İnsanlara hürriyət, millətlərə istiqlal!

Kafel vuran və rəngsazlıq edən mürdəşir: ”Müharibədə elə meyitlər gördüm ki...”

Bəxtiyar Məmmədov Ağstafada doğulsa da, bütün həyatı Bakı şəhərində keçib. Orta məktəbi bitirdikdən sonra rəngsazlıqla, evlərdə kafel vurulması və təmir işləri ilə məşğul olub. 32 yaşından sonra isə mürdəşirlik peşəsini öyrənib və bütün həyatını bu işə bağlayıb. Deyir ki, mürdəşirliyi ona Saray məscidində çalışan molla Vaqif öyrədib.

- 20 ildir ki, bu işlə məşğul oluram. Bir dəfə məscidə gəlmişdim. Molla Vaqif kəfən kəsirdi. Ona yaxınlaşıb bəzi suallar verdim. Maraqlandığımı görüb dedi: “Bəxtiyar, sən Qarabağda müharibədə iştirak etmisən, meyit görmüsən. Yəqin ki, ölülərdən qorxmursan. Bəlkə, elə meyit yumağı öyrənib, bu işlə məşğul olasan”. Beləliklə, o vaxtdan mürdəşirlik etməyə başladım. Daha sonra isə dinlə maraqlandım. Quranı oxumağı öyrəndim.

- Deməli, Birinci Qarabağ Müharibəsində də olmusunuz. Hansı döyüşlərdə iştirak etmisiniz?

Untitled (6)-43.jpg (86 KB)

- Həqiqi hərbi xidmətim 1990-1992-ci illərdə Qazaxıstanda və Qırğızıstanda olub. 1994-cü ildə isə könüllü olaraq Tərtərdə gedən döyüşlərdə iştirak etmişəm. İndi həmin döyüş səhnələrini yada salmaq istəməzdim. Çox ağır keçmişdi. Gözümün qarşısında nə qədər adam öldü. Müharibə heç kimə lazım deyil.

- Quranı oxuduğunuzu dediniz. Tərcümədən oxuyursunuz, yoxsa ərəb dilini bilirsiniz?

- Türkiyədə rəngsazlıq edəndə ərəb dilini də öyrənmişdim. Anlayışım var idi.

İlk dəfə kimi yudunuz?

-Yadımda deyil. Yuduğum meyitlərin sayını itirmişəm. Yəqin ki, orta yaşlı kişi idi. İndiyə qədər təxminən 200-300 meyit yumuşam.

Meyiti əvvəlcə yuyub təmizləməlisən, sonra isə sidrlə, kafurla və xalis su ilə qüsul verilir. Ən sonda 7 əzaya hənut vurulur və meyit kəfənlənir.

- Hər adam bu işi bacarmır, çoxusu qorxur...

- Çətini başlayana qədərdir. Elə olub ki, başa salmışam meyit yiyəsi özü yuyub.

- Heç olubmu ki, meyiti yuyanda qəfil ürpənəsiniz?

Untitled (4)-54.jpg (146 KB)

-Yox. Hətta dirilsə belə çəkinmərəm.

-Deyirlər ki, yuyulma zamanı meyitin üz cizgiləri dəyişir. Kimisi gözəlləşir, kimisi isə kifirləşir.

-Ümumiyyətlə, hər qüsulda insan dəyişir. Çünki qusulun hər damcısının sayı qədər insanın günahları bağışlanır.

- Ailəniz bu işlə məşğul olmağınıza necə yanaşır?

- Əvvəlcə narazılıq etdilər. Sonra isə işimin bu olduğunu qəbul etdilər. Həm də camaat özü istədi. Onlar deyir ki, mənim kimi meyiti düzgün yuyan adam lazımdır. Tələbələrim də var. Lazım olanda onlar da yuyur.

- El arasında belə bir məsəl var: ”Üzünü mürdəşir yusun”. Heç bu sözü sizə kimsə deyibmi?

- O gündən hamımız üçün var... Mürdəşir fars sözüdür. “Şir” yumaq, “mürd” ölü deməkdir. Yəni, cənazə yuyan. Ərəblər isə “qəssal” deyir. Qüsul sözündən gəlmədir.

Bu mövzuda mənimlə zarafat edirlər. Deyirlər ki, səni kim yuyacaq. Deyirəm ki, bəllidir də, tələbələr yuyacaq. Allah nə deyirsə, odur. Bu gün insanlar Allahın əmrindən çıxaraq yaşayırlar. Allah bizdən namaz qılmağı, oruc tutmağı, zəkat verməyi, imkan olsa, həccə getməyi istəyir.

- Siz Allahın əmrinə əməl edirsiniz?

Untitled (13)-10.jpg (127 KB)

-Bacardığım qədər edirəm. Heç kəsə deyə bilməz ki, səhvi yoxdur.

- Mürdəşir olduğunuz üçün yaxın ətraf sizdən heç qorxub çəkinirmi?

-Bəzən qorxub çəkinirlər. Deyirlər, adını çəkmə. O qədər də qorxulu deyiləm. (gülür) Heç Allahdan da qorxmaq lazım deyil. İnsan əsas günahlarından qorxsun.

-Bu peşəyə gələndən sonra həyatınızda nə dəyişdi?

-İnsan Allahı tapanda xoşbəxt olur. Keçmiş günləri fikirləşirsən ki, günah içində olmuşuq. Guya indi günah içində deyilik? İndi də elədir. İstər-istəməz xətalar olur.

- Bütün mürdəşirlər namaz qılır?

Untitled (10)-20.jpg (272 KB)

-Bir çoxu qılmır. Hətta çoxusu ölünü belə düzgün yumur. Türkiyədə tələbələri öyrədib, sonra yumasına icazə verirlər.

Yuyat zamanı dırnaq tutmaq, tük təmizləmək olmaz, qadağandır. Ən əsası mürdəşirin özü ilk növbədə təmiz olmalıdır.

-Avtoqəzada bədəninin bir hissəsini itirib ölən insanlar olur. Yaxud da kimisi yanır və ələ heç nə gəlmir. O cür insanların meyitlərini yumaq çətin olmur ki?

- Öyrəşmişəm. Elə şeylər mənə çətin və qorxuducu gəlmir. Müharibədə ondan betər şeylər görmüşəm.

-Həm də molla kimi məclislərə gedirsiniz. Mürdəşirlik çətindir, yoxsa məclis idarə etmək?

-Ən çətini məclis aparmaqdır. Adam var Allaha inanmır, adam var ki, Allaha inanır, peyğəmbərə inanmır. Bir də görürsən ki gəlib soruşurlar ki, Allah varmı? Varsa, sübut et.

Untitled (7)-34.jpg (292 KB)

- Niyə bizim mollalar çox vaxt gülüş obyektinə çevrilir. Əksəriyyəti haqqında deyirlər ki, keçmişi qaranlıq, yaxud içki aludəçisi olub.

-Heç kəs deməsin ki, günahı yoxdur. Ola bilsin ki, hansısa molla vaxtı ilə içib və indi içmir. Sonra düzgün yola gəlib. Hər kəs özünə cavabdehdir.

Televiziyalarda əsil dindən danışmalıdırlar.

-Bir meyiti neçəyə yuyursunuz?

-Baxır da, kim nə qədər istəyir verir. 20-30-50 manat verənlər də olur. Elə olur ki, bir gündə 3 meyit yuyuram, elə gün də olur ki, iş olmur.

-Çörəyiniz ölüdən çıxır...

-Hərənin çörəyi bir yerdən çıxmalıdır da.

- Dindar insanlar niyə dünyadan təcrid olunurlar?

Ətrafı yalnız dindən ibarət görürlər, dünyəvi elmlərə qapalı olurlar.

-Boş sözdür. Dünyəvi elmlərin hamısı Qurandan gəlib. Avropa alimləri bunu təsdiq edir. Sadəcə olaraq din düzgün təbliğ olunmur.

-Övladlarınızın sizin peşəni davam etdirməsini istəyərdinizmi?

-Oğlumun 19, qızımın isə 15 yaşı var. Onlar özləri hansı peşəni istəsələr, seçə bilərlər. Ancaq bircə bu iş olmasın. Çünki çox ağırdır, məsuliyyəti var.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR