İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın şərti sərhəd təxribatları - TƏTİYİ ÇƏKƏN KİMDİR...

Ermənistanın sülhlə bağlı bəyanatlarından sonra atəşkəsin pozulması düşmənin məkrli mahiyyətini yenidən ortaya çıxardı - Paşinyan odla oynayır

Ermənistanın Azərbaycanla yekun sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlamasından saatlar sonra şərti sərhədlərdə təxribatlara əl atıldı. Azərbaycan Müdafiə Nazirliyi martın 16-da iki epizod üzrə təxribat xəbərləri barədə məlumat yayıb. Bildirilir ki, martın 16-sı saat 09:45 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Həmçinin martın 16-sı saat 20:10-dan 20:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Burun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Rəsmi İrəvanın təxribatlara görə üzrxahlıq etməkdənsə, faktı danmağa üstünlük verməsi isə düşmən ölkənin mahiyyətinə tam uyğun gəlir. Ermənistan hakimiyyəti konkret tapşırıqlarla hərəkət edir və bu məqamda yer ayırdığımız məlumat da sifarişin haradan gəldiyini aydın göstərir.

 Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəliyi martın 16-17-də Ermənistan-Azərbaycan sərhədinin müxtəlif hissələrinə patrul dəstələri göndərib. Musavat.com bildirir ki, bu barədə Aİ missiyasının yaydığı məlumatda deyilir. “Vəziyyət sakit və dinc olaraq qalır, heç bir qeyri-adi fəaliyyət müşahidə edilmir”, - açıqlamada deyilir.

Qeyd olunduğu kimi, martın 16-da Azərbaycan Müdafiə Nazirliyi üç dəfə Ermənistan Silahlı Qüvvələrinin sərhəd zonasının cənub-şərq hissəsində yerləşən Azərbaycan mövqelərini atəşə tutması barədə məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Müdafiə Nazirliyinin xəbərini təkzib etməsinin ardınca “binokl diplomatiyası”nı davam etdirən və insidentlərin baş verməsindən sonra “yuxudan ayılan” Aİ kəşfiyyatçılarının da atəşkəsin pozulması faktını danması əslində təəccüblü deyil.

İrəvana dəhşətli silahlar hədiyyə edildi - Savaş başlayır? - Veteninfo.Az

Ermənistanın sürətlə silahlanması, aprel ayı üçün faktiki olaraq səfərbərliyin elan olunması, ağır silahların və hərbi texnikanın şərti sərhədlərə toplanması, yeni səngərlərin, tunellərin qazılması faktları bu ölkənin sülhə deyil, müharibəyə hazırlaşdığını göstərir. AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Ermənistana olunan silah axınının səbəbləri haqqında Rövşən Məmmədov bunları deyib: “Müşahidələr də göstərir ki, bu gün Ermənistan oyunlarını 2 əsas istiqamətdə davam etdirir. Bunlar hansılardır? Birinci, hərbi ritorikanı gücləndirir. Faktlar da bu versiyanı təsdiqləyir. Belə ki, bəzi məlumatlara görə, rəsmi İrəvan aprelin 1-dən iyunun 13-dək olan tarixlər arasında ehtiyatda olan hərbçilərin toplanışını keçirməyi planlaşdırır. Yeri gəlmişkən, toplanış 2 ay yarıma qədər davam edəcək ki, bu da standart təlim müddəti deyil. Deməli, məğlub tərəf daha ciddi planlar qurur. İkincisi, avropalı müşahidəçilərin xeyli fəallaşması, onların sərhəd boyunca, xüsusilə də mümkün toqquşma zonalarında kəşfiyyat işləri aparması, sistematik olaraq öz aləmlərində Azərbaycanın zəif mövqelərini müəyyənləşdirmək cəhdləri özlüyündə çox ciddi mətləblərdən xəbər verir”.

Bu arada məlum olub ki, ABŞ ordusu Ermənistandakı Zar hərbi poliqonuna hərbi texnika yerləşdirəcək. Modern.az xəbər verir ki, bu barədə Rusiya nəşrləri ABŞ Dövlət Satınalma Portalına istinadən məlumat yayıb. Bildirilir ki, texnikalar Gürcüstan vasitəsilə Almaniyanın Dülmen şəhərindəki hərbi bazadan daşınacaq. Məlumata görə, ümumilikdə 151 ədəd hərbi texnikanın (nəqliyyat, generatorlar, xüsusi konteynerlər və s.) Ermənistana transferinin iyulun 16-dan avqustun 7-dək aparılması, avqustun 21-dən sentyabrın 20-dək isə yenidən Almaniyaya qaytarılması nəzərdə tutulur. Tərəflər arasındakı müqavilə sonrakı mərhələdə avadanlıqların Armavirdəki hərbi poliqondan Gürcüstanın Poti limanına aparılmasını də nəzərdə tutur. Hərbi ekspertlər bu əməliyyatı Pentaqon və Ermənistan ordusu arasında mümkün birgə təlimlərlə əlaqələndirirlər. Ekspert icması qeyd edir ki, Rusiya hərbi bazalarının olduğu ölkə ilə bu cür əməkdaşlıq Vaşinqton tərəfindən Ermənistanın hərbi inkişafı kimi qiymətləndirilə bilər.

İrəvana dəhşətli silahlar hədiyyə edildi - Savaş başlayır? - Medianews

Xatırladaq ki, 2024-cü ildə ABŞ və Ermənistan arasında “Eagle Partner 2024" birgə hərbi təlimləri keçirilib. Tərəfdaşlıq çərçivəsində ABŞ ordusunun nümayəndəsi Ermənistanın Müdafiə Nazirliyində fəaliyyətə başlayıb.

Avropa İttifaqının kəşfiyyat dəstəsinin şərti sərhədlərdə aktivləşməsinin ardınca atəşkəsin pozulması, daha sonra isə ABŞ-ın Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməsi faktları gərginliyi tətikləyən qüvvələrin iç üzünü ortaya çıxarır.

Maraqlısı budur ki, Paşinyan təxribatların davam etdiyi saatlarda həm İran, həm də Fransa prezidentinə zəng edərək, sülhü imzalamağa guya “hazır olduğunu” açıqladı. Bundan əvvəl Rusiya lideri ilə danışmışdı. Açıq-aydın görünür ki, Ermənistan rəhbərliyi törədəcəyi təxribatlardan öncə özü barədə “fağır sülhpərvər” imici formalaşdırmağa çalışır. 

Beləliklə, əvvəlki yazılarımızda irəli sürdüyümüz təxminlərimiz təsdiqləndi: sülh bəyanatlarının ardınca Ermənistan təxribatlara başladı. Nə baş verir? Tətiyi çəkən kim? Paşinyan ikili oyun oynayır, yoxsa “5-ci kolon” sülhü pozur?

Bu, sizə 2,6 milyon dollar qrantı sərhəddən keçirmək deyil` - Sahib Məmmədov

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında rəsmi İrəvanın qeyri-konstruktiv davranışlarına diqqət çəkdi: “Ermənistan rəsmilərinin müqavilənin son iki şərtini də qəbul etmələrinə dair açıqlama və bəyanatları daha çox qlobal informasiya məkanına hesablanıb və məqsəd xarici ölkələrə və beynəlxalq təşkilatlara Ermənistanı sülhpərəvər, Azərbaycanı isə sülhün tərəfdarı olmayan dövlət kimi təqdim etməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab Əliyev XII Qlobal Bakı Forumudakı çıxışında qeyd etdi: "Sizə bir məsələni də deyə bilərəm ki, Ermənistana etimad səviyyəsi sıfıra bərabərdir. Beləliklə, biz onların hər hansı bir sözünə inanmırıq". Bəli, təəssüf ki, Ermənistan rəsmilərinin bəyanatları ilə əməlləri bir-birinə diametral əksdir. Guya sülh müqaviləsinin mətni ilə tam razılaşdıqlarını elan edib, çoxsaylı dövlətlərin alqışlarını aldıqdan sonra öz çirkin siyasətlərini davam etdirməkdədirlər. Əslində isə guya razılaşdıqları bəndlərə sonradan qeyd-şərtlər irəli sürdülər. Bunlar elə qeyd-şərtlərdir ki, həmin bəndlərin mahiyyətini prinsipial olaraq dəyişir. Baş nazir Paşınyan qeyd edir ki, “Biz təklif edirik ki, üçüncü ölkə qüvvələrinin yerləşdirilməməsi haqqında müddəa Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissələrinə də şamil edilsin və bu, məntiqlidir”. Bu bilirsiz nə deməkdir? Delimitasiya prosesi nəinki illər, hətta onilliklərlə davam edə bilər. Hətta münaqişə olmayan iki dövlətin sərhəd xətlərini müəyyən etməsi bəzən onilliklər davam edir. Burada çoxsaylı məsələlər var. Məsələn, biz Gürcüstanla sərhədlərimizin hələ dörddə birini delimitasiya edib başa çatdırmamışıq, halbuki mehriban qonşularıq, strateji əməkdaşlığımız var".

S.Məmmədov qeyd etdi ki, hazırda bizim Ermənistanla sərhədlərimizin çox kiçik hissəsində delimitasiya və demarkasiya başa çatıb: “Paşinyan bununla deyir ki, müşahidə missiyası adlanan qüvvələr hələ bu ərazilərdə uzun müddət qalacaq”. Hüquqşünas bildirdi ki, beynəlxalq məhkəmə və arbitirajlardakı iddaların qarşılıqlı geri çəkilməsi ilə bağlı da Ermənistanın fikirləri absurddur: “Əvvəla bu, ilk növbədə Ermənistan üçün sərfəlidir. Onlar bizə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qondarma iddalar irəli sürüb. Bir də Avropa İnsan Hüquqları Məhkəməsində. Biz də hər iki məhkəmədə qarşılıqlı iddia verməklə yanaşı, bir neçə arbitraj prosesinə də başlamışıq və bunların sayı artacaq. Amma nəzərə almalıyıq ki, minlərlə erməni Azərbaycana qarşı AHİM və digər kvaziməhkəmə orqanlarında idda qaldırıb və qaldırmaqdadır. Bunun arxasında Ermənistan dövləti və onun resursları durur. Paşinyan isə deyir ki, iddaların qarşılıqlı geri çəkilməsi fiziki şəxslərin iddalarına aid deyil”. S.Məmmədov digər vacib nüansa da diqqət çəkdi: “Nəhayət, dəfələrlə qeyd etdiyimiz konstitusiya səviyyəsində ərazi iddası. Konstitusiya dəyişmədikcə istənilən müqavilə Ermənistan üçün legitim olmayan sənəd olacaq və ən yaxşı halda bu, Ermənistanla deyil, Paşinyanla bağlanan müqavilə ola bilər. O, hakimiyyətdən gedən kimi, növbəti hakimiyyət müqavilənin legitimliyini şübhə altına ala bilər və bu halda Ermənistanın konstitusiyası nöqteyi-nəzərindən onlar haqlı olacaq. Yəni müqavilə konstitusiyadan iyerarxiyaya görə daha aşağı statusludur və ziddiyyət olduqda konstitusiyanın müddəaları tətbiq olunur. Azərbaycan dəfələrlə bəyan edib ki, müqavilə Azərbaycan dövləti ilə Ermənistan dövləti arasıda bağlanmalıdır və onun konstitusion təminatı olmalıdır. Paşinyanla müqavilə bağlamaq olar, amma bu, Ermənistanla bağlanmış müqavilə olmayacaq. Konstitusiyada Azərbaycanın konkret ərazilərinə idda var”. Hüquqşünas müharibə cinayətlərində təqsirləndilən şəxslərlə bağlı ajiotaj və kampaniyalardan da bəhs etdi: “Mirzoyan BMT İnsan Hüquqları Şurasının 58-ci sessiyasında çıxışını da buna həsr etdi və bu şəxsləri "girov" adlandırdı. Bu günlərdə Avropa İttifaqı Parlamenti də növbəti qətnamə qəbul edərək sənəddə hazırda davam edən məhkəmə prosesini “Azərbaycanın erməni girovlarının, o cümlədən Dağlıq Qarabağdan olan yüksək səviyyəli siyasi nümayəndələrin qanunsuz həbsi və saxta məhkəməsi” adlandırdı. Bu qətnamənin arxasıda da erməniçilik və erməniçiliyi dəstəkləyən qüvvələr və dövlətlər dayanır. Beləliklə, hər belə “sülhpərvər” bəyanatlardan sonra ya beynəlxalq müstəvidə bizə qarşı hansısa sənədin qəbuluna nail olurlar, ya da şərti sərhəddə silahlı insident törədirlər. Ona görə də Prezident Əliyevin dediyi kimi, “...biz onların hər hansı bir sözünə inanmırıq”.

Rəsmi İrəvanın “sülh müqaviləsini imzalamağa hazırıq” bəyanatlarından sonra atəşkəsin pozulması faktları düşmənin məkrli mahiyyətini yenidən ortaya çıxartdı; Paşinyan hakimiyyəti odla oynayır. Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlıq edib: “Peşman olacaqlar!”

Elşad PAŞASOY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR