Onlayn ictimai-siyasi qəzet
İspaniyada daşqınlar nəticəsində bu günə qədər 217 nəfər ölüb, daşqın zamanı itkin düşənlərin axtarışı davam edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, İspaniya kralı VI Filip həyat yoldaşı, kraliça Letisiya, baş nazir Pedro Sançes və digər rəsmilərlə birlikdə təbii fəlakətdən əziyyət çəkən Valensiyaya gəlib.
Etirazçıların palçıq və digər əşyalarla hücum etməsindən sonra kral və kraliça daşqınlardan ən çox zərər çəkən şəhərlərdən biri olan Payportuya səfərini yarımçıq qoymağa məcbur olublar. VI Filippin üzünə və üstünə palçıq atılıb.
Bu, monarxın onu müşayiət edən məmurları təhqir edən şəhər sakinləri ilə danışmağa çalışdığı vaxtda baş verib.
AFP agentliyi qeyd edir ki, izdihamın hiddəti əsasən baş nazir Sançesə və Valensiya bölgəsinin rəhbəri Karlos Meysona yönəlib.
Kralın daşqından zərər çəkmiş başqa bir şəhər olan Çivaya əvvəlcədən planlaşdırılan səfərini də təxirə saldığı bildirilir.
Son məlumatlara görə, müasir İspaniya tarixinin ən güclü daşqınları 217 nəfərin həyatına son qoyub, onlardan 60-dan çoxu Payportdadır. Axtarış əməliyyatları davam etdikcə bu rəqəm arta bilər.
Valensiyada leysan yağışları bir həftə əvvəl, bazar ertəsi başlayıb və körpüləri dağıdan, avtomobilləri yuyub aparan və küçələri palçıq qatına bürüyən fəlakətli daşqınlara səbəb olub.
Bir çox şəhərlər işıqsız və susuz qaldı, yemək də yox idi. Ən çox Valensiya şəhəri yaxınlığındakı yaşayış məntəqələri zərər çəkib.
VI Filip Payportanın piyadalar üçün nəzərdə tutulmuş küçələrindən biri ilə mühafizəçilər və polisin əhatəsində gedərkən qəfildən “qatil” və “utanc” deyə qışqıran etirazçılar dalğası onu mühasirəyə alıb. Mühafizəçilər kralın ətrafında qoruyucu halqa saxlamaqda çətinlik çəkirdilər.
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ