İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveç “Estoniya” bərəsinin qəzaya uğraması ilə bağlı əlavə araşdırma aparacaq

İsveçdə “Estoniya” bərəsinin qəzaya uğraması ilə bağlı əlavə araşdırmanın həyata keçirilməsi planlaşdırılır.

AZƏRTAC İsveç hökumətinin saytına istinadla xəbər verir ki, 2023-cü ilin yaz büdcəsində krallıq hökuməti “Estoniya” gəmisinin qəzaya uğraması ilə bağlı əlavə araşdırmaların aparılması üçün 25 milyon İsveç kronu (243 min ABŞ dollarından çox) ayrılmasını təklif edib. İstintaqı İsveçin Qəza Təhqiqatları Şurası aparacaq.

Hökumətin saytında bildirilir ki, “Estoniya” gəmisinin taleyi isveçlilərin böyük əksəriyyətinə təsir edib və bu səbəbdən də İsveç Qəza Təhqiqatları Şurasının yeni araşdırması vacibdir. Gəminin uğurlu sualtı tədqiqi 2022-ci ilin ortalarında təxminən 45.000 yüksək ayırdetmə qabiliyyətinə malik 3D təsvirlərin əldə edilməsi ilə nəticələndi ki, onlar indi xüsusi veb-saytda mövcuddur.

“Təxminən 30 il əvvəl həmin gecə baş verənlərlə bağlı bütün suallara cavab vermək heç vaxt mümkün olmayacaq. Lakin bu araşdırmalar gəminin necə batdığını daha yaxşı anlamağa kömək edərsə, hökumət hesab edir ki, bu addım atılmalıdır”, - deyə Mülki müdafiə naziri Karl Oskar Bolin bildirib.

İsveç Qəza Təhqiqat İdarəsi gəminin batma səbəbini və hadisələrin necə cərəyan etdiyini daha yaxşı başa düşmək üçün əlavə araşdırmalar aparmağı, gəmi göyərtəsində fotoşəkil çəkməyi və lentə almağı planlaşdırır.

Xatırladaq ki, “Estoniya” bərəsi 1994-cü il sentyabrın 28-nə keçən gecə Tallindən Stokholma gedərkən batıb. Hadisə anında gəminin göyərtəsində 989 sərnişin və ekipaj üzvü olub. Gəminin batması nəticəsində cəmi 138 nəfər sağ qalıb, bir nəfər isə daha sonra xəstəxanada keçinib. Qəza nəticəsində 852 nəfər ölüb və ya itkin düşüb, onlardan 501-i İsveç vətəndaşıdır.

Rəsmi məlumata görə, hadisə fırtına zamanı gəminin qabaq hissəsinin qopması ilə göyərtəyə külli miqdarda suyun daxil olması nəticəsində baş verib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR