Onlayn ictimai-siyasi qəzet
İranın İsrailə hücumundan sonra Yaxın Şərqin yeni və daha dəhşətli müharibə mərhələsinə qədəm qoyması Ermənistanda qorxu ilə izlənilir. Erməniləri narahat edən əsas məqam mümkün İran-İsrail müharibəsi zamanı Tehranın İrəvanın maraqlarını müdafiə etməyəcəyi, yaxud buna sadəcə olaraq, imkanının olmayacağıdır. Belə olanda Ermənistan Azərbaycan qarşısında daha da təklənmiş vəziyyətə düşəcək.
Musavat.com Publika.az-a istinadla xəbər verir ki, iranşünas erməni Janna Vardanyan İran-İsrail müharibəsinin bölgədə Azərbaycanın əlini gücləndirə biləcəyini iddia edir.
“İran Sünik (Zəngəzur) məsələsində ciddi rol oynasa da, Yaxın Şərqdə vəziyyət pisləşərsə, hər şey Ermənistanın əleyhinə dəyişəcək. Azərbaycan Qərbi Zəngəzura müdaxilə edə və bu bölgəni nəzarətə götürə bilər”, - Vardanyan iddia edir.
Halbuki Zəngəzur da daxil olmaqla, Ermənistan adlı dövlətin qurulduğu torpaqlar tarixi ərazilərimiz olsa da, Azərbaycanın hansısa hərbi müdaxiləyə gedəcəyi iddiası doğru deyil. Əslində Ermənistanda narahatlıq Rusiya ilə münasibətlərin pisləşməsi fonunda İrəvanın coğrafi olaraq sığındığı yeganə qapının – İranın da əllərindən çıxmasıdır.
J.Vardanyan bildirib ki, İran-İsrail müharibəsi iqtisadi baxımdan da Ermənistana ziyandır.
“Bu baş verərsə, İrandan məhsul idxalı çətinləşəcək, eləcə də kommunikasiyalarda problemlər yaranacaq”, - o qeyd edib.
Qeyd edək ki, İran İsrailə hücumdan sonra “müharibədə maraqlı” olmadığını bildirib. İndi əsad diqqət İsrailin İrana verəcəyi cavabdır. İsrail İrana hücum edərsə, dəhşətli müharibənin başlanacağı proqnozlaşdırılır.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ