Onlayn ictimai-siyasi qəzet
“Sosial şəbəkələrdə Elgünün ölümü ilə bağlı ağıllarına gələni yazırlar. Anası Fizzə yanıb tökülür. Biri deyir maşınla vurub atıblar, biri deyir intihardır. Bu yazılanlar anasına pis təsir edir. Biz hər kəsə səslənirik ki, istintaqın fikrini başqa yerə yayındırmasınlar”.
Bunu Musavat.com-a Elgün İbrahimovun dayısı Nofəl Zeynalov deyib.
O bildirib ki, ailə istintaqın nəticəsini gözləyir:
“Elgünün düşməni yox idi, özü də dalaşqan deyildi. Sinif yoldaşları da daxil olmaqla hər kəs bacımın balasının başına and içirdi. Ona görə də şübhələndiyimiz yoxdur. Ancaq dəqiq bildiyimiz bir şey var: Elgün qətlə yetirilib. Biz hadisə olan günü xəstəxanaya da getdik. Dedilər, uşağı möhkəm döyüblər. Ona görə də bacım fikirləşir ki, uşağını döyüb öldürüblər.
Təbii ki, ekspertiza buna rəy verəcək. Maşın vursaydı, bilinərdi. Bu, ancaq döyülmədən yaranmış xəsarət idi”.
Qeyd edək ki, mayın 12-də Gəncə şəhər sakini, 18 yaşlı Elgün İbrahimov Məmməd Xələfov küçəsi, 115 ünvanında - Azərbaycan Texnologiya Universitetinə məxsus, hazırda istifadəsiz olan yataqxananın həyətində ağır vəziyyətdə tapılıb və xəstəxanaya yerləşdirilsə də, bir neçə saat sonra vəfat edib.
Şahanə Rəhimli
Musavat.com
19 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ