İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanada bu qan adasına niyə rəğbət bəsləyir? – Ölkəmizi xor görənlərin xoreoqrafiyası

Kanada da Avropa İttifaqının Ermənistandakı missiyasına qoşulub. İndi kimsə iddia edə bilər ki, bu, sırf demokratiyaya dəstək və insan haqları prizmasından olan məsələdir. Ancaq məsələnin kökündə başqa amillər var.

Söz yox, Kanada azad ölkədir, demokratik prinsiplərə sadiqdir, irqi-milli ayrı-seçkilikləri qınayan və öz qoynunda bütün milli icmalara və dini konfessiyalara qucaq açan dövlətdir. Amma bu dövlətin daxilində müxtəlif siyasi cərəyanlara qulluq edən partiyalar, onların formalaşdırdıqları iqtidar komandaları mövcuddur və zaman-zaman o hökumətlər fərqli siyasət yeridə, necə deyərlər, tərəzinin gözünü əyə bilirlər.

Bizə münasibətdə Kanadanın tərəzisi həmişə səhv çəkib – bizi yüngül, erməniləri ağır.

Bəs bu necə olur ki, SSRİ-nin tərkibinə eyni vaxtda daxil edilən, SSRİ-dən eyni vaxtda qopan, aşağı-yuxarı eyni vəziyyətdə olan iki qonşu, Qafqaz ölkəsinin birinə Kanadada ciddi rəğbət var, o biri isə xor görülür?

Özü də bu məsələdə ağırlaşdırıcı hallar Ermənistana aiddir. Prinsipcə, Kanada başqa bir milli icmaya hücum edərək qətliam törədən (Xocalı), qonşu dövlətin ərazisini işğal edən, 30 ilə yaxın müddətdə o boyda ərazini tarmar edə-edə saxlayan, hərbi əsirləri və mülki girovları mühakiməsiz-filansız güllələyib qardaşlıq məzarlarında basdıran, bir sözlə, hər cür hərbi cinayətlər törədən dövləti nəinki müdafiə etməli deyildi, əksinə, onun siyasətçi və hərbçilərinin beynəlxalq tribunala verilməsini tələb etməliydi.

“Erməni genosidi” kimi uydurma və mübahisəli bir layihəni yekdilliklə tanıyan Kanada üçün “genosid” aktının yolverilməzliyi belə prinsipial əhəmiyyət daşıyırsa, bu dövlət öz parlamentndə Xocalı soyqırımına aid də nəsə bir sənəd qəbul edə bilərdi. Edibmi? Etməyib. Genosidin nə fərqi var ki?

Bu, onu göstərir ki, Kanadada ədalət meyarı birtərəflidir, ən yüksək səviyyədə, ali siyasi dairələrdə millətlər, irqlər və dini icmalar arasında fərq qoyulur.

Ermənistanla münaqişənin ilk 30 ilində əsas zərərçəkən biz olsaq da, Kanada Ermənistanı haqlı sayırdı. Ona görə ki, ermənilər xristiandır, onlarla dindaşdır, biz isə müsəlmanıq, toqquşan sivilizasiyaların Kanadaya qarşı olan cəbhəsində sayılırıq.

Ədalətsizlik, haqsızlıq bu dövlətin fundamentində olduğundan, bəlkə də çox təəccüblənmək lazım deyil. Zatən, bu dövlət aborigen hindu tayfalarının qırılıb-çatılması, yerlərindən qovulması, rezervasiya düşərgələrinə doldurulması sayəsində bərqərar olub. Onlar hələ də o gettolarda yaşayırlar və Kanada rəhbərliyi konslagerləri xatırladan həmin rezervasiyaları ləğv etməyi düşünmür.

Kanadanın Ermənistana münasibəti isə lap əvvəldən isti olub. Təsəvvür edin ki, SSRİ-nin süqut etdiyini günün (25 dekabr 1991-ci il), demək olar ki, ertəsi günü, elə 1991-ci ildəcə Kanada Ermənistanın müstəqilliyini tanıyıb, 1992-ci ildə diplomatik münasibətlər yaradıb.

Kanada və Ermənistanın münasibətlərinə dair Ermənistan tərəfinin yaydığı açıqlamada bildirilir ki, coğrafi məsafələrinə baxmayaraq, bu iki ölkəni güclü əlaqələr və demokratiyanın ümumi dəyərlərinə əsaslanan ümumi yanaşmalar birləşdirir.

Kanadanın baş naziri Castin Trüdonun 15 postsovet ölkəsi, eləcə də Yaxn Şərq, Asiya və Balkanlar regionunda yeganə səfərə gəldiyi ölkə Ermənistandır. Bu səfər 2018-ci ildə baş tutub. Trüdo fransızdilli ölkələrin İrəvanda keçirilən sammitində Ermənistan prezidenti Armen Sarkisyan və baş nazir Nikol Paşinyanla görüşüb, qarşılıqlı əlaqələrin daha da inkişafını müzakirə edib.

(Toplamda 7 fransızdilli adamın olmadığı ölkənin Frankofoniya təşkilatının üzvü olması bir başqa məsələdir. Əslində bu da ermənilərin “beynəlxalq xrisitan klubu”nun ərköyün üzvü olmasına dəlalət edir).

Kanadanın Ermənistana dəstəyi təkcə beynəlxalq siyasi arenada deyil, bu, mədəniyyət-incəsənət, başqa sözlə təbliğat sahəsini də əhatə edib. 2002-ci ildə Kanada və Fransa kinematoqrafçıları erməni sənətçilərin də iştirakı ilə “Ararat” adlı film çəkiblər. Atom Eqoyanın rejissorluğu ilə çəkilən bu filmdə baş rolları Şarl Aznavur, Kristofer Plummer, David Alpay, Arsine Xancyan, Erik Boqosyan, Brüs Qrinvud və Elias Koteas oynayıb. Söhbət Torontoda yaşayan bir ailənin 1915-ci ildə baş vermiş “Erməni soyqırımı”na aid film çəkməsindən gedir.

Kanada və Fransa bu filmin 2002-ci ildə Kann festivalında müsabiqədən kənar nümayiş etdirilməsinə nail olub. Sonra necə təşil ediblərsə, bu film beş mükafat qazanıb və “Ən yaxşı film” seçilib. Bütün bunlar lobbiçiliyin, tərəfgirliyin nəticəsidir.

İndi mina problemindən böyük əziyyət çəkən ölkə məhz Azərbaycan (ölkə ərazisinin 20 faizində milyondan artıq mina basdırılıb) olsa da, minadan təmizlımə sahəsində fəal olan Kanada təşkilatlarının siyahısında yer almırıq. Bunun əksinə bu ölkə Avropa İttifaqının hərbiləşdirilmiş missiyasına qoşulub və Ermənistana hərbi dəstək göstərir, ölkəmizi xor görənlərin xoreoqrafiyasında yer alır, üstümüzə hərzə-hədyan oxuyanların xoruna qoşulur.

Elə 44 günlük müharibədə də Ermənistann tərəfini var qəsdi ilə tutan üç ölkədən biri Kanada idi.

Bu hansı insan haqları və humanizm prinsiplərinə sığır? Əgər bu münaqişədə haqlı tərəf Ermənistan haqsız və aqressiv tərəf Azərbaycan olsa, Kanada kimi ölkələr o zaman nə edərdilər, hansı mövqe tutardılar. Yəqin ki, onların qarşısında durmaq mümkün olmazdı.

İndiyədək Azərbaycanı diliuzun edən məhz haqlı olmasıydı, indi özünü müdafiə edə biləcək gücü və dayağı da var. Ona görə də ermənilərin havadarları yeni əzmlə köməkləşməyə çalışırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR