Onlayn ictimai-siyasi qəzet
“İYİ Partiyaya yeni başqan seçilən Musavat Dərvişoğlunun Azərbaycana çox yüksək münasibəti var”.
Bu barədə Elçibəy İnstitutunun rəhbəri, mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Musavat.com-a açıqlamasında bildirib.
O. Qasımov qeyd edib ki, Musavat Dərvişoğlunun Əbülfəz Elçibəylə tanışlığı var idi. Lakin Əbülfəz bəyin sağlığında Musavat Dərvişoğlu MHP-nin rəhbərliyində təmsil olunmurdu, MHP-nin orta eşalonunda idi. O, daha çox 2010-cu ildən sonra MHP-də öndə olan simaların sırasında yer almağa başladı.
Oqtay Qasımov bildirib ki, adının Musavat olması səbəbindən cəmiyyətimizdə belə fikir yaranıb ki, o, Azərbaycan kökənlidir:
“Ancaq şəxsən mən Musavat Dərvişoğlunun Azərbaycan kökənli olduğu barədə məlumatlı deyiləm. Musavat Dərvişoğlu MHP-nin keçmiş üzvlərindəndir və Meral xanımla birlikdə oradan gəlib İYİ Partiyanı qurublar. Siyasi baxışları Meral Akeşenrin siyasi baxışlarına yaxındır. Amma İYİ Partiyanın məlum bloklarda iştirak etməsinə münasibəti neqativ olub. Musavat bəy mühafizəkar-millətçi kəsimin nümayəndəsi sayılır. Azərbaycana münasibətinə gəldikdə, onun Azərbaycana münasibəti çox yüksək səviyyədədir. Türkiyədə HDP xaric bütün siyasi qüvvələrin Azərbaycana münasibəti kifayət qədər yaxşıdır”.
Qeyd edək ki, aprelin 27-də İYİ Partiyanın başqanı Meral Akeşenr istefa verib və partiyanın fövqəladə qurultayında Musavat Dərvişoğlu yeni başqan seçilib.
Etibar Seyidağa,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ