Onlayn ictimai-siyasi qəzet
Araşdırmaçılar və hərbi ekspertlər onu İkinci Dünya müharibəsinin ən istedadlı sərkərdələrindən biri kimi xarakterizə ediblər. Feldmarşal Erik Maynşteyn məğlub ordunun zabiti olmasına baxmayaraq, özünü qalib sərkərdə sayıb.
Feldmarşal müəllifi olduğu “İtirilmiş qələbələr” kitabında maraqlı açıqlamaları ilə diqqəti çəkib:
“Müharibə illərində keçirdiyim hərbi əməliyyatların hamısında uğur qazanmışam. Mən bütün döyüşlərdən qalib sərkərdə kimi çıxmışam. Almaniyanın məğlubiyyətinin əsas səbəbi Adolf Hitlerin düzgün hərbi islahatlar aparmaması və qarşı tərəfin gücünü nəzərə almaması idi. Hitler sovet sərkərdələrinin qətiyyətini və bacarığını görə bilmirdi. Mən isə bir hərbçi kimi bunu daha yaxşı hiss edirdim. Əgər İkinci Dünya müharibəsində marşal Jukov siyasi qətiyyət göstərə bilsəydi və buna səlahiyyətli olsaydı Almaniya hələ 1942-1943-cü illərdə tamamilə məhv edilə bilərdi. Jukov yüksək peşəkar hərbçi, nəhəng sərkərdə, hücum əməliyyatlarının böyük ustası idi. Kəşfiyyat məlumatlarından bilirdim ki, Jukov məni hədəf seçib, amma onun hədəfi daha böyük oldu – Almaniya...”
Birinci və İkinci Dünya müharibələrində ayrı-ayrı hərbi birləşmələrə rəhbərlik edən Maynşteyn Hitlerin hakimiyyəti illərində qeyri-rəsmi olaraq fürerin generallarının lideri statusunu daşıyıb.
Feldmarşalın fəaliyyəti ilə bağlı maraqlı faktlardan biri odur ki, artıq 1930-cu illərdə nüfuzlu hərbçi kimi tanınan Maynşteyn nasistlərin hakimiyyətə gəlməsindən sonra nasist partiyasının üzvü olmayıb. Buna baxmayaraq, Hitler ona böyük etimad göstərib, onu ən çox güvəndiyi hərbçilərdən biri sayıb və Maynşteynə general-feldmarşal rütbəsini də verib.
İkinci Dünya müharibəsi başlananda Maynşteyn “Cənub” ordu qrupunun qərargah rəisi vəzifəsinə təyin olunub. O, ilk uğurunu Polşanın işğalı zamanı qazanıb.
Fransanın işğal olunması ilə bağlı əməliyyat planının ideyası və nəzəriyyəsi də Maynşteynə məxsus olub ki, əməliyyat müşavirəsində onun dəqiq hesablamaları Vermaxt generallarını təəccübləndirib, məhz həmin müşavirədə fürer Maynşteynin hərbi istedadını yüksək qiymətləndirib.
SSRİ-yə hücum zamanı Maynşteyn Krım, Xarkov, Belarusiya cəbhələrində uğurlu hərbi əməliyyatlara imza atıb.
Feldmarşal ordu və korpus komandiri vəzifəsində olmaqla vəzifə ranqına görə birbaşa fürerlə rabitə əlaqəsi yaratmağa səlahiyyətli olmayıb. Ancaq fürer bu səlahiyyəti ona verib. O, istənilən zaman, istənilən məkandan əməliyyatların gedişi ilə bağlı birbaşa Hitlerə məruzələr edib.
Üçüncü Reyx və Vermaxt rəhbərliyində Maynşteynə qarşı münasibət birmənalı olmayıb. Yüksəkçinli məmurların feldmarşala qısqanclığı açıq şəkildə özünü büruzə verib. Ordunun şəxsi heyətində kifayət qədər böyük nüfuz qazanan Maynşteynin populyarlığı Hitleri də narahat edib. Fürer nə vaxtsa bütövlükdə ordunun Maynşteynin arxasınca gedəcəyini, onun hər bir əmrini yerinə yetirəcəyini də düşünüb və belə olan halda siyasi hakimiyyətə təsir göstərə biləcəyini ehtimal edib.
1944-cü ildə Hitlerə qarşı sui-qəsd cəhdindən sonra fürer öz hakimiyyət mövqelərini və təhlükəsizliyini qorumaq üçün kadr islahatları aparanda Maynşteyni də vəzifəsindən uzaqlaşdırmağa qərar verib. Amma o, bu işi çox ehtiyatla görüb, əvvəlcə onu “Dəmir xaç” ordeni ilə təltif edib, bir gündən sonra isə tutduğu 1-ci ordu komandanı vəzifəsindən azad olunması ilə bağlı əmr imzalayıb. Rəsmi olaraq Maynşteyn Almaniya silahlı qüvvələrinin sərəncamına göndərilib. 1945-ci ilin may ayına qədər feldmarşal heç bir hərbi müşavirədə iştirak etməyib, əməliyyat müşavirələrinə dəvət almayıb. May ayında isə o, Britaniya qoşunları tərəfindən həbs edilib.
Feldmarşalın məhkəməsi Britaniya tribunalında keçirilib. Hərbi cinayətdə ittiham olunan Maynşteyn 18 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Səkkiz illik məhbus həyatından sonra o, səhhətində yarandığı problemlərə görə azadlığa buraxılıb.
Azadlığa çıxdıqdan sonra Almaniya (AFR) kansleri Konrad Adenauer Maynşteyni özünə müdafiə məsələləri üzrə ştatdankənar müşavir təyin edib.
Maynşteyn 1973-cü ildə 85 yaşında vəfat edib. O, hərbi şərəflə Dorfmark qəbiristanlığında dəfn olunub. Feldmarşalın vəfatı ilə bağlı “Times” qəzeti geniş nekroloq dərc edib.
Qeyd edək ki, feldmarşalın oğlu leytenant Gero Maynşteyn 1942-ci ildə şərq cəbhəsində hərbi əməliyyatlar zamanı həlak olub.
İlham Cəmiloğlu,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ