İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın “silahlara nəzarət” təklifinə Moskvadan sərt reaksiya

Rusiya Ermənistan və Azərbaycandakı silah bazarını itirməkdən ehtiyat edir, yoxsa... 

Baş nazir Nikol Paşinyan hökumətin həftəsonu  iclasında deyib ki,  Azərbaycan bir tərəfdən Ermənistana ərazi iddiaları irəli sürür, ordusunu gücləndirəcəyini bəyan edir, digər tərəfdən Ermənistanın Fransa və Hindistandan silah almasından şikayətlənir. 

“Bəs burada məntiq haradadır? Azərbaycan hesab edir ki, Ermənistanın ordusu olmamalıdır?! Onların anlayışı belədirsə, deməli, Ermənistanın mövcudluq hüququ şübhə altına alınır və bu, qətiyyən qəbuledilməzdir. İstənilən ölkənin hüququ var. Orduya sahib olmaqdır və buna heç kim şübhə edə bilməz”, - Paşinyan bildirib. 

Onun sözlərinə görə, aydındır ki, bütün bunlar regional təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və Ermənistanın Azərbaycanın silahları ilə bağlı, Azərbaycanın da Ermənistanla bağlı narahatlığı ola bilər. “Ona görə də biz deyirik: gəlin elə sülh müqaviləsi imzalayaq ki, müharibə ehtimalının qarşısını alsın”, - Ermənistanın baş naziri deyib.

Rəsmi Bakı bu təklifə hələ ki cavab verməyib. Lakin Moskvadan Ermənistanın baş nazirinin təklifinə kəskin reaksiya verib və onu “müxtəlif qeyri-adekvat təkliflər irəli sürmək” əvəzinə Rusiya ilə “düzgün münasibət qurmağa” çağırıb.

Kremlə yaxın çıxışları ilə tanınan sabiq senator Fransa Klintseviç Paşinyanın təşəbbüsünü “qeyri-adekvat” hesab edib, çünki Azərbaycan tərəfi öz imkanlarına görə Ermənistanı üstələyir və şübhəsiz ki, bütün məlumatları İrəvana açıqlamaqda maraqlı deyil. Ermənistana gəldikdə isə ekspertin fikrincə, o, “özünə zərbə vurub. Rusiya ilə münasibətlər onun suverenliyinə təhlükə yaradır”. Lakin onun sözlərinə görə, “vəziyyəti düzəltmək hələ də mümkündür”.

“Ermənistan üçün yeganə xilas yolu Rusiya ilə düzgün, dostluq münasibətləridir. Yalnız Rusiyaya güvənmək Ermənistanın sağ qalmasına kömək edə bilər”, - Klintseviç bildirib. 

Rusiyalı siyasətçinin fikrincə, Ermənistan rəhbərliyi “Sem dayı”ya çox da güvənməməlidir.  “Onlar Ermənistanı öz maraqlarına uyğun zamanda tərk edəcəklər. Son nəticədə hər şeyi itirəcək”. 

Bu arada məlum olub ki, Rusiya Ermənistana yeni silahlar göndərib. 

Ermənistan parlamentinin müdafiə komitəsinin üzvü Qaqik Melkonyan yerli mətbuata belə deyib. 

Melkonyanın dəqiq hansı silahlardan söhbət getdiyindən xəbərsiz olduğunu deyib. O əlavə edib ki, bu silah partiyası daha əvvəl Rusiya ilə imzalanmış müqavilə çərçivəsində Ermənistana çatdırılıb. 

“Silahlara nəzarət” təklifinə sərt reaksiya Rusiyanın Ermənistan və Azərbaycandakı silah bazarını itirmək riskindənmi qaynaqlanır? 

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov “Yeni Müsavat”a açıqlamasında erməni tərəfin sülh müqaviləsi imzalamaq niyyətində olmadığını bildirdi: “Nikol Paşinyan "silahlara nəzarətlə" bağlı etdiyi son çağırışla bir daha təsdiq etdi ki, Ermənistan sülh müqaviləsini bağlamaq haqqında belə düşünmür. Onun bu məsələdə tamamilə başqa hədəfləri var.  Bir sözlə, Ermənistanın indiki rəhbərinin son üç ildə sülh müqaviləsi ətrafındakı manevrləri mahiyyət etibarilə onun sələflərinin 30 ildə münaqişənin həlli ilə bağlı Azərbaycanla oynamaq istədikləri oyunlarla eynidir. Bu qazanılan vaxt ona yeni ordu quruculuğu, ölkəsinin hərbi gücünü artırmaq üçün hava-su kimi vacibdir. Ona görə də kənardan Ermənistanın sülh müqaviləsini bağlamağa çox yaxın olduğu görünsə də, realda Paşinyan hakimiyyəti bundan çox uzaqdır. Bu gün Ermənistanda böyük əksəriyyət Paşinyanın onları ağ günə çıxaracağı, Ermənistanı Rusiyanın caynağından xilas edərək, Qərbin qoynuna aparacağı kimi illüziyalarla yaşayır. Reallıqlar isə tam başqadır - Ermənistanda Paşinyan qədər bütün bu gedişlərin əsassız bir xülya olduğunu bilən ikinci adam yoxdur. Paşinyan ikibaşlı oyunlarına görə artıq Rusiyadan bir neçə ciddi xəbərdarlıqlar alıb. Növbəti xəbərdarlığın nə ilə bitəcəyinə isə heç kim təminat verə bilməz. Bu Rusiyadır - o da siyasət meydanında oyun qaydalarına heç də həmişə riayət etmir. Lakin Ermənistan Rusiya deyil. Rusiya oynadığı qaydasız oyunların arxasında öz hərbi gücü, nüvə silahı ilə dayanır. Bəs İkinci Qarabağ savaşında ordusu darmadağın edilmiş, de-fakto dövlət deyil, Cənubi Qafqazda Rusiyanın forpostu olan Ermənistan nəyə güvənir? Fransa kimi siyasi əxlaqsızlığın zirvəsində dayanan və öz maraqları xatirinə bütün dəyərləri istənilən an ayaqlar altına almağı bacaran bir ölkəyə güvənmək Ermənistanı ancaq uçuruma apara bilər. Paşinyan başa düşməlidir ki, tarixdə onun bu gün rəhbəri olduğu Ermənistan kimi kiçik və zəif dövlətlər başından böyük ambisiyalarına görə səhnədən silinib atılıblar. Qarabağda böyük ambisiyalarla yaşayan və bizim torpaqlarda ikinci erməni dövləti qurmağa çalışanların taleyi göz qabağındadır. Bu gün Ermənistan da buna bənzər bir aqibəti yaşamağa yaxınlaşır. Əgər erməni hökuməti vaxtında ayılmasa, Ermənistanda yaşayan ermənilər də Qarabağ torpaqlarımızda kök salmış ermənilərin aqibətini yaşamalı olacaqlar". 

Sabiq nazir fikirlərinə bu cür davam etdi: “Məsələyə bir qədər dərindən baxılarsa, mahiyyət etibarilə Ermənistanın durumu ilə vaxtilə Rusiya tərəfindən muxtariyyət verilmiş Qarabağın durumu arasında elə də ciddi bir fərq yoxdur. Qarabağ torpaqlarımıza da erməniləri vaxtilə rus imperiyası yerləşdirmişdi, bu torpaqlarda da onlara muxtariyyəti ruslar vermişdi, indi Ermənistan adlanan bizim qədim torpaqlarımızı da vaxtilə ruslar ermənilərə verib və ruslar onlara bu torpaqlarda dövlət yaradıblar. Son zamanlar Rusiya rəsmiləri bəzən ən yüksək səviyyədə bunu Ermənistan hakimiyyətinin yadına salır. Görünən budur ki, Ermənistan da Qarabağın aqibətini yaşaya bilər. Çox istəyən həmişə azdan da məhrum olur və ya sirkə nə qədər tünd olarsa, öz qabını çatladar deyiblər, atalar. Vaxtilə biz də Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət təklif edirdik. Ancaq onlar bundan israrla imtina etdilər. Nəticə - Qarabağ tam ermənisizləşdi. Ermənistan da bu gün onu yaradan Rusiya ilə "siçan-pişik" oynamaqla bu aqibətə yaxınlaşır. Dünyada və bölgəmizdə baş verən ciddi geosiyasi proseslər, regionda Türkiyənin və Azərbaycanın rolunun yetərincə güclənməsi fonunda sabah nələrin baş verəcəyinə indidən qiymət vermək nə qədər çətin olsa da, üfüqdə Ermənistanın Qarabağın aqibətini yaşamasının işartıları görünməkdədir. Əlinə düşən ilk fürsətdə Ermənistandan qaçmağa çalışan və bunu özünün həyat uğuru hesab edən ermənilərin sayının həndəsi silsilə ilə artması da çox mətləblərə aydınlıq gətirir və bizə haqqı olanımızın qaytarılmasının tarixi zəmini yetişir..."

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR