Onlayn ictimai-siyasi qəzet
Ermənistanda keşiş Baqrat Qalstanyanın anti-Paşinyan aksiyası davam edir. Kilsə nümayəndəsi və onu dəstəkləyənlərin aksiyası “Vətən Tavuş uğrunda” adlansa da, yürüşdə irəli sürülən iddialar, hökumətə verilən ultimatumlar bunu əksini ehtimal etməyə əsas verir. Yəni keçirilən aksiya “vətən”, “torpaq” və bu kimi başqa böyük amallar uğrunda deyil. Yürüşlərdə bir qayda olaraq, Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
Baqrat İrəvanın küçələrini gəzərək özünə tərəfdaş toplamağa çalışır. Aksiya iştirakçılarının bir hissəsi maraqdan, digər qismi gənclik həvəsindən, qalanları isə hökumətdən narazılığı səbəbindən ona qoşulub. Xüsusilə, gənclər saxta kilsə xadimlərinin uydurma ideyalara söykənən yalanlarına hələ də inanırlar.
Ermənistanda kütləvi etiraz aksiyalarının bu günədək davam etməsi təsadüfi sayılmır. Daha doğrusu, onu “demokratiyanın təntənəsi” olaraq qələmə vermək demokratiya anlayışına haqsızlıq olardı. Çünki bu ölkənin mühüm beynəlxalq layihələrdə hər hansı rolu yoxdur. Bu baxımdan, beynəlxalq ictimaiyyət prosesə “kim qalib gələ bilirsə, mübarizə aparsın” prinsipi ilə yanaşır. Məsələn, 2018-ci ilin mayında belə oldu. Başqa sözlə, Serj Sarqsyan 2008-ci ildə İrəvanda dinc sakinlərin tökülən qanı üzərində hakimiyyətə gəlsə də, bu vəzifədə qalması üçün ona qarşı istefa tələbi ilə keçirilən yürüşləri eyni üsulla “neytrallaşdırmadı”. Belə mülahizə irəli sürmək olar ki, bunun üçün ona icazə verilməyib. Bir qədər də konkretləşdirsək, 1998-2018-ci illərdə Robert Koçaryan və Serj Sarqsyan hakimiyyəti ələ keçirəndə Rusiya tərəfindən müdafiə olunmuşdu. Ona görə bu iki fiqur ümumilikdə 20 il ərzində hakimiyyətdə qala bilmişdi.
O zaman sual yaranır: Paşinyanı və onun hərəkatını kim müdafiə edirdi? Bu siyasi komandanın üzvlərinin çoxu Qərbin maliyyə dəstəyi ilə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatlarında yetişən şəxslərdir. “Pulu ödəyən mahnını da sifariş edir” prinsipinə əsaslansaq, onda indiki Baş nazirin altı il əvvəl keçirdiyi yürüşün də dəstəkçisi məlum olar. Paşinyan hökumətinin bu altı ildə müşahidə olunan anti-Rusiya mövqeyi onun Qərbdən dəstək aldığını bir daha təsdiqləyib.
Odur ki, indi daha bir suala cavab tapmaq lazım gəlir: Baqratın “hərəkatının” sifarişçisi kimdir?
Nikol Paşinyanı ittiham edənlər onu “türk” adlandırır, “Ankara və Bakının tapşırıqlarını yerinə yetirməkdə” ittiham edirlər. Ara-sıra ABŞ-nin ünvanına da deyinənlər tapılır. Baqratın tərəfdar kütləsi isə Rusiya və İran yönümlü olmaları ilə fəxr edirlər.
Belə anlaşılır ki, Koçaryan, Sarqsyan, Vanesyan, Ohanyan, keşiş Qalstanyan bir əli şimala, biri də cənuba doğru açılıb.
Vaxtilə Serj Sarqsyan bildirmişdi ki, 1990-cı illərdə İran Ermənistan dövlətini məhv olmaqdan xilas edib.
İndi “Baqrat əməliyyatı”nda İran izi var? Bu aksiyanın Tehrana nə faydası ola bilər?
Yepiskop Baqrat Qalstanyan İrandakı İslam inqilabı dəyərlərinin regional hərəkatlara təsirini canfəşanlıqla mədh edib: “Ölkə İran kimi olmalı, şəhidlərinə dəyər verməlidir”. O, İran-İraq müharibəsi zamanı ölən erməni Roman Qriqoryanın “şəhid” sayıldığını və adına küçə olduğunu vurğulayaraq bu ölkədəki rejimi tərifləyib. Qalstanyan bu fonda Nikol Paşinyan hökumətini müharibədə ölən hərbçilərin xatirəsinin uca tutmamaqda suçlayıb.
Fikrimizcə, bu acıqlamada məqsəd “şəhid” məsələsini qabartmaqdan daha çox İranın adının hallandırılmasıdır. Qalstyan iki ay öncə, yəni hadisələrdən ay yarım əvvəl Tehranda olduğunu da vurğulayıb. Bu baxımdan, əslən İsfahandan olan Baqratın İrandan dəstəkləndiyi də qətiyyən istisna edilmir.
Ötən ay Tehranda erməni Yeparxiyasının rəhbəri, arxiyepiskop Ter-Sepuh Sarkisyan Tavuş Yeparxiyasının rəhbəri, arxiyepiskop Ter-Baqrat Qalstanyana dəstək məktubu göndərərək, İrandakı erməni icmasının Ermənistanda sərhədlə bağlı keçirilən aksiyaları dəstəklədiyini bildirmişdi. O bu hərəkatın “yeni Avarayr” adlandırıb. Erməni tarixçilərin iddiasına əsasən, Avarayr döyüşü və ya Vardan üsyanı 451-ci il mayın 26-sı və ya iyunun 2-də “Ermənistan tarixində baş vermiş ən böyük döyüşlərdən” sayılır. Bu, Avarayr yatağında (Güney Azərbaycanın Maku şəhərinin cənubundakı ərazini nəzərdə tutur-red.) zərdüştiliyin zorla qəbul etdirilməsinə qarşı üsyan edən Vardan Mamikonyanın başçılıq etdiyi hərəkatdır. Ermənilərlə fars-sasani ordusu arasında baş verən o döyüşdə hər iki tərəf böyük itki verib, Mamikonyanın özü isə həlak olub. Tehrandakı keşiş Ermənistandakı yürüşləri “Vətən və imanı qorumaq naminə yeni Avarayrın” təbliği kimi təqdim edib:
“Tehranda yaşayan insanların çoxu uşaqları, gəncləri və qocaları ilə birlikdə sizin tərəfinizdə dayanaraq uğurunuz üçün dua edirlər, çünki sizin uğurunuz bizim uğurumuzdur. Tavuşda da, başqa yerlərdə də xalqımızın hüquqlarını qorumaq üçün hamımız birlikdə mübarizə aparmalıyıq”.
Ter-Sepuh Sarkisyan bu məktubu Qalstyana aprelin 24-ü ərəfəsində ünvanlayıb.
Həmin gün İranda keçirilən anti-Türkiyə və anti-Azərbaycan aksiyalarında qəbul edilən bəyanata Zəngəzur dəhlizi əleyhinə maddə də salınmışdı. Hətta düşünmək olar ki, həmin cızmaqara İran Xarici İşlər Nazirliyi tərəfindən yazılmışdı.
Belə yerdə yaxşı deyiblər, “xoruzun quyruğu görünməyə başlayır”. Deməli, Baqratın hərəkatı birmənalı anti-Azərbaycan və anti-Türkiyə xarakteri daşıyır. Yəni yürüşün məqsədi Azərbaycanla münasibətlərin normallaşmasına, Ermənistandakı Azərbaycan torpaqlarının, xüsusilə, səkkiz kəndin qaytarılmasına, kommunikasiya xətlərinin açılmasına, o cümlədən, 2020-ci il noyabrın 10-da qəbul edilmiş üçtərəfli bəyanatın 9-cu maddəsinin icrasına mane olmaqdır. Tehranın da istədiyi elə budur.
İran hakimiyyətinə bağlı KİV-lər “Qalstyan hərəkatı”nın ölkədə alqışlandığını iddi edirlər. Bəziləri çox irəli gedərək, bu yürüşlərlə İrandakı 1979-cu ilin fevral inqilabı arasında paralel də aparırlar.
Özünü iranşünas adlandıran, İran telekanallarında Azərbaycana qarşı qərəzli çıxışlar edən, bir qayda olaraq, rəsmi Tehranın mövqeyinə əsaslanan Ermənistan vətəndaşı Janna Vardanyan da Baqrat Srbazanın hərəkatından, ona İslam Respublikasının reaksiyasından danışarkən deyib ki, bu ölkənin mediası hadisələri “obyektiv” işıqlandırır: “Hərəkata İranda da simpatiya yaranır. Onlar qeyd edirlər ki, Ermənistanda bir sıra komponentlərdə İranın maraqlarına cavab verən milli-dini konsolidasiya prosesi başlayıb”.
Belə ehtimal etmək olar ki, Baqrat İranın Ermənistandakı proksi qüvvəsi rolunda çıxış edir. Düzdür, bu prosesin uğur qazanacağına inam yox dərəcəsindədir. Ancaq “keşiş-şou”nu başladanların hədəfi heç də qələbə qazanmaq deyil. Onlar daha çox “suyu bulandırmağa” çalışırlar. Bulanıq “su”da isə isfahanlı keşiş Baqratın əli ilə balıq tutmağa səy göstərirlər.
Yaxşı, onun “tutduğu balıq” halal sayılacaq? Bu məqam rəsmi Tehranı əsla maraqlandırmır.
Sədrəddin Soltan,
Report.az
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ