Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün parlamentdə çıxış edərək, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacağını və bir daha təşkilata qayıtmayacağını bildirib. O, ad çəkmədən bəyan edib ki, ölkəsinin keçmiş hakimiyyəti “köpük ittifaqı”na girib, lakin sonra qurumun Ermənistanı müdafiə etmədiyi üzə çıxıb. Bu barədə məlumat mediada yayıldıqdan dərhal sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan baş nazirin söylədiklərini təkzib edib. O qeyd edib ki, Ermənistanın baş naziri N.Paşinyan ölkənin KTMT-dən çıxacağını bəyan etməyib. Nazirin sözlərinə görə, İrəvanın təşkilatdan nə vaxt çıxacağına Ermənistan hakimiyyəti qərar verəcək.
Ermənistanda hökumət başçısının və nazirin fərqli bəyanatlar səsləndirməsi nəyin göstəricisidir? İrəvanda rəsmi şəxsləri belə fikir bildirməyə nə vadar edib? Ermənistanın KTMT-dən çıxması mümkündürmü? Bu halda Kremlin atacağı addım nədən ibarət olar, Ermənistanı perspektivdə nələr gözləyər?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Amid Əliyev bildirib ki, Ermənistan baş naziri N.Paşinyanın indiki məqamda – ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obraynın İrəvana səfəri ərəfəsində KTMT haqqında fikirlər söyləməsi diqqəti cəlb edir.
Onun sözlərinə görə, ABŞ diplomatı dünən Ermənistana yeni təkliflər paketi ilə gəlib: “Paşinyanın bəyanatından məlum olur ki, bu təkliflər xüsusilə də Ermənistanın təhlükəsizliyi və dünən bağlanmış gömrük sazişinə əsasən iqtisadi müstəqilliyi ilə daha çox bağlıdır. Beləliklə, Paşinyan tərəfindən KTMT illik ödənişin tam dayandırılması və növbəti illik görüşdə iştirakdan birtərəfli qaydada imtina edilməsi Rusiyaya qarşı yeni demarş kimi qəbul olunur. Bu, Rusiyanın bölgədəki nüfuzuna xələl gətirməklə yanaşı, Kreml üçün müəyyən olunmuş təhlükəli “qırmızı xətt”in keçilməsi anlamına da gələ bilər. Çünki, Rusiya heç bir halda Qərb silahlarının və ya hərbi ittifaqının Cənubi Qafqaza daxil olmasına razı ola bilməz. Bu, Moskvanın ənənəvi siyasi kursuna ziddir. Ukrayna müharibəsindən sonra isə bu, açıq şəkildə özünü büruzə verir. Yeri gəlmişkən, ötən günlərdə erməni siyasilərinin Ukraynaya səfər etmələri və bəyanat vermələri də Rusiya tərəfindən nota ilə qarşılanıb”.
A.Əliyev qeyd edib ki, ötən gün ABŞ və Ermənistan arasında gömrük sazişinin imzalanması İrəvanda Rusiyanın siyasi və iqtisadi maraqlarına zərbə vuran yeni bir addımdır: “ABŞ və Ermənistan arasında gömrük sazişinin imzalanması Rusiyanın bölgədəki iqtisadi maraqlarına zidd olmaqla yanaşı, bir sıra başqa məsələlərə də aydınlıq gətirir. İlkin olaraq bu saziş Ermənistanın iqtisadi müstəqilliyinin təmin edilməsinə, sərhəddə gömrük idxal və ixrac məsələlərinə nəzarətdə ABŞ-nin xüsusi paya sahiblənməsinə gətirib çıxaracaq. Nəzərə alsaq ki, Ermənistanın şimal qonşusu olan Gürcüstanın da Qərblə münasibətləri normaldır, o zaman qarşıda bu məsələdə hər hansı problem olmayacaq. Digər tərəfdən, bu saziş Zəngəzur dəhlizi açılacağı zaman orada Ermənistan gömrük sisteminin bərqərar olması üçün istinad olmaqla yanaşı, ABŞ tərəfindən də bu məsələnin zəmanət altına alınması deməkdir. Çox böyük ehtimalla bunun ardınca rusiyalı sərhədçilərin və Gümrüdəki 102 saylı hərbi hissənin Ermənistan ərazisindən çıxarılması məsələsi gündəmə gələcək. Bunlara cavab olaraq, Rusiya tərəfindən Baqrat hərəkatının şaxələndirilməsini, İrəvana siyasi və iqtisadi təzyiqlərin artırılmasını gözləmək olar”.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ