İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvana olmayan inam – Şamaxıda İncilə əl basan imansız keşiş - ANALİZ

Ermənistan rəsmiləri sülh sazişinin imzalanması ilə bağlı məsələ üzərində manipulyasiya edirlər. Onlar elə təəssürat yaradır ki, guya rəsmi İrəvan bütün şərtləri yerinə yetirir, təkliflərə razılıq verir. Ermənistan bununla beynəlxalq, o cümlədən yerli ictimai rəyi Azərbaycana qarşı formalaşdırmağa səy göstərir.

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib ki, ölkəsi Azərbaycanla sülh yaratmağa çalışır, hesab edir ki, bütün mövcud və potensial çətinliklər danışıqlar masası arxasında həll oluna bilər.

Onun iddiasına əsasən, rəsmi İrəvan sülhün bərqərar olması məqsədi ilə var gücü ilə çalışır. Ermənistan prezidenti vurğulayıb ki, masada hazır sənəd var.

Vaaqn Xaçaturyandan 10 gün öncə ölkənin xarici işlər naziri Ararat Mirzoyan isə məntiqsiz və əsassız olaraq Azərbaycanı “konstruktiv olmamaqda” ittiham edib. Azərbaycana qarşı bir sıra cinayətlərdə təqsirli bilinənlərin “sərbəst buraxılmasını”, “silahlara nəzarət edilməsini” istəməklə saxtakarlığa yol verib.

Ermənistan Azərbaycanda silahlanmaya nəzarət edəcək axırıncı ölkə ola bilər. Çünki bu ölkənin işğalçı və təcavüzkar adı üstündədir. O, vaxtı ilə torpaqlarını işğal etdiyi Azərbaycanın hərbi potensialını müzakirə etməyə heç bir halda hüququ yoxdur. Müqayisə müəyyən mənada qüsurlu da olsa, İkinci dünya müharibəsindən sonra Şərqi Almaniyanın SSRİ-nin silahlanması üzərində nəzarəti nə dərəcədə məntiqidirsə, Mirzoyanın da bu iddiası o qədər ağlabatandır.

0e75a483-d140-3dc6-9fc4-941e4a0a.jpg (40 KB)

Onun Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə, dövlətçiliyinə qarşı cinayətlərdə ittiham olunanların sərbəst buraxılmasını istəməsi “humanist məsələdən” çox terrorçuluqda, başqa cinayətlərdə təqsirli bilinənləri müdafiə, məhkəmə prosesinə müdaxilə etmək cəhdidir.

Azərbaycanın şərtləri və istəkləri konkret, aydın, yerinə yetirilə bilən, məntiqi və əsaslıdır - Ermənistanın təcavüzkar konstitusiyasının dəyişdirilməsi, vətəndaşlıq hüququ zorla əlindən alınmış 300 minə yaxın qərbi azərbaycanlının tapdanmış, pozulmuş haqqının bərpası.

Bu şərtlərin reallaşması üçün yeni konstitusiya ilə bağlı referendum, repatriasiya haqqında qanuna 300 min azərbaycanlının vətəndaşlıq hüququnun təsbit edilməsi tərəflər arasında etimad mühitinin yaranmasına şərait yaradır.

Ermənistan indiyədək vaxtı ilə işğal altında saxladığı torpaqlarda basdırdığı minaların xəritəsini Azərbaycana təqdim etmək, habelə Zəngəzur yolunun açılması ilə bağlı məsələni uzatmaqla əldə edilən yazılı və şifahi razılaşmalara əməl etməyib.

a9a7a604-ef57-36aa-a4b4-14436bb0.jpg (84 KB)

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, martın 31-i saat 17:00-dan aprelin 1-i saat 04:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər və Gorus rayonlarının Zərkənd, Zod, Aşağı Şorca, Yuxarı Şorca, İstisu, Xanazax və Xəznəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Sadaladıqlarımız günümüzün reallıqlarıdır. İrəli sürülən təklif və şərtlərə əməl etməməsi, atəşkəsi pozması Ermənistana etibar edilməsini əngəlləyir.

Tarix də bunu təsdiqləyir.

7dbf0aa2-45a4-3aa9-9b5e-4978900c.jpg (227 KB)

Azərbaycan martın 31-də soyqırımı gününü qeyd edib. Bu, türklərə və dostlarına qarşı ermənilərin törətdiyi cinayətin ümumiləşdirilmiş tarixidir. Çünki 1918-ci ilin Novruz bayramı qabağı və ondan sonra Cənubi Azərbaycanın Salmas, Xoy, Urmiya, Maku, Muğan və başqa rayonlarında azərbaycanlılara qarşı soyqırımı törədilib.

Tarixdə ermənilərin törətdiyi vəhşilikləri təsəvvür etmək üçün həmin dövrdə təkcə Şamaxıda törədilən soyqırımını yada salmaq kifayət edər.

1918-ci ilin mart-aprel aylarında ermənilərin Şamaxı qəzasında azərbaycanlılara qarşı törətdikləri cinayət etnik təmizləmə idi.

Onda ermənilər tərəfindən qətlə yetirilmiş Şamaxı sakinlərinin Kələxana və Süleyman dərələrində dəfn edildiyi deyilir.

26 Bakı komissarının başçısı Stepan Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı palanlaşdırılan soyqırımına hazırlıq məqsədilə 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərindən başlayaraq gizli surətdə Şamaxıda yaşayan ermənilərə silah paylayıb. Həmin dövrdə Bakı Soveti tərəfindən 15 maşın silah, mart ayının ortalarında isə 60 maşın silah və iki min erməni əsgəri Şamaxıya göndərilib.

Şamaxıya daxil olan ermənilər şəhəri talan etmiş, az-çox salamat qalmış tikililəri yandırmışdılar. Şamaxıda ermənilərin törətdikləri cinayətlər xüsusi qəddarlıqla həyata keçirilib. Qətl edilənlərin qolları, qıçları, burunları, qulaqları kəsilib, gözləri çıxarılıb, qarınları yırtılıb, yandırılıb, işgəncə ilə öldürülüblər.

"Piran-Şirvan" məhəllələri tamamilə talan edilib, Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulub, şəhərin 13 məhəllə məscidi və məşhur Cümə məscidi yandırılıb.

Bəzi məlumatlara görə, həmin dövrdə Şamaxıda 40 minə qədər müsəlman öldürülüb.

10cc1b97-d0a6-3cb9-afda-7f637d3e.jpg (379 KB)

Şamaxıda böyük hörmət sahibi olan axund Cəfərquluya verilən olmazın işgəncə ermənilərin törətdiyi vəhşiliklərə örnək sayıla bilər. Ermənilər ona axund olduğu məsciddə dəhşətli əzab-əziyyət verərək, bu Allah bəndəsinin saqqalının tüklərini bir-bir yolmuş, dişlərini, gözlərini çıxarmış, qulaqlarını və burnunu kəsmiş, axunda sığınmış saysız-hesabsız qadın, uşaq və qocaları da öldürüblər.

Şamaxı qəzasının müsəlmanlar yaşayan təxminən 80 kəndinin taleyi də bu cür olub.

Ermənilər axund Cəfərqulunun Şamaxıda nüfuzundan xəbərdar idi. Başqa sakinlərə görk olmaq üçün onu belə işgəncə ilə öldürüblər.

Bu hadisədən əvvəl axundla erməni keşişi müsəlmanlarla ermənilərin bir-birinə qarşı savaşmayacaqlarına dair and-aman etmişlər. Onda axund Qurani-Kərimə, keşiş isə İncilə əl basaraq and içmişdi. Ancaq ermənilər bu andı pozaraq Şamaxı sakinlərinə qısaca olaraq bəhs etdiyimiz divanı tutmuşdular.

Bu, erməni xislətidir. Güclü olanda, havadarları qabaqda gedəndə türklərə düşmənlik edir, Xocalı, Şamaxı, Salmas, Xoy, Maku, Bakı və başqa bölgələrdə soyqırımı törədir, vəhşiliklər edirlər. Zəiflədikdə, asılı hala düşdükdə isə yazıqlaşır, aman diləyir, humanist, sülhsevər donu geyinirlər.

Ermənistan konstitusiyanın dəyişəcəyini vəd edir. Onun vədinə inanıb, sülh sazişini imzalamaq da olar. Ancaq bunlar İncilə əl basıb, azərbaycanlıların başının altına yastıq qoyan, “ayağının altına isə qumbara qoyandılar”. Ona görə də rəsmi İrəvanla danışıqlarda “şifahi razılaşma”, “sonra baxılar kimi” ifadələr yetərli sayılmır. Çünki onlar bu etimadı Şamaxıda, Qarabağda, Qubada, Bakıda, Gəncədə, Sumqayıtda, Cənubi Azərbaycanda, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla yanaşı əldə edilən şifahi razılığa əməl etməməklə çoxdan itiriblər.

Bu kimi tarixi hadisələr, çağdaş dövrün reallıqları, olayları ermənilərə “inanmaq olmaz”ı təsdiqləyir. Bunun əksini isə bu etnosun başçılarının, ideoloqlarının sübut etməsinin zamanıdır. Çünki Şamaxıda axundla imansız keşişin dövründəki and-aman bir tarix, bir göstəricidir.

Sədrəddin Soltan,
Report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR