İnsanlara hürriyət, millətlərə istiqlal!

İspaniya parlamentinin Azərbaycana qarşı siyasi riyakarlığının səbəbi - Deputatın şərhi

Noyabrın 4-də İspaniya parlamentinin aşağı palatası 2021-ci ilin dekabrında Madriddə imzalanmış, Azərbaycanla məxfi məlumatların mübadiləsini və bu məlumatların mühafizəsini nəzərdə tutan sazişi ratifikasiya etməyib.

Parlamentin 174 deputatı sənədin əleyhinə, 132-si isə lehinə səs verib, 42 səs fərqi ilə sənəd təqsdiq olunmayıb. Praktikada beynəlxalq razılaşmanın parlament tərəfindən təsdiqlənməməsi nadir hallarda rast gəlinən olaydır. İspaniyalı deputatlar Azərbaycanla imzalanmış sazişin əleyhinə səs verməklə Ermənistanla həmrəylik nümayiş etdirdiklərini bildiriblər.

Biz bilirik ki, İspaniyada elə güclü erməni diasporu yoxdur, buna rəğmən, ispaniyalı deputatların Azərbaycanın əleyhinə səs verməsi ciddi suallar və narahatlıq doğurur.

Ən qəribəsi isə odur ki, belə bir qərarı uzun müddət separatizmdən əziyyət çəkən İspaniyanın parlamenti verir.

Bildiyiniz kimi, 7,5 milyon əhaliyə, Ermənistandan da böyük əraziyə və min ildən çox dövlətçilik tarixinə malik olan Kataloniya 2017-ci ildə müstəqilliyini elan etdikdə, rəsmi Madrid bu akta imza atanlara qarşı çox sərt davrandı, Kataloniyanın rəhbəri Karlos Puçtemonu vəzifəsindən azad etdi. Bundan başqa, 2021-ci ildə üzv olduğu Avropa Parlamenti Puçtemonun toxunulmazlığını ləğv etdi və hətta o bir müddət həbs olundu.

Və yaxud, Bask vilayətini İspaniyadan ayırmağı qarşısına məqsəd qoyan və müxtəlif dövrlərdə bu ölkənin ərazisində 850 terror aktı törədən ETA-a qarşı da amansız davrandılar.

Əlbəttə, bütün bunların hamısı doğru addımlar idi. Lakin sual olunur, görəsən, ETA -nın Qarabağdakı separatçılardan və terrorçulardan fərqi nədir?

İndi nə baş verir?

İspaniyanın inandığı və müdafiə etdiyi dəyərlərdə, beynəlxalq hüququn prinsiplərində nə dəyişdi ki, bu ölkənin parlamenti 30 il Azərbaycana qarşı işğalçılıq, soyqırım, etnik təmizləmə və terror siyasəti aparan, hələ də qanunsuz silahlı dəstələrini Qarabağdan çıxartmayan, ölkəmizdə etnik separtizmi dəstəkləməkdə davam edən Ermənistanla həmrəylik nümayiş etdirir?

Özünün seçdiyi hökumət tərəfindən imzalanan sənədi bu həmrəyliyə qurban verir?

Necə ola bilər ki, öz daxilindəki separatizmə və terrora dözməyən İspaniya parlamenti Ermənistan kimi separatizmi və terroru dəstəkləyən bir dövləti müdafiə edir?

Hesab edirəm ki, bütün bu suallara aydınlıq gətirilməli, İspaniya parlamentindən bizə qarşı nümayiş etdirdiyi siyasi riyakarlığın səbəbi soruşulmalı və ona görə adekvat tədbirlər görülməlidir.

Azay Quliyev, millət vəkili

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR