İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanın böyük yalanı faş oldu - revanş hazırlığına şübhə qalmadı

Ermənistan konstitusiyasına dəyişikliklər edənə qədər bəyanatların heç bir hüquqi əsası yoxdur; Paşinyan administrasiyası “sülh göyərçini” obrazında altdan-altdan müharibəyə hazırlaşır - şərh

Rəsmi İrəvanın özü haqda beynəlxalq birliyin gözündə sülh, Bakı haqda isə müharibə tərəfdarı obrazı yaratmaq cəhdləri davam edir. Hələ ki sonuncu sayıla biləcək belə bir cəhd Ermənistan XİN-dən gəlib. Ötən həftəsonu xarici işlər naziri Ararat Mirzoyanın idarəsi bəyan edib ki, bu ölkənin Konstitusiya Məhkəməsinin az öncə sərhədlərin delimitasiyası barədə tərəflərin razılaşdığı ortaq Əsasnaməni konstitusiyaya zidd saymaması haqda qərarı Ermənistanın Azərbaycana konstitusion ərazi iddiasının olmadığının təsdiqidir.

Yəni ki, “Bakı sülh  müqaviləsinə qarşı bəhanə axtarmasın”, guya indiki konstitusiya sülh sənədinə əngəl deyil. Azərbaycan XİN-in İrəvanın bu yalanına cavabı təbii ki, gecikməyib. XİN-in mətbuat katibi Ayxan Hacızadə Ermənistan tərəfinin bu qəbildən “arqumentlər”ini beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiya adlandıraraq bildirib ki, Ermənistanın hələ 2010-cu ildə Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı konstitusiya məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini xatırlamaq kifayətdir.

“Eyni məntiq və yanaşma məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan Konstitusiyasına uyğunluğu ilə bağlı 26 sentyabr 2024-cü il tarixli qərarının qəbulu zamanı da tətbiq edilib. Məhkəmə qərarında hazırda Ermənistana məxsus olan rayonların sadalanmasına baxmayaraq, Azərbaycan ərazilərinə iddianı ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın əks olunduğu preambulanın konstitusiyanın ayrılmaz hissəsi kimi əhəmiyyəti vurğulanıb. Xüsusən də məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsi "erməni dövlətçiliyinin əsas prinsipləri" kimi səciyyələndirilib və onların dəyişilməz müddəalar olduğu qeyd edilib ki, bu da Ermənistanın Azərbaycan ərazilərə qarşı iddialarından irəli gələn təhdidi daha da artırır", - XİN sözçüsü bildirib.

Almatı Bəyannaməsi məsələsinə gəlincə, XİN sözçüsü vurğulayıb ki, Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 8 dekabr 1991-ci il Sazişində və 21 dekabr 1991-ci il Almatı Bəyannaməsində nəzərdə tutulan ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmətlə bağlı müddəalarda MDB-yə üzv dövlətlər arasında faktiki sərhədlərin hansı olduğu və ya hər bir dövlətin tərkibinə hansı ərazilərin daxil olması məsələsinə aydınlıq gətirilmir. Beləliklə, Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz. Ermənistanın 18 fevral 1992-ci il tarixində MDB-nin yaradılması haqqında sazişi qeyd-şərtlə ratifikasiyasını inkar etmək olmaz. Üstəlik, Ermənistan qeyd-şərtlər etmək niyyətini hələ 26 dekabr 1991-ci il tarixində Ermənistan Ali Soveti MDB-nin yaradılması haqqında sazişə dair Protokolu ratifikasiya edəndə rəsmən bəyan edib. MDB-nin yaradılması haqqında sazişin ratifikasiyasına dair Ali Sovetin 18 fevral 1992-ci il tarixli qərarının 10-cu bəndində aydın şəkildə göstərilir ki, Ermənistan Respublikası qondarma “Dağlıq Qarabağ Respublikasını MDB-yə daxil olmaq hüququ olan müstəqil dövlət hesab edirdi” (yəni İrəvan Almatı sənədini imzalayarkən əslində ərazi bütövlüyü anlayışı altında Azərbaycanı “Dağlıq Qarabağ”sız nəzərdə tutub - red.)

Hacızadə ardınca qeyd edib: “Ermənistan Ali Sovetin bu qərarından sonra Ermənistan heç vaxt "Dağlıq Qarabağı" Azərbaycanın tərkib hissəsi kimi tanımayıb, bu mövqe Ali Sovetin 8 iyul 1992-ci il tarixli Qərarında bir daha təsdiqlənib və Ermənistanın 5 iyul 1995-ci il tarixli konstitusiyası ilə daha da möhkəmlənib. O zaman qeyd-şərtin müqaviləyə tərəf digər ölkələrin nəzərinə çatdırılmasının zəruri olub-olmaması və Ermənistanın belə tədbir görüb-görmədiyindən asılı olmayaraq, hər hansı bir mühakimə yürütmədən, qeyd-şərtlər Ermənistan qanunvericiliyinin bir hissəsidir və inkar edilə bilməz.

Beləliklə, Ermənistanın Almatı Bəyannaməsinə qoşulan zaman konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı artıq mövcud olan iddiasını və onun qeyd-şərtlərini nəzərə alaraq, Ermənistan “Dağlıq Qarabağın” Azərbaycanın tərkib hissəsi kimi tanınmasını istisna edib. Odur ki, Ermənistan öz konstitusiyasına dəyişikliklər edənə və Azərbaycana qarşı iddiasını əks etdirən bütün hüquqi və siyasi aktlardan imtina etməyənə qədər Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıması barədə bəyanatların heç bir hüquqi əsası yoxdur.

Həmçinin Almatı Bəyannaməsinə qoşularkən Ermənistanın Azərbaycana qarşı təcavüz tarixini nəzərə alaraq, “keçmiş Sovet İttifaqının respublikalarının inzibati sərhədləri boyunca bir-birinin ərazi bütövlüyü və suverenliyinin tanınması” dedikdə Ermənistanın 1992-ci ildə və indi nə nəzərdə tutduğuna aydınlıq gətirməsinin vaxtı çatıb. Bütün bunların fonunda və Ermənistan siyasətinin gözlənilməz xarakteri nəzərə alınaraq, kütləvi militarizasiyaya bəraət qazandıran özünümüdafiə hüquqları ilə bağlı arqumentlər həm uydurma, həm də təhlükəlidir.

Bundan əlavə, Ermənistan XİN-in Azərbaycanın COP29-dan guya Ermənistana hücuma hazırlıq məqsədilə “tüstü pərdəsi” kimi istifadə etdiyini iddia edərək, Azərbaycanda COP29-a səfər etməkdən çəkinməyə çağıran yalan dolu təbliğatı təəssüf doğurur. Erməni tərəfinin bu problemlərə məhəl qoymamaq məntiqi onu göstərir ki, bu ölkə davamlı sülhdə maraqlı deyil və gələcəkdə Azərbaycana qarşı növbəti dəfə təcavüzə başlamaq üçün bu vəziyyəti ehtiyat variant kimi saxlamağa çalışır. Ermənistan ziddiyyətli bəyanatlardan, təxribat xarakterli addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etdiyini öz fəaliyyəti və real addımları ilə nümayiş etdirməlidir". Beləliklə, artıq şəkk-şübhə qalmır ki, Ermənistan öz konstitusiyasını beynəlxalq hüquqa uyğunlaşdırmaq istəmir, “sülh göyərçini” obrazında altdan-altdan revanşa, müharibəyə hazırlaşır. Bunu onun Fransa, ABŞ, Hindistan hesabına sürətlə silahlanması, intensiv təlimlər keçməsi başqa yandan isbatlayır.

Son olaraq Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan deyib ki, Konstitusiyanın 5-ci maddəsinin 3-cü bəndinə əsasən, ratifikasiya olunmuş istənilən beynəlxalq müqavilə daxili qanunvericilikdən daha yüksək hüquqi qüvvəyə malik hesab olunur. Onun sözlərinə görə, Bakı ilə imzalanacaq sülh müqaviləsi İrəvan üçün qanunvericilikdən daha əhəmiyyətlidir: “Konstitusiyada bu məsələ aydın şəkildə qeyd olunur. Ermənistanın ratifikasiya etdiyi beynəlxalq müqavilə qanunvericiliklə ziddiyyət təşkil etdikdə, bu zaman həmin müqavilənin normaları tətbiq edilir. Azərbaycanla sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişdə tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmadığı və gələcəkdə də irəli sürülməyəcəyinə dair maddə var. Yəni nə Bakı, nə də İrəvan ərazi iddiası üçün öz daxili qanunvericiliyinə istinad edə bilməz. Həmin sənəd imzalandıqdan sonra Konstitusiya Məhkəməsi və Milli Məclis tərəfindən təsdiqlənəcəyi təqdirdə, istənilən daxili qanunvericilikdən daha üstün olacaq”. Göründüyü kimi, rəsmi İrəvan köhnə bayatıları təkrar-təkrar oxuyur.

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a açıqlamasında ritorik sual verdi ki, əgər Ermənistanın dediyi kimidirsə, yəni sülh sənədi qanunvericilikdən üstündürsə və gələcəkdə də ərazi iddiası irəli sürülməyəcəksə, o halda “Qarabağın Ermənistana birləşdirilməsi” ideyası niyə qanunvericilik aktlarında saxlanır. Hüquq müdafiəçisi qeyd etdi ki, Ermənistanın öz qanunvericiliyinə dəyişiklik etmək istəmədiyi göz qabağındadır və müxtəlif spekulyasiyalara yol verir. Ç.Qənizadə bildirdi ki, bununla da Ermənistan konstitusiyasında ərazi iddialarının saxlanacağı vurğulanıb: “O halda, sülh sənədinin imzalanması uzun çəkə bilər. Ermənistan referenduma 2027-ci ildə gedəcəyini bəyan edib. Eyni zamanda ərazi iddiaları Müstəqillik deklorasiyasında, qanunvericilik aktlarında öz əksini tapacaqsa, Paşinyandan sonrakı hakimiyyətlərin əlinə arqument vermiş olacaq. Biz erməni hiyləsini yaxşı görməkdəyik və heç bir halda yarımçıq sülh sazişi ola bilməz. Bakının konkret tələbləri var və Azərbaycandan daha çox Ermənistanın sülhə ehtiyacı olmalıdır. Əgər Paşinyan Türkiyə ilə quru sərhədlərini açmaq istəyirsə, dalan vəziyyətindən çıxmaq niyyəti varsa, şərtlərlə razılaşmalıdır. Azərbaycan qalib tərəfdir, məğlub dövlət isə diqtə edə bilməz”.

Hüquq müdafiəçisi vurğuladı ki, həm Mirzoyanın, həm onun sözçüsünün açıqlamaları İrəvanın hiyləgər siyasətindən xəbər verir: “Ermənistanda gələcək hökumət bəyan edə bilər ki, qanunvericilikdə Qarabağa iddia var və sülh müqaviləsi Paşinyanın milli maraqlara guya xəyanət etməsi müqabilində imzalanıb. Ona görə işimizi sağlam tutmalıyıq. Bizə səliqəli, hərtərəfli işlənmiş, düşmənə gələcəkdə zərrə qədər fürsət verən detal saxlamalı deyilik. Çünki erməni xislətidir və onlara inanmaz olmaz”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR