahidə qrupuna qoşula bilməz. Amma NATO ölkəsi, Fransa və ABŞ-ın müttəfiqi kimi prosesdə iştirak edir və Ermənistana dəstəyini nümayiş etdirir. Ona görə də xarici işlər nazirinin həmin açıqlamasına təəccüb etmədim”.
Ekspert bununla belə, güman etmir ki, Kanadanın təzyiqləri effektli olacaq: “Azərbaycan müstəqil xarici siyasət yürüdür və indiyədək olan basqılara da diplomatiyamız sinə gərməyi bacarıb. Üstəlik, Kanada bizə nə edəcək ki?! Absurd olan budur ki, Coli münaqişənin vicdanlı həllindən danışır və bunun üçün Azərbaycana təzyiq göstərilməsindən dəm vurur. Axı sülhə əngəl yaradan da Ermənistandır, qanunvericilik aktlarında Azərbaycana qarşı ərazi iddialarını saxlayan da odur, torpaqlarımızı işğal edən də... Sanki Azərbaycan Ermənistan ərazilərinə işğalçı hücum edib. Yəni kanadalı nazir saxtakarlıq edib, yalan danışıb. Əslində adamı yandıran odur. Bizə qarşı haqsızlıq edilir. İşğalçı adı ilə çağırılmır, Coli kimilər bu böhtanı bizə yapışdırmağa çalışır. Məncə, diplomatiyamız bu məsələdə hücumlarını sürətləndirməlidir. Çünki postmünaqişə dövründə diplomatik müharibənin başlanacağı və Azərbaycana siyasi xarakterli hücumların olacağı şək-şübhə doğurmurdu”.
Onu da qeyd etmək lazımdır ki, Kanadanın Ermənistana dəstəyi, son illərdə, xüsusilə Nikol Paşinyanın ölkədə hakimiyyətə yiyələnməsindən sonra xeyli artıb. Məsələn, Robert Köçəryanın, Serj Sərkisyanın hakimiyyətdə olduqları dövrdə Kanada-Ermənistan əlaqələri indiki kimi deyildi. Əlaqələrin inkişafında, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Kanadanın baş naziri, ölkənin fransızdilli əhalisinə aid olan Castin Trüdo Paşinyanın baş nazir seçilməsindən az sonra - 2018-ci il oktyabrın 7-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən XVII sammitində iştirak etmək üçün İrəvana səfərə gəlmişdi.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ