Onlayn ictimai-siyasi qəzet
Bakının mərkəzi küçələrindən birinə Mirzə Qədim İrəvaninin adı verilib. Qərbi Azərbaycan doğumlu İrəvani görkəmli rəssam, eyni zamanda, dəzgah boyakarlığının banisidir. Bu il onun anadan olmasının 200 illiyidir. Diqqət çəkən başqa mühüm məqam Qərbi Azərbaycan İcmasının adı dəyişdirilən küçədə yerləşməsidir.
Ermənilərin qulağını deşən yaxşı xəbərdir. Türk-müsəlman abidələrini və mədəni irsini dağıtmaqla, Rəvan xanın əsasını qoyduğu İrəvanı “Yerevan” edib ona saxta tarix uydurmaqla deyil ki. Çoxsaylı müstəqil yazılı qaynaqları, digər sənədləri hələ heç kim ləğv eləməyib.
Söhbət həm də Çar Rusiyasının xəritələrindən, əhali tərkibi haqda arxiv sənədlərindən gedir. Bu da faktdır ki, Gülüstan, Kürəkçay, Türkmənçay müqavilələrində “Ermənistan”, yaxud aborigen erməni “kimliyi”nin adı belə keçmir. Aydın məsələdir, keçə də bilməzdi...
Yəni çox ədalətli, yerinə düşən bir qərar. Hər şeydən öncə isə xain qonşulara kimin torpaqlarında məskən salıb özlərinə “dövlət” qurduqlarını xatırladan növbəti bariz dəlildir. “Ermənistan” adlanan qədim Türk yurdunda 200 il öncə də hansı köklü xalqın yaşadığına şəkk-şübhə saxlamayan daha bir danılmaz faktdır.
Bununla belə, Azərbaycan yenə xoş məramdan çıxış edərək, “Qafqaz Evi” missiyasına sadiq qalaraq Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə yanaşır, ona qarşı ərazi iddiası irəli sürmür. Bunu dəfələrlə ən yüksək səviyyədə bəyan edib. 44 günlük Vətən müharibəsində də Müzəffər Ordumuz işğalçı ölkənin sərhədini keçmədi – buna daşdan keçən əsası, mənəvi haqqı olsa da, gücü yetsə də...
Təəssüf ki, Azərbaycanın bu lütfkarlığı və mərdliyi qarşı tərəfdə lazımınca qiymətləndirilmədi. Bu azmış kimi İrəvan rəsmiləri baş nazir Nikol Paşinyan daxil, neçə vaxtdır Qərbi Azərbaycan İcmasının varlığını utanıb eləmədən rəsmi Bakının Ermənistana ərazi iddiasının sübutu kimi dünya ictimaiyyətinə sırımağa cəhd edirlər.
Hədəf sözsüz ki, həm də soydaşlarımızın öz dədə-baba yurdlarına qayıdışı hüququnu gözdən salmaq, geri dönüşü əngəlləmək və gündəmdən çıxarmaq, paralel surətdə Azərbaycan haqda dünyada aqressiv dövlət, sülh əleyhdarı obrazı formalaşdırmaqdır. Böyük ehtimalla, bədnam qonşular Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə İrəvaninin adının verilməsinə də siyasi don geydirəcək, Bakının torpaq iddiasının yeni isbatı kimi Qərbə, ABŞ-a sırımağa çalışacaqlar.
Amma boşuna cəhdlərdir. Ondansa getsinlər Ermənistanın gerbində Türkiyəyə, konstitusiyasında isə Azərbaycana və qardaş ölkəyə qarşı əsassız ərazi iddialarını götürsünlər. Qısası, arada güzgüdə özlərinə baxsınlar. Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşması üçün səmimi davranış göstərsinlər, meymunluq, boşboğazlıq eləməsinlər. Təzədən maşaya çevrilib məkrli havadarların əlində qonşulara qarşı oyuncaq olmaqdan imtina eləsinlər. Nəhayət, iqtidarlı-müxalifətli, cəmiyyətli “böyük Ermənistan” xülyasını başlarından birdəfəlik çıxarsınlar və hamını bezdirmiş “dəvəquşu” siyasətinə son qoysunlar!
Əks təqdirdə bunu Azərbaycan edəcək. Özünün və xalqının, o sırada Qarabağa köç edən dinc əhalimizin və gələcək nəsillərimizin təhlükəsizliyi naminə. Və bişəkk ki, hay qəbiləsi üçün bütün yeni acı nəticələri ilə birgə...
Hələ ki, biz dinc geri dönüşün tərəfdarıyıq. Yanlış anlasalar, tankların üstündə də qayıda bilərik!
Z.SƏFƏROĞLU
13 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ