Onlayn ictimai-siyasi qəzet
Noyabrın 5-də İrəvanda radikal müxalifətin “artsaxa dəstək” şüarı ilə etiraz aksiyalarının yeni dalğası başlayır. Xankəndində həm də Rusiyanın əli ilə təşkil olunmuş 30 oktyabr mitinqindən və Soçi görüşündən sonra bunu Paşinyana qarşı son həmlə də saymaq olar. Çünki artıq aydın oldu ki, Azərbaycan və Ermənistan arasında sülh anlaşmasında Rusiya planı Azərbaycan üçün qeyri-məqbul olduğu üçün işə yaramır və önə təzədən “Brüssel prosesi” çıxır.
Etirazlar da elə bu gəlişmə fonunda xüsusi diqqət çəkir. Məlumdur ki, Rusiyanın sülh variantı ən çox Ermənistana əl verir. Çünki Moskva uzaq perspektiv üçün də olsa Qarabağ ermənilərinə siyasi status vəd edir, konfliktin bəri başdan Azərbaycanın xeyrinə həmişəlik qapadılmasına qarşı çıxır. Qərb variantı isə əksinə.
Məhz aradakı bu prinsipial fərqi əsas götürən Rusiya yönlü erməni radikal-revanşist müxalifət hakimiyyəti ictimai qəzəbin hədəfinə gətirməyə çalışacaq. Buna nail ola biləcəkmi? Paşinyana qarşı fiziki təzyiq, terror üsulları necə, bu dəfə işə salına bilərmi - həm də Rusiyanın məxfi servisinin dəstəyi ilə (Bu barədə xarici KİV-lər də yazmaqdadır).
Burdaca qeyd edək ki, uzun fasilədən sonra Xocalı hərbi canisi, eks-prezident, Rusiyanın marionetlərindən olan Serj Sərkisyan Xankəndinə gəlib. Halbuki rəsmi Bakı sülhməramlılardan separatçı hərəkatla əlaqəsi olan və tərəflərin barışmasına köməklik göstərməyən şəxsləri Qarabağa buraxmamağı tələb edib. Belə ki, bir müddət əvvəl Ermənistan XİN-in keçmiş başçısı Raffi Ovanesyan Qarabağa buraxılmamışdı.
Böyük ehtimalla, Rusiya öz müvəqqəti məsuliyyət zonasında olan separatçı ünsürləri də Paşinyan hakimiyyətinə qarşı səfərbər eləməyə çalışacaq. Elə isə Paşinyan daxili təzyiqləri bəhanə edib Brüssel formatından geri dura bilərmi? Nəzərə alsaq ki, noyabr-dekabr ayları Brüssel sənədinin müzakirəsi və imzalanması üçün ən kritik dönəm olacaq.
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulmasında çox mürəkkəb kombinasiyalara malik bir oyun həyata keçirilməkdədir: “Bu oyunun Azərbaycan və Ermənistanla yanaşı, çoxlu sayda kənar iştirakçıları da mövcuddur. Bu iştirakçılar ayrı-ayrılıqda öz maraqlarını, öz mənafelərini təmin etmək üçün prosesə yeni elementlər qatmağa daim çalışırlar. Hesab edirəm ki, burada ciddi fərqli mövqeyə sahib tərəflər mövcuddur. Rusiya, Qərbi Avropa dövlətləri, xüsusilə bunların müstəvisində ABŞ və Fransa, Avropa İttifaqının bir qədər fərqli yanaşması mövcuddur. Dördüncüsü isə İran və Türkiyənin adını çəkə bilərik. Azərbaycan və Ermənistanla yanaşı, bu 4 tərəfin hər birinin Cənubi Qafqazın gələcəyi ilə bağlı fərqli baxışları mövcuddur. Rusiya mümkün qədər Azərbaycanın Qarabağ bölgəsində separatçı rejimin, milli zəminli münaqişənin qalması görüntüsünü daimi olaraq qoruyub saxlamağa çalışır. Yanaşma bundan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında nə qədər ki, münaqişə mövcuddur Rusiyanın vasitəçiliyinə ehtiyac davamlı olaraq qalacaq. Qərb, xüsusilə Avropa İttifaqı Şarl Mişelin timsalında Brüssel formatında Rusiyadan bir qədər fərqli - Cənubi Qafqazda mövcud olan şəraitin diktə etdiyi şərtlərə daha yaxın təkliflər səsləndirərək yeni bir platforma ortaya atdı. Təəssüf ki, bu platforma çərçivəsində əldə olunmuş çox ciddi nəticələr kənar qüvvələrin, əsasən Rusiyanın, ABŞ-ın, İranın təhriki ilə Ermənistan tərəfindən davamlı şəkildə sabotaj edilir və icrası ilə bağlı proseslərin uzadılmasına çalışılır. Eyni zamanda, Qərb qüvvələri içərisində Fransa və Amerikanın da yanaşması bir qədər daha fərqlidir. Fransa, xüsusilə Amerika Cənubi Qafqazdan Rusiyanın vurulub çıxarılmasına çalışırlar. Kollektiv Qərbin Rusiyaya qarşı vahid mövqe ortaya qoyduğu indiki şəraitdə Rusiyanın bir çox bölgələrdən, eləcə də Cənubi Qafqazdan sıxışdırılıb çıxarılması üçün tarixi şans yarandığını düşünürlər. Bunun üçün isə ilk növbədə Qafqazdakı mövcud münaqişələrin, xüsusilə də Rusiya tərəfindən etnik münaqişə çərçivəsinə salınmasına cəhd edilən narazılıqların aradan qaldırılması ilə Rusiyaya olan ehtiyacın aradan qaldırılmasına çalışırlar.
Amma təəssüf ki, ABŞ və Fransanın yanaşması bu narazılıqlarların aradan qaldırılması, Ermənistanla Azərbaycan arasında münasibətlərin birdəfəlik möhkəm sülhlə yekunlaşmasını özündə əks elətdirmir. ABŞ və Fransa Cənubi Qafqazda münasibətlərin tənzimlənməsində səmimi münasibətdən daha çox bu münasibətlərin tənzimlənməsi görüntüsünü formalaşdırmaq və bununla da Rusiyanın Cənubi Qafqaz maraqlarına zərbə vurmağı hədəf götürüblər.
Daha bir tərəf isə İrandır. Əfsus ki, biz həm 44 günlük müharibədən əvvəlki dövrdə, həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə İranın İslami dəyərlərə, mehriban qonşuluq prinsiplərinə, haqq-ədalətə, beynəlxalq hüquq prinsiplərinə daban-dabana ziddiyyət təşkil eləyən ikiüzlü, riyakar siyasətini müşahidə etmişik. Tehran daim Ermənistana açıq dəstək verib. İran hər zaman bu mövqedən çıxış edir ki, Azərbaycanın güclənməsi, ərazi bütövlüyünü təmin etməsi, işğal fakorunu aradan qaldırması Azərbaycan dövlətinin güclü böyük dövlətinə çevrilməsinə və bununla da İran üçün ciddi təhdidə çevrilməsinə gətirib çıxara bilər. Ona görə də bütün mümkün variantlardan istifadə etməklə Ermənistana, separatçı rejimə dəstək verib verir".
Politoloq vurğuladı ki, Türkiyə səmimi tərəfdir: “Cənubi Qafqazda 30 il ərzində işğal faktının süni şəkildə uzadılması məsələsinə Azərbaycanın sərt reaksiyasına Türkiyə beynəlxalq hüququn prinsipləri, haqq-ədalət çərçivəsindən yanaşaraq açıq dəstək nümayiş etdirdi. Türkiyə bölgədə, Azərbaycanla Ermənistan arasında həqiqi, möhkəm sülhün əldə edilməsinə çalışan ən səmimi qüvvədir. Çox təəssüf ki, bunun üçün Türkiyənin vermək istədiyi töhfəyə adını çəkdiyim hər üç kənar tərəf çox qısqanclıqla yanaşır. Lakin Türkiyə və Azərbaycanın mövqeləri get-gedə möhkəmlənir. Rusiya isə Azərbaycanın möhkəmlənən mövqelərinə zərbə vurmaq, eyni zamanda Ermənistanı Azərbaycanla mümkün razılaşmalardan uzaqda tutmaq üçün, xüsusilə Qərbin vasitəçiliyi ilə ola biləcək mümkün razılaşmalardan uzaqda tutmaq üçün öz əlaltıları vasitəsilə yenidən prosesləri gərginləşdirir. Xankəndində 30 oktyabrda təşkil edilən saxta mitinqdən sonra İrəvanda revanşistlərin aktivəşməsi, ”artsaxa dəstək" şüarı ilə mitinq təyin edilməsində birbaşa Rusiyanın marağı var. Hesab edirəm ki, burada müəyyən qədər Ermənistan iqtidarının da marağı mövcuddur. Mövcud hakimiyyət sülh sazişinin imzalanmasına xalqın qarşı olduğu görüntüsünü yaratmaqla müəyyən kənar təzyiqlərdən yayınmağa çalışır. Amma eyni zamanda keçiriləcək mitinqi Ermənistan daxili proseslərlə də əlaqələndirmək mümkündür. Burada kənar qüvvələrin, xüsusilə də Rusiya və İranın çox ciddi maraqları mövcuddur. Bu maraq uzlaşması İrəvanda mövcud hakimiyyətə təzyiqləri daha da gücləndirəcək. Çox təəssüf ki, bu proses, bu gedişat Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların sıfırlanmasına gətirib çıxaracaq, müzakirələrin yenidən sıfırdan başlanması zərurətini yaradacaq. Amma Qərb Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqda iddialıdır. Buna görə də Paşinyan hakimiyyətinə təzyiqlərin qarşısında duruş gətirməsi üçün dəstək verəcək".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ