Onlayn ictimai-siyasi qəzet
Təl-Əvivdə Azərbaycan səfirliyi yaxın vaxtlarda açıla bilər - “Yeni Müsavat” bildirir ki, İsrailin Dövlət Radio və Televiziyası belə xəbər yayıb. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır. İsrail KİV-ləri yəhudi dövlətinin bəzi yüksək vəzifəli rəsmilərinə istinadən məlumat verir ki, Bakı və Təl-Əviv səfirliyin açılması ilə bağlı intensiv danışıqlar aparır. 1992-ci ildən Bakıda İsrail səfirliyi olsa da, indiyə qədər bu dost ölkədə diplomatik korpusumuz fəaliyyət göstərmir. Bunu daha çox İran amili ilə izah ediblər və cənub qonşunu nəzərə alaraq onun düşməni olan ölkədə səfirlik açmamışıq. İndi isə Tehran İrəvanı açıq dəstəkləyir, ermənipərəst siyasət yürüdür və görünür ki, İsraildə səfirlik açılması məsələsində çox gecikmişik. Çünki İran rejiminə yetərincə artıq hörmət qoyulub və bu qədərinə ehtiyac yox idi. Üstəlik, İsraildə Ermənistan səfirliyi var.
Azərbaycanın yaxın əlaqələri olan ölkələrdən biri kimi İsraildə səfirliyinin olmaması məsələsi indi yenidən müzakirə mövzusuna çevrilib. İranla gərginlik fonunda İsraildə Azərbaycan səfirliyi açılması ilə bağlı çağırışlar artmaqdadır. İsrail Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. İki ölkə arasında diplomatik münasibətləri 1992-ci il aprelin 6-da qurulub. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub. Digər önəmli məqam Azərbaycanın İsraillə strateji tərəfdaş olmasıdır. Azərbaycan İsrailə böyük həcmdə neft satır. Bakı Qərbdən ala bilmədiyi müasir silahları məhz İsraildən alır. Beynəlxalq məsələlərdə zaman-zaman İsrailin dəstəyini görürük. Uzun illərdir hesab edilirdi ki, Azərbaycan İsraildə səfirlik açsa, İran və ərəb ölkələri ilə münasibətlər gərginləşər. Amma bəzi ərəb ölkələrinin özlərinin İsraildə səfirlikləri var - Misiri, İordaniyanı misal göstərə bilərik.
İrana gəlincə, bu ölkə son vaxtlar strateji seçimini etmiş kimi görünür və Ermənistanla əlaqələrini genişləndirir. Bir daha yada salaq ki, İranla “qucaqlaşan” Ermənistanın özünün İsraildə səfirliyi var. Ekspertlərə görə də strateji əməkdaşlıq baxımından İsraildə Azərbaycan səfirliyinin açılması zəruridir. Bu, iki ölkə arasında tərəfdaşlığı daha da yüksək səviyyəyə qaldıra bilər. Səfirliyin olmamasına baxmayaraq, Azərbaycanın İsraillə diplomatik əlaqələr qurması, iqtisadi və siyasi əməkdaşlığı lazımi nöqtəyə çatdırması üçün heç bir problem yoxdur. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ötən il İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışını edib. İsrail Xarici İşlər Nazirliyi öz rəsmi açıqlamasında bunu “tarixi hadisə” adlandırmışdı.
Bəzi ekspert iddialarına görə, İsraillə xüsusi münasibətlər qurulması İranla yanaşı, Rusiyanın da maraqları daxilində deyil. Baxmayaraq ki, Rusiya tərəfi heç zaman bunu büruzə verməyib. Ola bilsin ki, Rusiya İsrailin Azərbaycanla siyasi, hərbi, iqtisadi və ümumiyyətlə, strateji əlaqələrinin inkişafında maraqlı görünmür. Bəs bu iddialar nə qədər gerçəyi əks etdirir? Yaxın zamanlarda Təl-Əvivdə səfirliyin açılmasını gözləmək olarmı? Xüsusən də dövlət televiziyası bu məlumat yayıbsa, rəsmi Bakı niyə açıqlamır?
Asim Mollazadə
Deputat Asim Mollazadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanın İsraildə səfirlik açmasının İrana heç bir aidiyyəti yoxdur. Onun sözlərinə görə, bizim İsraillə çoxşaxəli əlaqələrimiz var: “44 günlük müharibədə bizə ciddi dəstək veriblər, tərəfdaş ölkədir. Ona görə Təl-Əvivdə səfirliyin açılması münasibətləri daha da intensivləşdirə bilər. Eyni zamanda "Böyük qayıdış" layihəsində də İsrail iştirak edir və Qarabağın bərpasına dəstəyini verir. Bütün bunları nəzərə alaraq, artıq çoxdan zamanı çatıb ki, İsraildə səfirlik fəaliyyətə başlasın".
Professor Qabil Hüseynlinin qəzetimizə dediyinə görə, gec də olsa kritik vaxtda, mollakratiyanın Azərbaycana diş qıcadığı dövrdə, Ermənistan-İran arasında faşist mahiyyətli əlaqələrin genişləndiyi bir zamanda İsraildə səfirlik açılması yerinə düşən bir addımdır. Professor hesab edir ki, üstəlik, bu addımın atılması bölgədə qüvvələr nisbətinə təsir göstərəcək: “Çünki İsrailin Türkiyə ilə də əlaqələri möhkəmlənir. Eyni zamanda İsrailin müdafiə nazirinin Ankaraya və Bakıya səfərləri, ardınca Türkiyə milli müdafiə nazirinin Azərbaycana gəlməsi, zənnimcə, ciddi niyyətlərə işarə sayıla bilər. Bütün bunları molla rejimi dərindən anlamalıdır, İsrailə və Azərbaycana "raket zərbələri ilə yer üzündən silə bilərik" kimi hədyan xarakterli təhdidlərinə son qoymalıdır. Ermənistanın baş nazirinin İrana səfəri və orada hərtərəfli əməkdaşlığa dair sənədə qol çəkməsi göstərir ki, Tehran təkcə özü deyil, həm də İrəvanı üstümüzə qısqırtmaqla bizə qarşı yeni təxribatlar törətmək sevdasındadır. Ona görə biz İsraildə səfirlik açmaqla əlaqələri daha da gücləndirməliyik. Sadəcə, dünyada gedən prosesləri nəzərə alaraq, yüz ölçüb bir biçməyi bacarmalıdır. Əks təqdirdə, daxili qarşıdurmalardan ciddi laxlamış mollakratiya tarixin zibilliyinə atıla bilər".
Ramiyə Məmmədova
Siyasi şərhçi Ramiyə Məmmədovanın fikrincə, təkcə İran faktoru deyil, bir sıra amillər İsraildə səfirlik açılmasını yubandırıb: “Amma indi fürsət yaranıb və Azərbaycan hansı ölkədə diplomatik nümayəndəlik açacağını başqaları ilə məsləhətləşmir. Əgər Ticarət Nümayəndəliyi açılıbsa, bunun davamı səfirlik olmalıdır. Bu gün iki ölkə əlaqələri inkişafdadır, xoşbəxtlikdən Türkiyə də İsraillə yaxınlaşmaqdadır. Bu imkanlardan istifadə edərək səfirlik açmalıyıq. Həqiqətən də İsrailin dövlət telekanalı bu məlumatı yayıbsa, deməli, hazırlıq gedir. Onsuz da İran bizi əsassız yerə ittiham edir, cənub sərhədində guya "sionist rejimin" olduğunu qeyd edir, o zaman səfirlik açılmasını niyə gözləməliyik? İsrail İrandan fərqli olaraq, 44 günlük Vətən müharibəsində haqq savaşımıza dəstək verib. Ona görə İsraildə səfirlik açılmalı, çox gözəl də fəaliyyət göstərməlidir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ