İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvanda Lavrov planı niyə yenə yada düşdü?

Rusiyaya birbaşa cavab verməyə qorxan Ermənistan hakimiyyəti dolayısı ilə  Moskvanı qıcıqlandırmağa çalışır

“Bəli, biz yazmışdıq ki, KTMT, hava hücumundan müdafiə, müttəfiq Ermənistan-Rusiya münasibətləri bizim təhlükəsizliyimizi təmin etməlidir, amma KTMT deyir: yox, biz sizə kömək etməyə gəlməyəcəyik, müqavilə işləmir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan  aprelin 11-də parlamentdə çıxışı zamanı deyib.

“Qanunda qeyd olunub ki, KTMT-nin birgə hava hücumundan müdafiəsi bizim ölkəmizin də əmrinə tabedir, lakin bizim əmrimizə tabe olmayıb. İndi deyəcəksiniz ki, Rusiya Federasiyası və KTMT ilə yaxşı siyasət aparsaydıq, bu, baş verməzdi. Düz deyirsiniz, siz yaxşı siyasət aparardınız ki, 2016-cı ilin yanvarında danışıqlar prosesində xalqın “Lavrov planı” adlandırdığı, əslində  Dağlıq Qarabağın statusuna  krest(xaç) qoyan sənəd ortaya çıxmışdı. Siz də yaxşı siyasət aparardınız, siz müdafiə naziri idiniz, cənab Ohanyan. Strateji tərəfdaşımız Rusiya Azərbaycana 3 milyard dollar məbləğində silah satışı ilə bağlı müqavilə imzalayıb. Bu qədər yaxşı münasibətiniz vardınızsa, bizim kimi bacarıqsız olmadığınıza görə bu məsələni həll edərdiniz. Görək, Ermənistan 2013-2018-ci illərdə Rusiyadan hansı silahları alıb, Azərbaycan isə hansı silahları alıb...Üstəlik, dünyada çoxları bizə silah satmadı, dedilər: sən KTMT-nin üzvüsən, sənə silah verməyəcəyik”, - deyə Paşinyan bildirib.

Musavat.com yada salır ki,   Qarabağa dair “Lavrov planı”nın mövcudluğu barədə bir neçə ildir danışılır. Rusiya tərəfi belə planın mövcudluğunu rəsmən təsdiq etməyib, erməni tərəfi də “Lavrov planı” adlı sənəd görmədiyini dəfələrlə bildirib. Amma Bakıdan belə sənədin olduğunu bir neçə dəfə deyiblər.  Belə planının mövcudluğu barədə  2018-ci ildə Belarus prezidenti Aleksandr Lukaşenko da danışmışdı. Demişdi ki,  İrəvanda KTMT sammiti zamanı Rusiya prezidenti Vladimir Putin Ermənistan prezidenti Serj Sərkisyana Dağlıq Qarabağ ətrafındakı rayonların bəzilərinin qaytarılmasını təklif etmişdi. Sərkisyan isə bununla razılaşmayıb demişdi ki, guya Azərbaycan qoşunları qaytarılan ərazilərdə möhkəmlənib sonradan Xankəndi üzərinə hücuma keçər. Bu zaman Putin ona Rusiya ordusunun hadisələrin bu cür inkişafına imkan verməyəcəyini desə də Sərkisyan yenə razılaşmamışdı.

Ermənistan parlamentinin spikeri Alen Simonyan da bir neçə ay əvvəl Rusiya mediasına müsahibəsində “Qarabağın təhvil verilməsini” bu ölkə ilə əlaqələndirməsi ciddi rezonans doğurmuşdu. 

Simonyan jurnalistlərlə söhbətində “...siz hesab edirsiniz ki, biz Qarabağı təhvil vermişik. Ermənistan cəmiyyətində də belə bir yanaşma və belə bir rəy var ki, Qarabağı Rusiya təhvil verib. Çünki əgər kimsə Qarabağı təhvil vermək istəyirdisə, burada ”Lavrov planı" da daxil, bir neçə variantlar vardı", deyib.

Rusiya XİN isə dərhal bəyanat yayaraq  “Lavrov planı” haqda da geniş izahat vermişdi: “ATƏT-in Minsk Qrupu həmsədrlərinin tənzimləmə planının son redaksiyası tərəflərə 2019-cu ilin iyununda verilib. Bu sənədə görə ”birinci mərhələdə Azərbaycana beş rayonun, ikinci mərhələdə isə Dağlıq Qarabağın statusunun mütləq şəkildə buna bağlanması şərtilə daha iki rayonun qaytarılması nəzərdə tutulurdu".

13.jpg (59 KB)

Rusiya XİN-in bəyanatında daha sonra deyilirdi ki, Dağlıq Qarabağın statusuna gəlincə, 2020-ci ilin payızınadək danışıqlar masası üstündə olan təkliflər aşağıdakıları nəzərdə tuturdu: “Dağlıq Qarabağın yekun hüquqi statusu tərəflərin razılaşdığı müddətdə, BMT-nin və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin iradəsini azad ifadə etməsi şəklində ümumxalq səsverməsi yolu ilə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq müəyyən edilir və hüquqi baxımdan icbari xarakter daşıyır”.

Beləliklə, göründüyü kimi, Paşinyan məğlubiyyətin məsuliyyətindən yaxa qurtarmaq,ölkəsinin müxalifətini susdurmsaq üçün  “Lavrov planı”nı yada salır. Bənzər açıqlamalar   fərqli-fərqli erməni ekspertlərin, siyasətçilərin dilindən də səslənib.  Vaxtilə ironiya ilə baxdıqları həll planlarını, eləcə də “Lavrov planı”nı rədd edən Ermənistanın indi onları yada salmasının anlamı nədir?  Əslində bu da Ermənistanda güclənən anti-Rusiya ritorikasının təsiridir ki,  Paşinyan  yenidən Moskvanı  ittiham etmək üçün bəhanə axtarır. Bununla da Ermənistan Rusiyanı qıcıqlandırmaq, təhrik etmək istəyir.

 Musavat.com    

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR