İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İranı tələyə sala bildi - SENSASİON DETALLAR

İsrail İranın bu ölkəyə hava hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) fövqəladə iclasının çağırılmasını istəyib.

Musavat.com-un məlumatına görə, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan “X” paylaşımında bu barədə bildirib.

“Təhlükəsizlik Şurasının təcili toplanmasını, İranın İsrailə qarşı hücumlarını birmənalı şəkildə pisləməyi və İran İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımasını tələb etdim”, - paylaşımda qeyd olunur.

Maraqlıdır, İranın Suriyadakı səfirliyinə ilk hücum edən İsraildir. İran da faktiki olaraq bu hücumun cavabını verib. Bəs, İsrail hansı əsaslarla onu BMT TŞ-yə şikayət edir? İsrailin bu müraciətinə BMT TŞ müsbət cavab verə bilərmi? Ümumiyyətlə, bu savaşın böyüməsi və regiona yayılması ehtimalı nə qədər realdır?

OGUZ.jpeg (277 KB)

Musavat.com-un suallarını cavablandıran siyasi şərhçi Heydər Oğuzun fikrincə, İsrailin bu müraciəti edərkən söykənə biləcəyi arqument BMT Nizamnaməsinin 51-ci maddəsinin fərqli yozulmasından qaynaqlana bilər:

“Bilirsiniz ki, İran dünənki hücumu həyata keçirərkən BMT Nizamnaməsinin “legitim özünümüdafiə” haqqı adlanan bu maddəsinə əsaslanırdı. Həmin maddənin ilk abzasında belə deyilir: “Bu Nizamnamənin heç bir hökmü Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün zəruri tədbirləri görməyənə qədər Birləşmiş Millətlər Təşkilatının istənilən üzvü silahlı hücuma məruz qalarsa, onun fərdi və ya kollektiv özünümüdafiə hüququna xələl gətirə bilməz”. Göründüyü kimi, bu maddə hücuma məruz qalacaqları təqdirdə dövlətlərə düşmən tərəfə cavab vermək hüququ tanıyır. İran da 1961-ci ildə qəbul olunmuş Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına istinadən Suriyadakı səfirlik binasını öz ərazisi olaraq qəbul edir və ora edilən hücumu öz torpaqlarına təcavüz kimi qiymətləndirir. Məhz bu arqumentlə də dünən İsrailə hücum etdi. Halbuki, Vyana Konvensiyasında səfirlik və konsulluq binalarının tam olaraq təmsilçi dövlətin ərazisi hesab edilməsi kimi iddialar mübahisəyə açıqdır. Konvensiyanın 31-ci maddəsində diplomatik nümayəndəliklərin əmlakına toxunulmazlıq haqqı verilir, ona hər hansı müdaxilə qadağan olunur. Bununla belə, həmin ərazilərin aydın şəkildə təmsilçi dövlətin ərazisi olduğu vurğulanmır. İsrail də böyük ehtimalla, bu arqumentə söykənib İranın hücumunun beynəlxalq hüquqa əsaslanmadığını sübut etməyə çalışacaq. Beləcə, dövlət ərazilərinə ilk təcavüzün İran tərəfindən başlandığı arqumenti ilə çıxış edəcək”.

İSRA SON.jpg (41 KB)

Heydər Oğuz onu da xatırladıb ki, İsrail Suriyadakı İran səfirliyinə hücumun məsuliyyətini öz üzərinə götürməyib:

“Dolayısıyla bu hücumun İsrail tərəfindən edilib-edilmədiyi də mübahisəyə açıqdır. İran isə onun ərazisinə hücum etdiyini açıq şəkildə bəyan edir. Bu durumda beynəlxalq hüquq baxımından İran ilk hücum edən tərəf kimi görünür”.

Bəs, bu, İsrailə nə verir? Nəzərə alsaq ki, İran 40 ildən artıqdır ki, sanksiya altındadır, İsrail öz arqumentini sübuta yetirərsə, BMT TŞ İrana qarşı daha hansı sanksiya tətbiq edəcək?

İsrailin məqsədinin İrana hansısa sanksiyalar tətbiq etmək olmadığına inanan həmsöhbətimizin fikrincə, Təl-Əvivin daha böyük planları var:

“Məhz bu planını həyata keçirmək üçün də BMT TŞ-yə rəsmi müraciət edib. Təl-Əvivin planının nədən ibarət olduğunu anlamaq üçün məncə, BMT Nizamnaməsinin 51-ci maddəsinin 2-ci abzasına baxmaq yetərlidir. Abzasda qeyd olunur ki, üzv dövlətlər hücuma məruz qalarlarsa, özünümüdafiə hüququnun həyata keçirilməsi istiqamətində görüləcək tədbirlər barədə dərhal Təhlükəsizlik Şurasını məlumatlandırmalıdır. Məncə, İsrail də məhz bunu edir. İrana hücum etmək planını reallaşdırmaq üçün tələb olunan prosedurları həyata keçirir. Açığı, bu addımdan sonra mən İsrailin İrana genişmiqyaslı hücuma başlayacağını düşünürəm”.

Sual oluna bilər: İsrailin BMT TŞ-dən İrana hücumla bağlı razılıq alması mümkündürmü?

TES.jpg (127 KB)

Heydər Oğuzun fikrincə, xeyr:

“Bunu İsrail də bilir. Çünki BMT TŞ-nin üzvləri bir-biri ilə amansız rəqabətdədir. Adətən ən həlledici məqamda hətta heç bir şübhə doğurmayan məsələlərdə belə, biri digərinin təklifinə qarşı veto hüququndan istifadə edir. Bu mənada İsrail də gözəl başa düşür ki, onun İranla bağlı müraciətinə Rusiya və Çindən veto gələcək. Amma onların vetosu İsraili çox maraqlandırmır. İsrailə özünün beynəlxalq hüquq baxımından haqlı olduğunu göstərmək, ABŞ, Fransa və Böyük Britaniyanı öz tərəfinə çəkmək lazımdır. Prinsipcə, artıq bunu bacarıb və indi o, planlaşdırdığı hücumun legitim əsaslarını beynəlxalq ictimaiyyətə çatdırmaq niyyətindədir”.

Siyasi şərhçi İsrailin İran səfirliyinə hücum edərkən bu planı qurduğuna, İranın isə sanki onun qurduğu tələyə qəsdən düşdüyünə inanır:

“Fikrimcə, İran bu müharibəyə getməyə məhkum idi. Çünki onun müharibədən yayınmaq üçün heç bir əsası qalmamışdı. İsrail və ABŞ dəfələrlə onun Yaxın Şərqdəki proksi döyüşçülərinə qarşı hücuma keçir, ən ciddi generallarını sıradan çıxarırdı. Artıq proksi qüvvələri İrandan bir hərəkət gözləyirdilər. İran susduqca özünün proksi qüvvələri ilə yanaşı, Yaxın Şərqdəki nüfuzunu da itirirdi. Bu isə İranın 40 illik müdafiə strategiyasını itirmək mənasına gəlirdi. Nədən ki, İran qurulduğu dövrdən indiyədək özünün müdafiə və təhlükəsizlik strategiyasını iki əsas üzərində qurmuşdu. Bunlardan biri qısa və orta mənzilli raketlər, digəri isə proksi qüvvələri idi. Proksi qüvvələrini itirmək İranı xarici düşmənlərə qarşı tam müdafiəsiz hala gətirirdi. Odur ki, İran bu itkilərə dayana bilməzdi. Onun mütləq ölüm-dirim müharibəsinə girməsi lazım idi. Yaxın günlərdə İrana qarşı başlayacağını gözlədiyim savaşda proksi qüvvələrinin də hərəkətə keçəcəyi istisna deyil”.

HEREK YENİ.jpg (78 KB)

Bəs, İranın uzaq və qısa mənzilli raketləri necə, onun müdafiəsinə yarayacaqmı?

Siyasi şərhçi buna da inanmır. Onun fikrincə, Qəzza savaşı başlayandan bəri İranın əlindəki əksər hava hücumundan müdafiə silahları sınaqdan çıxarılıb:

“Bir müddət əvvəl Yəmən husiləri öz ərazilərindən İsraili ballistik raket yağmuruna tutmuşdular. Husilərin atdığı raketlərin demək olar ki, böyük əksəriyyəti Səudiyyə Ərəbistanı tərəfindən göydə zərərsizləşdirilirdi. Son hücumda isə İranın özünün atdığı 300-dən artıq raket və silahlı dronların böyük əksəriyyəti ABŞ-nin regiondakı hərbi qüvvələri və İordoniya tərəfindən vuruldu. Çox az sayda raket İsrailin hava sahəsinə keçdi. Onları da İsrailin öz hava hücumundan müdafiə sistemləri zərərsizləşdirdi. İsrailin Müdafiə Nazirliyinin rəsmi məlumatına inansaq, İranın atdığı raket və silahlı dronların 99%-i hədəfinə çatmadı. Yalnız 1%-i İsrail torpağına düşdü ki, bunlar da hədəfə deyil, mülki obyektlərə dəydi. Son hücumda cəmi bir uşağın yaralandığı bildirilir. Bu vəziyyətdə İranın ikinci strateji silahı sayılan raket və dronların işə yaradığını söyləmək çətindir. İsrailin hərbi qüdrəti isə İranla müqayisə edilməyəcək dərəcədə güclüdür. Üstəlik, ona regiondakı ərəb dövlətləri və ABŞ ilə İngiltərənin də dəstək verəcəyi sirr deyil. İran ərəb dövlətlərini bundan çəkindirmək üçün onların da legitim hədəfə çevriləcəyini bildirsə belə, bu təhdidin işə yarayacağına inanmaq sadəlövhlük olardı. Yaxın Şərqdə məzhəb müharibələri yaymağa çalışan İranın çökdürülməsi ətrafdakı ərəb dövlətlərinin də maraqlarına uyğundur. Onu zəif görən kimi, həmin dövlətlər də İrandan xilas olmağa çalışacaqlar. İranın onları hədəfə alması isə ikinci böyük strateji səhv olar və bütün region dövlətlərini özünə qarşı çevirər”.

Rusiya və Çin necə, bu müharibədə İranın yanında dayanacaqmı?

Heydər Oğuz Rusiya və Çinin İran üçün özlərini oda atacağını inandırıcı saymır:

“Əvvəla, İranın ən böyük dəstəkçisi ola biləcək Rusiyanın başı Ukraynadakı savaşa qarışıb.

PUTİN SON.jpg (65 KB)

Moskva ikinci cəbhənin açılmasını əsla istəməz. Üstəlik, bu cəbhənin İsrailə qarşı açılması onun üçün ölümcül səhv olar. Yadınızdadırsa, Putin hələ dünyanın düz vaxtında belə, İranın yardım çağırışlarına “biz Yaxın Şərqin yanğınsöndürən maşını deyilik” tərzində cavab vermişdi. İndi onun özünə “yanğınsöndürən maşın” lazımdır. Putin yaxşı anlayır ki, hazırda İsraili hədəfə almaq ABŞ-dəki yəhudi lobbisini də özünə qarşı çevirmək deməkdir. Bu isə ABŞ Konqresində ilişib qalan Ukraynaya hərbi yardım paketinin dərhal səsverməyə çıxarılması anlamına gəlir. Ukraynanın ən müasir silahlarla silahlandırılması Rusiyanın strateji məğlubiyyətinə yol açar və Putinin ağlı olsa, İranla gözlənilən müharibə sona çatanadək Ukrayna ilə sülh danışıqlarına oturar. Məncə, Rusiya məhz bunu edəcək və İranla İsrail arasında yaşanan gərginlikdən faydalanaraq Ukrayna savaşından maksimum xeyir götürərək aralanmağa çalışacaq.

Çin də ABŞ və Qərblə açıq savaşa girmək istəməz. Ümumiyyətlə, Pekin həmişə təmkinli siyasətin tərəfdarıdır və böyük zərurətlər görməsə, bu müharibəyə cəlb olunmaqdan yayınar”.

Bütün bunları hesaba qatan Heydər Oğuz İsrail-İran gərginliyinin regiona yayılacağını düşünür və rəsmi Bakını hər zamankından daha ehtiyatlı siyasət yürütməyə çağırır.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR