Onlayn ictimai-siyasi qəzet
Prezidentliyinin birinci müddətində (2017-2021-ci il) olduğu kimi, ikinci müddətinin ilk birinci ayında da Donald Trampın media ilə münasibəti münaqişəsiz ötüşmədi.
Bir neçə gün öncə dünyaca məşhur “Assoşieyted Press” (AP) agentliyinin jurnalistləri Donald Trampın təyyarəsinə akkreditə olunduqları halda Ağ Ev əməkdaşları tərəfindən prezidentin audensiyasına buraxılmaması ölkə, eləcə də dünya miqyasında qalmaqala səbəb olub.
Jurnalistlərə qarşı bu sanksiyanın birbaşa Trampdan gəldiyi şübhəsizdir. Çünki AP əməkdaşları məhz onun iradəsinin xilafına hərəkət edərək Meksika körfəzini “Amerika körfəzi” adlandırmayıblar və bu, prezidentin xoşuna gölməyib.
O, Ağ Evə köçdüyü ilk günlərdə əsrlər boyunca “Meksika körfəzi” kimi tanınan su hövzəsinin bundan belə “Amerika körfəzi” adlandırılmasını əmr etmişdi.
Jurnalistlərin bu əmrə riayət etməməsi Tramp tərəfindən “gəmidə qiyam” kimi qiymətləndirilib və cəzası da belədir: “Onları gözüm görməsin”.
Ancaq yenə heç də hər şey onun istədiyi kimi getmir. Trampın bu göstərişinə qarşı müqavimət var. AP agentliyi hesab edir ki, jurnalistlərin informasiya toplamaq və yaymaq hüququndan məhrum edilməsi ABŞ konstitusiyasının 1-ci düzəlişinin pozulması deməkdir.
Gerçəkdən də elədir. Konstitusiyaya 1-ci düzəlişə görə, jurnalistlərin fəaliyyətinə maneçilik törədilməsi yolverilməzdir.
ABŞ-nin xarici siyasətini, dünyaya yönəlik hegemonluq ehtirasını nə qədər tənqid etsək də, bu dövlətin yazılı qanunlar əsasında idarə olunduğu bir gerçəkdir. Ona görə də jurnalistlərin Ağ Evi məhkəməyə verərək, sonda qalib gələcəkləri ehtimalı böyükdür.
Düzdür, Tramp təbiəti etibarilə avtoritarizmə, hətta diktaturaya meylli biri olduğuna görə məhkəməyə, konstitusiyaya məhəl qoymamaq əzmindədir, ancaq ABŞ demokratiyası həqiqətən də yaşamağa qadir olduğunu göstərəcəksə, prezidentə dünyanın dörd cəhətdən ibarət olduğunu başa salacaqlar.
Yox, Tramp deyən olacaqsa, o, ölkə mediası və digər siyasi institutlar üzərində mütləq hakimiyyətini bərqərar edə biləcəksə, o zaman ABŞ Afrikanın hərbçilər tərəfindən idarə olunan xunta rejimlərinə tay olub gedəcək.
Hələ onu da xatırlayaq ki, Trampın media ilə bu sayaq davranışı ilk dəfə deyil. O, 2017-2021-ci illər arasında prezident olarkən də ABŞ mətbuatı ilə ciddi münaqişələr içindəydi.
Tramp bir ilin içində sosial mediada, konkret olaraq, “Tvitter”də (indiki X) 130 dəfə medianın özü barəsində "saxta xəbərlər" yayması barədə mesajlar yazmışdı. Yəni Tramp iki gündən bir mətbuatı ittiham etmiş, bu zaman alternativ medianın imkanlarından yararlanmışdı. Onun jurnalistlərə qarşı sərt münasibətinin səbəbi o idi ki, jurnalistlər usanmadan onun keçmişi, əlaqələri, fəaliyyəti, niyyətləri barədə silsilə araşdırmalar aparırdılar və Tramp bunu qərəzli fəaliyyət kimi qəbul edirdi. O, mətbuatı ittiham etdikcə, mətbuat da qızışır, ona daha sərt başlıqlarla, ifşaedici materiallarla cavab verirdi.
Trampla jurnalistlərin düşmənçiliyi o həddə çatmışdı ki, prezident əlinə düşən hər fürsətdə onları sancmağa çalışırdı. Məsələn, “Hellouin” bayramında ənənəvi olaraq uşaqları Ağ Evə toplayan Tramp akkreditə olunmuş jurnalistlərin övladlarına işarə edərək belə bir zarafat etmişdi: “İnanmıram ki, jurnalistlər belə gözəl uşaqlar yetişdirsinlər!”
Jurnalistlər və Trampın münasibətləri onun vəzifəyə gəldiyi ilk gündən pozulub. İnauqurasiyadan dərhal sonra Ağ Evin rəhbəri mətbuatı yalan yaymaqda ittiham edib. Tramp jurnalistlərin Kapitolinin qarşısındakı meydana nə qədər insanın toplaşdığı barədə yaydığı məlumatın doğru olmadığını bildirib. Sonradan məlum olub ki, səhv hesablamanı prezident administrasiyası aparıb.
Trampın mediaya mənfi münasibətinin müəyyən əsasları da vardı. O zaman belə bir iddia yayılmışdı ki, Tramp oval kabinetə girdiyi gün Martin Lüter Kinqin büstünü iş otağından götürdüb. Ancaq bunun həqiqətə uyğun olmadığı ortaya çıxdı və Trampın jurnalistlərə qarşı hikkəsini daha da gücləndirdi.
Amerikada belə bir rəy var ki, ümumiyyətlə, prezidentlərin heç biri medianı sevməyib, ancaq Trampdan fərqli olaraq onun sələfləri bu faktı məharətlə gizlədiblər. Tramp isə düşündüyünü dilə gətirir və jurnalistlərə münasibətdə diplomayiklik etmir. O, açıq şəkildə bəyan edirdi ki, yalançı medianın əleyhinədir. Əgər jurnalist istinad etdiyi mənbəni göstərmirsə, Trampa görə, onun informasiya yaymaq haqqı yoxdur.
Ayrıca Tramp 2016-cı il seçki kampaniyası zamanı “Washington Post”, “New York Times” kimi bir çox nəşrlərin onun rəqibi Hillari Klintonu açıq şəkildə dəstəkləməsindən narazı qalmışdı və bunu tez-tez dilə gətirirdi. Tramö bildirirdi ki, ona qarşı yazan jurnalistlər “Amerika xalqının düşmənləri”dir.
Həmin vaxt eks-prezident Ceyms Karter medianın Trampa münasibətindən danışaraq deyib ki, indiyə qədər mətbuat heç bir prezidentlə Trampla olduğu qədər pis rəftar etməyib. Ancaq Karter əlavə edib ki, Tramp da acı sözlər deyərək özünə ziyan vurur.
Bir sözlə, Tramp media ilə müharibəyə qaldığı yerdən başlayıb. Elə amerikalı jurnalistlər də silahı-qələmi yerə qoymayıblar. Bu dəfə avropalı jurnalistlər də onlara dəstək verəcəkmiş kimi görünür. Çünki Trampın bir sıra hərəkətlərinin Avropaya zərər gətirəcəyi şübhə doğurmur.
ABŞ-də və Avropada çoxdan dərk edilmiş bir həqiqət var: media ilə mübarizə aparan siyasətçilər mütləq uduzurlar. Görək, Tramp istisna olacaqmı? Olacaqsa, dünyada azad media deyə bir şey qalmayacaq.
Araz Altaylı, Musavat.com
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ