Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terrora hazırlıqda təqsirləndirilən Abdulla Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə ittiham aktı elan olunub.
İttihama görə, Abdulla Əliyev Bakıda yəhudi sinaqoquna “Molotov kokteyli” ilə hücuma hazırlaşıb. Həmin vaxt Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Məlum olub ki, “Bakı Dağ Yəhudiləri Sinaqoqu”na qarşı terror aktı həyata keçirməyi planlaşdıran şəxs Sumqayıt şəhərində yaşayan, “İŞİD Xorasan” terror təşkilatına bağlı olan 18 yaşlı Abdulla Əliyevdir.
O, ötən il dekabrın 28-də avtomobillə yəhudi sinaqoquna yaxınlaşıb, “Molotov kokteyli” və digər silah qismində istifadə etmək istədiyi əşya və predmetlərlə sinaqoqa hücum etməyə hazırlaşıb.
Əməliyyat zamanı Abdulla Əliyevin üzərindən və avtomobilindən silah qismində istifadə etmək istədiyi əşya və predmetlər aşkar edilərək götürülüb.
Məhkəmdə təqsirləndirilən şəxsin diqqətinə çatdırılıb ki, ona qarşı irəli sürülən ittihamlar sübuta yetirilərsə, 10 ildən 20 il müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər.
Abdulla Əliyev irəli sürülən ittihamlarla razılaşmayıb. O deyib ki, həmin an anlaqsız vəziyyətdə olub, özünü təqsirli bilmir.
Təqsirləndirilən şəxsin vəkili səhhəti ilə əlaqədar məhkəmədə uzun müddət iştirak edə bilməyəcəyi barədə müraciət edib.
Abdulla Əliyev vəkildən imtina edib və onun hüquqlarının müdafiə etmək üçün yeni vəkil təyin edilib. Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə vəkilin vəsatətini təmin edib.
Qeyd edək ki, Abdulla Əliyev AR Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 28, 214.2.3 (terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 28, 214.2.6 (terrorçuluq, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə), 218.2-ci (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) maddələri ilə ittiham olunur.
Proses iyulun 14-də davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
04 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ