İnsanlara hürriyət, millətlərə istiqlal!

ISW: Putin riskli qərarlar qəbul etməkdən çəkinir

Rusiya prezidenti Vladimir Putin status-kvonu sarsıda biləcək qərarlar qəbul etməkdə ehtiyatla davranır. Buna görə də nüvə eskalasiyası və ya NATO ilə müharibə riski ağlabatan deyil.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, bu barədə ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitiklərinin rəyində bildirilir.

ABŞ analitikləri qeyd edirlər ki, Ukraynaya qarşı müharibədə maksimalist məqsədləri bəyan edərkən belə, Putin ciddi tərəddüd nümayiş etdirir. Bu da onun beynəlxalq eskalasiyanı təhdid edə biləcək riskli ssenarilərdən qaçmaq istəyini göstərir.

"Rusiya prezidentinin 24 fevral 2022-ci ildən sonra Ukrayna ilə bağlı qərarları onun qarşıya qoyduğu maksimalist hədəflərə heç cür uyğun gəlmir. Görünür, Putin, savaşdan öncə Kiyevi əhəmiyyətli hərbi itkilər olmadan təslim olmağa məcbur edə biləcəyini düşünüb. Buna görə də Rusiyanın Ukraynaya müdaxiləsini öncə adi risk kimi qiymətləndirib.

Rusiya qoşunlarının Kiyev uğrunda döyüşdə düçar olduğu uğursuzluq Putini çətin qərarlar qəbul etməyə məcbur edib. Bununla belə, o, Rusiya ordusunda və cəmiyyətində müharibənin gedişatını dəyişdirmək üçün zəruri olan kompleks dəyişikliklərə getmək istəmir”, - deyə hesabatda qeyd olunur.

ISW-nin analitikləri Putinin riskli qərarlar qəbul etməkdə tərəddüdünü nümayiş etdirən bir sıra misallar gətiriblər:

-2022-ci ilin iyun-iyul aylarında Severodonetsk və Lisiçansk uğrunda ağır döyüşlərdən və Rusiya ordusunun böyük bir hissəsini tükəndirən bir neçə uğursuz həmlədən sonra Putin tam səfərbərlik əmrini verməkdən çəkinib;

Putin 2022-ci ilin mayında rus millətçilərinin “ehtiyatda olan bütün əsgərləri səfərbər etmək”, “Ukraynaya müharibə elan etmək”, “Rusiyaya qarşı hərbi vəziyyətin tətbiqi və hərbi xidmətə çağırış sisteminin modernləşdirilməsi” kimi çağırışlarına məhəl qoymayıb;

-Rusiya Federasiyasının Prezidenti müharibənin əvvəlindən dekabrın ortalarına qədər hərbi əməliyyatlarla bağlı ictimaiyyət qarşısında çox çıxış etməyib;

-Putin yalnız Ukrayna Silahlı Qüvvələrinin uğurlarından sonra qismən səfərbərlik və hərbi vəziyyətin uzadılması kimi ölkə daxilində qeyri-populyar qərarlar qəbul etməyə başlayıb;

-Rusiya Federasiyasının Prezidenti səfərbərliyin ikinci dalğasını elan etməyə tələsmir və ehtimal ki, birinci səfərbərliyin narazılıqla qarşılanması ilə əlqədar “səssiz səfərbərlik” keçirməyə üstünlük verir;

-Putin Rusiyanın səfərbərliyə dair təsəvvürlərini qiymətləndirmək üçün sorğular keçirir, lakin növbəti səfərbərliyə nə vaxt başlayacağına hələ qərar verməyib.

-Rusiya prezidenti cəbhədəki hərbi uğursuzluqların və Kremlin qeyri-populyar siyasətinin günahını üzərinə götürəcək “günah keçiləri” axtarır;

"Putinin açdığı müharibə ilə birbaşa əlaqəli riskləri götürmək istəməməsi onu göstərir ki, onun hələ də nüvə eskalasiyasına və ya NATO ilə müharibəyə getmə ehtimalı azdır. Putin daxildəki status-kvonu düzgün dəyərləndirməyə,buna görə də riskli və ziddiyyətli addımlardan qaçmağa çalışır”, - deyə institutun analitikləri qeyd ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR