Onlayn ictimai-siyasi qəzet
Ermənistan 10 noyabr sənədindən imtina edir; analitik: “Bu o anlama gəlmir ki...”
“Ermənistan hökuməti 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına qayıtmaq məsələsini nəzərdən keçirmir”. Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O bildirib ki, sənədin 8 bəndi icra edilmədiyi üçün 9-cu bənd səbəbindən həmin sənədə qayıtmaq təəccüb doğurur.
Qeyd edək ki, 9-cu bənd Zəngəzur dəhlizi haqdadır. Əlbəttə ki, Azərbaycan üçün daha vacib və əsas olan Naxçıvanla əlaqənin maneəsiz və təhlükəsiz rejimdə təmin edilməsi, insanların və yüklərin yolda heç bir yoxlamaya məruz qoyulmamasıdır. Yerdə qalanlar isə detallardır. Bu yerdə xatırladaq ki, Prezident İlham Əliyev “Zəngəzur dəhlizi” açılmalıdır və açılacaq" deyib. Dövlət başçısı həmçinin dəhlizin Ermənistanın ərazi bütövlüyünə zidd olmadığını bildirib.
O ki qaldı 10 noyabr sənədinin 9-cu bəndinə, harda ki dəhlizə nəzarət Rusiyaya həvalə edilir, bu xüsusda İrəvan qərar verməlidir. Hər halda 10 noyabr sənədindən ən bərk yapışan Moskvadır - təbii ki, öz maraqları naminə. İrəvanın Zəngəzur qərarı nə olacaq?
Elxan Şahinoğlu
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a verdiyi açıqlamada Ermənistanın rəsmi mövqeyinin dəyişdiyini qeyd edib: “Ermənistan hökuməti artıq Rusiyanın vasitəçiliyini qəbul etmir və 10 noyabr üçtərəfli bəyanatının hüquqi qüvvəsinin itirildiyini hesab edir. Bunun səbəbi isə ermənilərin yanlış düşüncəsidir ki, guya Rusiya Qarabağda erməni əhalisini qorumalı və separatçı qüvvələri müdafiə etməli idi. Lakin Azərbaycan öz ərazi bütövlüyünü tam şəkildə təmin etdi. Bu, Azərbaycanın daxili məsələsidir və Ermənistanın 9 noyabr bəyanatından imtina etməsi onun öz qərarıdır. Amma Zəngəzur dəhlizi tamam fərqli bir mövzudur”.
Ekspert vurğulayıb ki, Ermənistan 9 noyabr sənədindən imtina etsə belə, bu, Zəngəzur dəhlizinin tamamilə arxa plana keçməsi anlamına gəlmir, Azərbaycan üçün bu məsələdə daima gündəmdə qalacaq: “Ola bilsin ki, 9 noyabr bəyanatında Zəngəzur dəhlizi nəzərdə tutulurdu, amma Ermənistan bu sənəddən imtina edirsə, deməli, həmin bəndi də icra etməyəcəyini bəyan edir. Lakin bu o demək deyil ki, Zəngəzur məsələsi unudulacaq. Azərbaycan hər zaman bu mövzunu diqqətdə saxlayır. Ermənistanın baş naziri Nikol Paşinyan da zaman-zaman bu barədə açıqlamalar verir. Hətta Ermənistanda belə bir müzakirə gedir ki, hökumət bu dəhlizin maneəsiz istifadəsi ilə bağlı Azərbaycanla razılığa gələ bilər.”
E.Şahinoğlu həmçinin Ermənistanın yaxın gələcəkdə Konstitusiyasında dəyişikliklər edəcəyini elan etməsini vacib məqam kimi qeyd edib: “İki gün əvvəl Paşinyan Ermənistan Konstitusiyasının dəyişdiriləcəyini açıqladı. Bu, o deməkdir ki, Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən bəndlər çıxarıla bilər. Əgər bu baş verərsə, o zaman Azərbaycanla sülh sazişinin imzalanması da sürətlənə bilər. Zəngəzur dəhlizi isə iki ölkə arasında sülhün formalaşmasında mühüm rol oynaya bilər.”
Rusiyanın Zəngəzur dəhlizinə nəzarəti məsələsi və Azərbaycanın mövqeyinə gəldikdə, ekspertin fikrincə, Zəngəzur dəhlizi məsələsində ən mühüm məqam Rusiyanın rolu və gələcəkdə dəhlizə nəzarət mexanizminin necə qurulacağıdır: “Ermənistan 9 noyabr bəyanatının qüvvəsini tanımasa da, bu, Zəngəzur dəhlizinin açılmasına ciddi maneə olmayacaq. Rusiya ilk başdan bu dəhlizə nəzarət etmək niyyətində olub. Ancaq indi nə Ermənistan, nə də Azərbaycan bu ssenarini qəbul etmir. Azərbaycan üçün ən vacib məsələ Naxçıvanla birbaşa, maneəsiz və təhlükəsiz əlaqənin təmin olunmasıdır. Ermənistan isə hələ də tərəddüd edir, lakin daxili və xarici təzyiqlər fonunda bu mövzu gündəmdən düşməyəcək. Beləliklə, Zəngəzur dəhlizi məsələsi regionda uzunmüddətli strateji önəm kəsb edir. Ermənistanın 9 noyabr bəyanatından imtina etməsi yeni hüquqi və siyasi çətinliklər yaratsa da, Azərbaycanın bu dəhlizin açılması istiqamətində səyləri davam edəcək. Əgər Ermənistan Konstitusiyasında dəyişiklik edər və ərazi iddialarından imtina edərsə, bu, təkcə Zəngəzur dəhlizi üçün deyil, ümumiyyətlə Azərbaycan-Ermənistan münasibətlərində dönüş nöqtəsi ola bilər”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ