İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İran toqquşması hansı nöqtədədir? – AXŞAM ŞƏRHİ

Musavat.com xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələri bu gün səhər saatlarından başlayaraq İranın müxtəlif ərazilərinə aviazərbələr endirib. Hücumların əsas hədəfi kimi İranın cənubunda yerləşən Əhvaz bölgəsindəki hərbi obyektlər və strateji mövqelər göstərilir. İran mətbuatı və beynəlxalq müşahidəçilər bildirirlər ki, bu hücumlar nəticəsində bir sıra komanda məntəqələri, hava hücumundan müdafiə sistemləri və raket bazaları sıradan çıxarılıb.

İsrail Müdafiə naziri Yoav Qallant bildirib ki, “İran artıq açıq qapıdır” və İsrail bu ölkənin hava məkanına istədiyi vaxt daxil olaraq əməliyyatlar keçirə bilər. İsrail ordusunun yaydığı məlumata görə, bu əməliyyatın əsas mərhələsi ilk zərbələrlə icra edilib və qarşı tərəfin müdafiə sistemləri demək olar ki, tamamilə sıradan çıxarılıb.

Bəzi məlumatlara görə, İran ordusunun yüksək rütbəli zabitləri və nüvə sahəsində çalışan mütəxəssislər həlak olub. Hücumlar davam etdiyi üçün İran tərəfi hələlik itkilərlə bağlı rəsmi açıqlama verməyib. Bununla belə, İranın cavab hücumları da gecikməyib.

 70cb3b84-8cd5-424a-acf0-fc2cbaecf702.jpeg (36 KB)

İranın cavab zərbələri nəticəsində İsrailin Hayfa və Tel-Əviv şəhərləri ətrafında partlayışlar qeydə alınıb. Tehranın verdiyi açıqlamaya əsasən, ballistik raketlər və pilotsuz uçuş aparatları ilə həyata keçirilən cavab əməliyyatları zamanı bir neçə strateji obyekt hədəfə alınıb. İranın dini lideri Əli Xamenei bildirib ki, “əgər Tehran yanacaqsa, bütün dünya da yanacaq”.

Bütün bu proseslər fonunda İran və ABŞ arasında iyunun 15-də keçiriləcəyi planlaşdırılan nüvə danışıqları tamamilə dayandırılıb. İran Xarici İşlər Nazirliyi bəyan edib ki, İsrailin hücumlarının davam etdiyi bir şəraitdə ABŞ-la nüvə danışıqlarının heç bir mənası yoxdur. Omanın xarici işlər naziri də təsdiqləyib ki, görüş baş tutmayacaq.

Hadisələrə dünya liderləri də reaksiya verib. Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefonla danışıb. Kremlin yaydığı məlumata görə, Putin həm İran Prezidenti Məsud Pezeşkian, həm də İsrail Baş naziri Benyamin Netanyahu ilə apardığı danışıqlar barədə Trampa məlumat verib və İsrailin hərbi əməliyyatlarını qətiyyətlə pisləyib.

Tramp isə Yaxın Şərqdəki vəziyyəti “narahatedici” adlandıraraq bildirib ki, ABŞ nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazırdır və münaqişənin diplomatik həllini dəstəkləyir.

 a8f60349-8d05-4eec-b068-acc4a1ca4914.jpeg (688 KB)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Pezeşkian və İlham Əliyevlə ayrı-ayrılıqda telefon danışıqları aparıb. O, İsrailin İrana qarşı hücumlarını ən sərt şəkildə qınayıb və bölgədə sülhün bərpa olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Trampın bir neçə gün əvvəl Netanyahu ilə apardığı telefon danışığı və ardınca verdiyi eyhamlı açıqlamalar, Dövlət Departamentinin və Pentaqonun Yaxın Şərqdən şəxsi heyətini çıxarması bölgədə qarşıdurmanın başlanacağının ilkin işarələri hesab edilirdi.

Bu xəbər hazırlanan zaman İsrailin hərbi müşahidə stansiyaları İranın ballistik raket sistemlərinin atəş mövqelərinə doğru hərəkət etdiyini qeydə aldığını bəyan etmişdi.

İsrail kəşfiyyatı yaxın saatlarda İrana məxsus raketlərin yeni hücum dalğasına başlaya biləcəyini ehtimal edir. Hazırda İsrailin hava hücumundan müdafiə sistemləri tam döyüş hazırlığı vəziyyətindədir.

Musavat.com hadisələrin inkişafını izləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR