İnsanlara hürriyət, millətlərə istiqlal!

İrreal Ermənistan...

Bu gün Şuşada orta məktəbdə, Xankəndidə ali məktəbdə - Qarabağ Universitetində ilk zəng çalındı! Artıq qərinələrdir, hər il bu ay Azərbaycanda Yeni Dərs İli başlayır.

Doqquzuncu ayın kəramətinə baxın!

1 il öncə - 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə Qarabağın dağlıq bölümündə yığcam antiterror tədbirləri olmuşdu;

4 il öncə - 2020-ci ilin 9-cu ayının 27-də bütün cəbhə boyu əks-hücumla Vətən müharibəsi başlamışdı;

106 il öncənin sentyabrının 15-də isə Bakı Nuru Paşanın başçılıq etdiyi Qafqaz Türk-İslam Ordusunun Zəfər yürüyüşü ilə daşnak-bolşevik və başqa tör-töküntülərdən arındırlmışdı...

Əlbəttə, bu aya təvafüq edən digər hadisələr də olub. Örnəyi, 2 il öncənin – 2022-ci ilin 12–14 sentyabr döyüşlərini – Azərbaycan–Ermənistan sərhəd toqquşmasını, başqa sözlə, İkigünlük müharibəni də unutmamışıq.

Ermənistan-Azərbaycan sərhədində, eləcə də, Qarabağın dağlıq bölümlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş çoxsaylı digər silahlı toqquşmalar da olub; sentyabra odaklanmağımızın əsas səbəbi məhz bu aya təvafüq etmiş döyüşlərin bitirici, çözücü olması – Zəfər gətirməsi ilə bağlıdır.

Biz onu da bilirik ki,

“Dərvişlik xirqədə, tacda deyildir,

İstiliklik oddadır, sacda deyildir.

Haqqı istər isən, adəmdə istə,

İraqda, Məkkədə, Hacda deyildir” (Qayğusuz Abdal)...

Yəni “sentyabrın kəraməti” yazarkən, kəramətin təqvim ilinin hər hansı bir ayında olmadığını bilməmiş deyilik; sadəcə, məhz o aya təvafüq edən hadisələri qabartmaqçün o sözü vurğulayırıq. Yoxsa, əlbəttə, kəraməti dövlətdə, dövlətçilikdə, sentyabr döyüşlərini hazırlayan iradədə, idarəedən gücdə, qazanan qüdrətdə, bir sözlə, incəlsə də, üzülməyən haqda aramalıyıq.

Bəli, sentyabrda dərslər başlayır.

Şuşada, Xankəndidə ilk zənglər çalındı!

Şuşada, Xankəndidə bundan öncəki sentyabrlarda çalınan zənglər işğalın zülmət zəngləriydi, cəhənnəm zəngləriydi. Bu gün isə zənglər Tanrıya agah olur, haqqa səsləyir, Xeyrə çağırır, böyük sabahlara, inkişafa, insanlığa aparır... Bu gün qutsal gündür, əziz gündür, doğma gündür! Mən bu sətirləri paytaxt Bakıda yazıram, ürəyim Şuşada birinci sinfə gedən uşaqlarla, Xankəndidə birinci kursa gedən cavanlarla bir vurur! Dəmir Yumruğun kimi, nəyi, necə və nə üçün vurduğu məhz bu ayda, bu günlərdə bir daha bir daha aydın olur; bir daha aydın olur ki, Yer üzünün ən humanist yumruğu Azərbaycan Dəmir Yumruğudur! Onun sayəsində Qarabağa, hələ-hələ onun dağlıq bölümlərinə insanlıq, mədəniyyət, təhsil, kitab-dəftər, humanitar təfəkkür qayıtdı! Tarixi Zəfərədək torpaq, su, ağac, göy üzü... – hər şey, hər şey, hətta, daş-divar belə özündən küskün, hamıdan incik idi... Çünki kainatın ruhu, Yer üzünün nizamı, insanlığın düsturu pozulmuşdu oralarda... Ona görə Azərbaycan yaralıydı, yarası qaysaq bağlayırdı, bağlayırdı amma sağalmırdı, sağalmırdı... Yaxınlarımız uzaq olmuşdu...

İndi, budur, uzaqlarda yaxın arayan haylar idrak etməkdədir ki, yaxınlar uzaq olmamalıdır. Gəlin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın öz sosial şəbəkə hesabında yazdığına diqqət edək. – Ölkəsində müzakirə olunan konseptual dilemmanı qabardan Paşinyan, Ermənistan Respublikasının nə üçün mövcud olduğunu sual edir və bu ritorik suala özü cavab verir ki, bir forpost, dayaq nöqtəsi, ərazisində daha böyük dövlətin olması üçünsə - bu, “Tarixi Ermənistan konsepsiyası”dır;
yoxsa, “beynəlxalq səviyyədə tanınmış ərazisində öz vətəndaşlarının rifahını təmin edən, rifahın ayrılmaz elementlərinin yaxşı yaşayış, azadlıq, ədalət, təhlükəsizlik olduğunu dərk edən ölkə”dirsə - bu, “Real Ermənistan konsepsiyası”na uyğun gəlir. – “İnanıram ki, xalqımız öz seçimini çoxdan “Real Ermənistan”ın xeyrinə edib. Amma müxtəlif dövrlərdə hakimiyyətlər ona qulaq asmamışdır; mahiyyətcə xalqımızı “tarixi dönəm”də yaşamağa məcbur etmişik. Məhz bu səbəbdən xalqımızdan üzr istəməliyik və mən də üzr istəyirəm”. Paşinyanın sözləri bizimçün yetərli istinadgah deyil, bununla belə, Ermənistanın nəbzini tutmaqçün gərəklidir. Biz Ermənistanın qondarma tarixini qəbul etmirik, Real Ermənistanın da xirtdəyəcən qüsurlar, suçlar, günahlar içində olduğunu bilirik. Mina xəritələrini verməyən, azərbaycanlı əsir-girovların taleyinə aydınlıq gətirməyən, öz konstitusiyasında, digər dövlət sənədlərində, dövlət rəmzlərində Azərbaycana, Türkiyəyə ərazi iddiasını “sürdürən” Ermənistan İrreal Ermənistandır, hətta ErMİNAstandır. Qarabağa, oradan zorla, işgəncə (və erməniyanlıların hərtərəfli dəstəyi) ilə qovduqları azərbaycanlıların sayından daha artıq mina basdıran Ermənistanın indiki hökuməti əgər real düşüncəyə gəlibsə, nədən özündən öncəki hökumətlərin suçunu, müharibə cinayətlərini də etiraf etmir, gərəkli addımlar atmır? Yəni Ermənistan siyasi-hərbi rəhbərliyinin idrakı alayarımçıqdır. Alayarımçıqlıq isə ən buraxma xüsusiyyətdir...

Bəli, hər il bu ay – payızın ilk ayında Azərbaycanda Yeni Dərs İli başlayır. Payız – sayım fəslidir, hesab-kitab fəslidir, qışa – sazağa-soyuğa hazırlıq fəslidir. Artıq bir gələnəkdir, payızın ilk, ilin 9-cu ayına kəramət yaraşdırırıq, uğurlu başlanğıclar yaraşdırırıq. Və olur! Zəngəzur haqqı! Göyçə haqqı!..

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR