İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan terrorçu mahiyyətini, İran isə əsl üzünü bir daha göstərdi - dünya onlarla sərt davranmasa...

Siyasi şərhçi: “Azərbaycanın da, Türkiyənin də əlində İrana təsir göstərmək üçün imkanlar var, Tehran bunu unutmamalıdır”

Ancaq sülh ümumbəşəri prinsip və bölgənin təhlükəsizliyi üçün alternativsiz olduğundan beynəlxalq ictimaiyyət onun təxribatlarına, yalanlarına uymaq, “inanmaq” əvəzinə rəsmi İrəvanı sülhə çağırmalı, buna məcbur etməlidir. Faktlar birmənalı şəkildə onu göstərir ki, rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir. Məkrli niyyətlərindən əl çəkmədikləri də göz önündədir. De-fakto Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Bölgədə sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. O da sirr deyil ki, uzun illər, onilliklər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Nəticədə sıravi erməni xalqı da əsrlər boyu bu nadan siyasətin qurbanı olub, indiki rəzil, səfil, bədbəxt duruma düşüb, Ermənistan müasir beynəlxalq münasibətlər sistemində “dalan dövləti”nə çevrilib.

Burada bir vacib məqamı da qeyd edək: Prezident İlham Əliyevin postmüharibə dövründə regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəklənməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycanın tərəfdaş ölkələrinin sayını artırmalıdır. Bu, günümüzün və reallıqların tələbidir!  Beynəlxalq ictimaiyyət, həmçinin qonşu dövlətlər sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalını yayan Ermənistan arasında seçim etməlidir: bir sıra ölkələr, xüsusən də İran, Fransa kimi dövlətlər terror mahiyyətli Ermənistana qahmar çıxmaqla, beynəlxalq hüquq, insan hüquq və azadlıqları prinsiplərinə qarşı getmiş olur. Halbuki, ortaya qoyulan faktlara əsaslanaraq, rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınmalıdır.

Rəsmi İrəvanın təxribatları həmçinin, regionda yeni münaqişə və terror aktları ehtimalını artırır. Bu cür situasiyada Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr faktiki olaraq regionun inkişafını istəməyən, terrora dəstək vermiş kimi görünən qüvvələrdir. Son günlər isə ermənilərin təxribatında hansı dövlətlərin maraqlı olması sualına aydınlıq gəlməyə başlayır. İrandan verilən ard-arda bəyanatlar, açıqlamalar təəssüf ki, bu ölkənin adını önə çıxarır. Terror mahiyyətli Ermənistan açıq şəkildə dəstəklənir.

AMİP-də yaxın günlərdə dəyişiklik olacaq - Əli Orucov

Əli Orucov

Siyasi şərhçi Əli Orucov bu barədə “Yeni Müsavat”a bildirdi ki, İran həmişə Azərbaycana münasibətdə qeyri-səmimi olub və ikili standartlarla yanaşıb, ikili oyun oynayıb. Bir tərəfdən İran Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir, sıx ticarət əlaqələri olan dövlətlərdəndir, digər tərəfdən də İran Azərbaycana qarşı düşmənçilik edən terror dövləti Ermənistana dəstək verib və bu gün açıq şəkildə dəstəkləyir. İran Azərbaycanın ərazi bütövlüyünü pozan, 30 ilə yaxın Azərbaycan torpaqlarını işğalda saxlayan, müsəlman əhaliyə qarşı qırğınlar törədən, azərbaycanlıları kütləvi deportasiya edən, məscidləri yandıran, məscidlərdə heyvan saxlayan Ermənistana bütün bunlara görə bir dəfə də olsun etiraz etməyib, irad belə bildirməyib. Əksinə, bu cür cinayətləri törədən bir ölkəni hər zaman müdafiə edib, bu ölkə üçün nəfəslik rolunu oynayıb, terroru dövlət siyasətinə çevirən bir dövlətin yanında olub və beləliklə, Ermənistanın cinayətlərinin davam etməsinə stimul vermiş olub: “Çox təəssüflər olsun ki, bu gün də Tehran rejimi həmişəki siyasətini davam etdirir. Regionda sülhün, təhlükəsizliyin bərqərar olmasına çalışmaq əvəzinə regionu müharibə alovuna bürümək yolunu seçən Ermənistanı bu gün də qızışdırmaq bütün regiona pislik etməkdir. İran çox təhlükəli oyun oynayır. Xüsusilə Azərbaycana münasibətdə çox təhlükəli oyun oynayır. Bu oyun İranın özü üçün çox böyük fəsadlar, problemlər yarada bilər. İran beynəlxalq aləm tərəfindən terroru dəstəkləyən bir dövlət kimi tanınır, hətta bu adla çağırılır. Belə bir durumda olan bir dövlət gərək qonşusundakı müsəlman dövlətləri Türkiyə və Azərbaycana münasibətdə həsas olsun, səmimi olsun. Ancaq bir görürük ki, Tehran bunun əksini edir. Beləliklə də əslində özünün zərərinə siyasət yürüdür. Tehran unutmamalıdır ki, artıq Azərbaycan müstəqilliyin ilk illərindəki Azərbaycan deyil. Elə Türkiyə də 30 il əvvəlki Türkiyə deyil. Hər iki türk dövləti regionda təsir gücünə malik mövqeyə sahibləniblər, hər iki dövlətin arasında hərbi müttəfiqlik əlaqələri rəsmiləşib. Azərbaycanın da, Türkiyənin də əlində İrana təsir göstərmək üçün imkanlar var. İstər iqtisadi, istər siyasi, istər milli, mədəni və digər məsələləri əhatə edən təsir imkanlarımız mövcuddur. Bu təsir imkanlarından istifadə etmək İranın çoxsaylı ciddi problemlərlə üz-üzə qalması demək olar. Tehran ən azından bunu nəzərə almalıdır. Azərbaycanı məcbur etməsinlər ki, əlində olan təsir rıçaqlarını istifadə etməyə başlasın. Biz istənilən vaxt 50 milyona yaxın Güney Azərbaycan türklərinə müraciətlər də edə və onlardan qardaş dəstəyi ala bilərik. Şərt deyil ki, bunu dövlət etsin, başqa formada da edilə bilər və bunun çox ciddi nəticələri olar”.

Ə.Orucov onu da dedi ki, İranın Azərbaycanda din pərdəsi altında casus şəbəkəsi var. Azərbaycanın müvafiq dövlət orqanları mütləq bu şəbəkəni tam nəzarətə götürüb onların zərərli fəaliyyətinə son qoymalıdır. İranın bu təsir rıçaqları kəsilməlidir. Onların böyüyüb ciddi problemlər meydana gətirməsini gözləmək qətiyyən olmaz: “Təcili olaraq xüsusi xidmət orqanları hərəkətə keçməlidir. Biz İranın Ermənistanı qızışdırmaq yox, Ermənistanı sülhə yönləndirmək siyasətini yürütməsi üçün İrana olan bütün təsir imkanlarımızdan yararlanmalıyıq”

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR